Dağ-dağa rast gələ bilməz, dağların tərpənməsi, titrəşməsi, rastlaşması zəlzələ deməkdi. Allah uzaq eləsin. Düzdü, müqəddəs kitablarda dağların hərəkətə gəlməsindən dəfələrlə söhbət açılır, ancaq bu nə dağların, nə bəndələrin kəramətindəndi, o əfsanələrdə ilahinin qüdrəti, fövqəlqüvvə ön plana çəkilir. Çox zaman dağların yarılması qiyamətlə əlaqələndirilir. Elm-texnika inkişaf elədikcə, adamlar ağıllarına gətirmədikləri ilə üz-üzə fikir yürüdürlər. Televiziya, elektron inofrmasiya vasitələri, internet dünya əhalisini bir-birinə doğmalaşdırıb. Ən azı məlumat baxımından… Avstraliyada yem sarıdan əziyyət çəkən kenqurular belə adi qonum-qonşu söz-söhbətinə çevrilib. Bunun yaxşı-pis tərəfini çək-çevir eləmək heç bir nəticə verməyəcək. İnformasiya rəngarəngliyi həyatın maraqlı keçməsiylə bahəm beynin yüklənməsinə də təsir göstərir. Hansı əfzəldi deyə bilmərəm, zövq məsələsində mübahisə yersizdi. Məsələn, mənim uşaqlıq dostum arvadı ilə ona görə qalda, qıy-qışqırıqdadı ki, kişi Şaron Stouna əməlli-başlı vurulub, təsadüfən ünlü aktrisanın çəkildiyi filmlərdən biri teleekranda göstərilən kimi evə qovğa düşür, axırda kiminsə üstünə təcili yardım həkimi gəlir. Əlbəttə, Şaron Stounla dostumun heç salaməleyki də olmayıb, burası gün təki aydındı, ancaq arvad onu elektron, efir məhəbbətinə də qısqanır. Əstəğfürullah, mən onun arvadının yerinə olsaydım, üstünü vurmazdım. Camaatın kişiləri günlərlə evdə tapılmır, gecə-gündüz eyş-işrətdə, barda, saunadadı. Bu yazığa uzaqdan-uzağa pərəstişi də çox görürlər. Amma özümüzük, iş pərəstiş sərhədini çoxdan keçmişdi, dostum da fağır, mağmın adam deyildi. Evdə sevdiyi aktrisa ilə «görüşmək» təhlükəliydi, iki gündən bir kinoteatra gedirdi. Məhəbbətin – əslində aşiqin – gözü kor olar. Ancaq canıyanmış Stoun da elə adına layiqdi.
Bunlar bir qırağa, kim kimi sevir, kimin evdə günü göy əskiyə bükülüb, qeybətdi, söhbət deyil. Təxminən bir il qabaq dostum bizə gələndə, üzə vurmasam da kefim pozuldu. İndi hərə öz ailəsini güclə saxlayır, bu da yenə başlayacaq ki, arvad belə dedi, mən belə dedim. Qalacam arada. Yaxşı ki, evdə heç kəs yox idi. Bizim arvad uşaqları götürüb aparmışdı dədəsigilə. Özlüyümdə fikirləşdim canım boğazıma yığılıb, bu dəfə də ailə söz-söhbətilə baş-beynimi aparsa açaacam sandığı, tökəcəm pambığı ki, evlənəndə məndən məsləhət almışdın, indi zəhləmi aparırsan? O sən, o da arvadın, yekə kişisən dedi-qodunu yığışdır, açıl başımdan…
Ancaq bu həna o hənadan deyilmiş, adi ər-arvad həngaməsini sicilləyib sizin vaxtınızı almağa dəyməzdi. İndisə özüm çəkilirəm kənara, dostumun söylədiklərini yaddaşımın imkan verdiyi tərzdə təkrarlayıram. Sadə təsvirlərdən də vaz keçirəm; nə bilim dostum yaman sınıxmışdı, rəng-ruhu avazımışdı və sair və ilaxır… Əsas onun mənə dedikləriydi…
* * *
- Günlərin birində yenə arvadla qovğamız düşdü, day çarəsini tapmışdım, yaxamı ələ vermirdim, tez çıxırdım aradan. Bu dəfə də kandardakı asılqandan pencəyimi götürüb əynimə keçirdim, tələsik evdən çıxdım. Fikrim vardı ki, sənə zəng vurum, görüşüb dərdləşək, boğazımızı yaşlayaq. Amma əlimi cibimə atanda gördüm mobil telefonumu evdə qoymuşam. Telefon köşkü axtara-axtara düşdüm yolun ağına. Ağır-ağır, vecsiz-vecsiz gəzişdikcə yüngülləşirdim, narın yağış hirsimi soyudur, əsəbilərimi sakitləşdirirdi. Hərdənbir veyillənməyin, elə məqsədsiz-filansız yeriməyin də xeyri var. Sağlamlıq-zad məsələsi öz yerində, söhbət ruhi sakitlikdən gedir. Gəzən ayağa daş dəyər. O daş adamı ayılda da bilər. Bir sözlə, xeyirliyə də aparar. Mənimsə ayağıma daş dəymədi, yolumun üstünə qara pişik çıxdı. Ağ xallı qara pişik… Daha doğrusu, az qala mən yazıq heyvanın üstünə çıxacaqdım, pişik yolumdan qaçmadı, elə fağır-fağır miyoldadı. Mən özümə gəlib ayağımın altına baxdım, ətrafa baxdım və gördüm ki, evdən bir xeyli aralanmışam, çoxmərtəbəli binalar arxada qalıb, xırda həyət evləri, gecəqondular tikilən məhəlləyə çatmışam. Bu məhəlləni te-tez televizorda göstərirdilər, köhnə, balaca evlərin yanında qaçqınlar gecəqondu tikirdilər, hökümət adamlarının da başı hay-küydən açılanda həmin evləri sökürdülər ki, qanunsuzdu. Nə isə, onlar tikirdi, bunlar sökürdü, jürnalistlər də material tapırdı. Qəribəydi, bizim binadan buracan payi-piyada gəlmək mənim işim deyildi, pir mənimdi, kəramətinə bələdəm. Həm də zənnimcə, küçəyə çıxdığım on-on beş dəqiqə ancaq olardı. Havadakı duman, çiskin camaatı qorxutmuşdu, nəydisə, ha boylansam da heç olmasa saatı soruşmağa bir adam tapmadım. Sanki yer üzündə bir qara pişik qalmışdı, bir də mən. Adətən gediş-gəlişli prospektdə maşınlar da şütüyüb eləmirdi. Şəhər yaz yuxusuna getmişdi. Deməli, bircə yolum qalırdı, pişiyin dalınca addımlayıb bu cansıxıcı sakitlikdən qurtulmaq. İş bundaydı ki, pişik asfalt səkini qoyub torpaq yolla bir-birinə oxşayan balaca gecəqondu evlərə sarı buruldu. Həm də qəfil yeyinlədi. Bəlkə də bu bir əlamət idi. Birdən mənə elə gəldi ki, qara pişiyi gözdən qoysam, gecəqondular yoxa çıxacaq, ümumiyyətlə, bir də heç vaxt bu qatı dumanlıqdan yaxa qurtara bilməyəcəm. İndi mənə gülməli görünür, amma onda əməlli-başlı vahimələndiyimdən addımlarımı yeyinlədib az qala qaça-qaça pişiyin dalınca götürüldüm. Ağlıma gəlmirdi ki, mən yeyinlədikcə, pişik də qorxudan qaçır. Cığır yaş və sürüşkən idi. Bir-iki dəfə büdrədim də. Əllərimi yerə qoyub dikəldiyimdən ovcum palçıqdı. Yeriyə-qaça gəlib gecəqonduların yanına yetişdim. Deyəsən, buralarda duman açılmışdı. Hə, eləydi, ətrafı, lap dəqiqi, gözümün qabağındakıları aydınca sezirdim. Pişik rəngi getmiş taxta qapının önündə dayanmışdı. Mən də çar-naçar pişiyin yanında. Özü də məndən çəkinib eləmirdi, qorxu-hürküsüz quyruğunu bulayıb əsnəyirdi. Yox, deyəsən hadisələr mənə gec çatırdı, mən baş verənləri gec qavrayırdım, beynimin siqnallarını gec qəbul eləyirdim. Qapı açlımışdı, qapının ağzında arıq, qarayanız kişi durmuşdu və yəqin ki, pişik sahibini gördüyündən ürəklənmişdi. «İlahi, mən bu maykalı kişini harda görmüşəm, niyə mənə tanış gəlir?».
- Heç yerdə görməmisən, - kişi xırıltılı səslə dillənib qapının ağzından çəkildi. – Keçin içəri.
Mən donuxub qaldım, kişi tüklü sinəsini qaşıya-qaşıya:
- Keçin, - təkrarladı. – Pişiyimin dostu mənim dostumdu. Adam tanıyandı, hər adamı evə gətirməz.
Qırımından bilmədim zarafat eləyir, ya ciddi danışır.
Pişik məndən qabağa düşdü. Əyilib qapıdan keçdim. Həyət-zad yox idi, qapıdan birbaşa mətbəxə girdim, ordan da otağa. Elə bilirdim «keçin» - söyləməklə hörmətini izhar eləyir, demə, mənnən pişiyə cəm halında deyirmiş.
Soyuq-soyuq və hökmlə:
- Otur! – deyib dəyirmi stolun arxasındakı kətili göstərəndə barmağımı dişləyib mütiliklə əyləşdim.
Balacaboy, xırdasümük kişisə otaqdan çıxıb mətbəxə oxşayan artırmaya çıxdı. Yan-yörəmə göz gəzdirdim. İnsan qanadsız quşdu, niyyətin hara, mənzilin ora, amma gör mən gəlib harda lövbər salmışam, pişiyin dalınca qaçanın yetişdiyi yer bundan yaxşı ola bilməz, ceyranın, cüyürün, ahunun ardınca gedənlər axırda xəzinələrə sahib olurlar. Di gəl, hələ peşmançılığa dəyməzdi, bayaqdan vaxtı öyrənməyə bəni-adəm gəzdirdim, dumanın arasında tənhalıqdan vahimələnmişdim. İndi stol arxasında oturmuşam, dördkünc otaqdakı televizor elə döşəməyə qoyulub, bayıra baxan pəncərənin çərçivəsinə vurulan mıxdan qara rəngli uzun plaş asılıb, o plaşı bayaqkı balaca kişi geyinsəydi, ətəkləri yerlə sürünərdi, deməli, burda ayrı adam da yaşayırdı. Ancaq çarpayı bir dənəydi, adi dəmir çarpayı… Çarpayının baş tərəfindəki, iri dolabçanın üsğündəsə kitablar qalaq-qalaqdı. Üst-üstə yığılmışdı. Vəssalam, otağın bər-bəzəyi bununla bitirdi. Yox, lənət şeytana, televizorun yanında iri, ağzı bağlı çamadan divara söykənmişdi. Hiss olunurdu ki, içi doludu, çünki çamadanın qırağından ağ-qırmızı dama-dama parça çıxmışdı, köynəydi, dəsmaldı, nəydi, bilinmirdi. Bir də başımın üstündə adi lampa yanırdı. Lampa yekəydi, işığı gurdu, məftili qısa olsa da, otaq alçaqdı deyən ayağa qalxsaydım başıma dəyərdi. Pəncərədə pərdə yoxdu, ancaq duman onu əvəz eləmişdi, bayır görsənmirdi. Bəlkə də içəridəki işığı söndürsəydim, eşikdə nə isə sezərdim. Divardakı suvağın üstünə xala xətrin qalmasın əhəng çəkilmişdi, döşəmənin taxtalarısa səliqə ilə vurulmuşdu, çəhrayı rəngi də göz oxşayırdı. Düzdü, bilinirdi ki, çoxdandı təmizlənmir, ancaq belə döşəməni yudun, dönüb olacaqdı xan ayaqaltısı. Axır ki, ev sahibi əlində ləyən, aftafa otağa girdi. Ləyəni yerə qoyub aftafanı müntəzir saxladı:
- Burda krant-zad yoxdu, - dedi. – Suyu həftədə bir dəfə pulnan alırıq. Yu əl-üzünü…
Yox, yazığın qabiliyyətinə söz ola bilməzdi. O, su tökdü, mən əllərimi yudum, kişi çiynindəyi tərtəmiz məhrəbanı mənə verib ləyəni yerdən götürdü və otaqdan çıxdı. Qulağıma şırıltı gəldi, deyəsən, ləyəndəki suyu həyətə əndərdi. Bu dəfə də içəri əlidolu girdi, qaynadılmış sosiskanı – qapaqsız qazandakı sosiskalardan buğ qalxırdı – çörəyi, pendiri, duzlu xiyar bankasını və araq butulkasını stola düzdü. Pəncərənin qabağına keçib qara plaşın sol çiynini pəncərənin sol tərəfindəki mıxa, sağ çiyninin sağ tərəfdəki mıxa keçirdi. Məsələ aydındı. Demə, qara plaş pərdə rolunu oynayırmış. Gəlib mənimlə üzbəüz kətildə əyləşmək istəyəndə, nədənsə dilimi dinc qoymadım. Nədənsə-zad yox, qəsdən istəyirdim o, üz vursun.
- Mən içən deyiləm.
Oturmayıb qalxdı:
- Stəkanlar yadımdan çıxıb, - əlində iki iri qədəh gətirə-gətirə: - Yalan danışma, - dedi. – Sən möhkəm vuransan. Özün də içməyə yoldaş axtarırdın, - bəzək-düzəksiz nöqtələyib taxta dalını kətilə basdı.
Dilim-dodağım təpidi, deyəsən, bu arıq, bu «Kaşşey», bu lüt özünü mənə tay qoyurdu axı. Dəli şeytan deyir, bunun qulağının dibinə birini ilişdir, yumbalansın həyətəcən. Bu kimdi gəlib oturmuşam önündə, mənə əmr-zad eləyir…
- Mən sənə əmr eləmirəm, - bic-bic gülümsündü. – Kaşşey nağılınldan da xoşum gəlir. Ancaq yadında saxla, öləri olmayan heç nə yoxdu. Daha doğrusu, var, amma bizlik deyil.
Bir anda hirsim-hikkəm soyudu, yazıq mənə pislik eləməmişdi ki! Əllərimi yumağa su gətirmişdi, qurulamağa təmiz dəsmal vermişdi – dəsmalı çarpayının üstünə atmışdım, tapdığından süfrəyə qoymuşdu. İndi yeyirsən ye, içirsən iç, istəmirsən dilinə heç nə vurma. Day qızışıb özündən çıxmaq nə üçün?
Maraqdan çox müsahibimin könlümü almaqdan ötrü:
- Bunları sən hardan bilirsən? – soruşdum.
- Mən çox şey bilirəm, - dedi.
Əl çəkmədim:
- Məsələn…
- Məsələn yuxarıdakılar mənə qulaq assa, mən Qarabağ məsələsini bircə günə həll eləyərəm. Vot tak…
Əlimi yellədim:
- Əşi, sən də lap müxalifətçilər kimi danışırsan. İndi çoxları belə deyir, konkret bir söz de.
- Hə, - azca fikrə gedib tavana baxdı və nəhayət, gözlərini üzümə dikib pıçıltıyla: - Mən sənin bütün işlərindən xəbərdaram, - dedi.
Mən də səsimi yavaşıdıb:
- Hansı işlərimdən? – xəbər aldım.
İki ayağını bir başmağa dirədi:
- Bütün işlərindən…
Tutduğumu buraxmadım:
- Məsələn…
- Məsələn, Şaron Stoun. Bəsindi… Vot-tak…
Boğazım qurudu, nə illah elədim səsim çıxmadı.
Süfrəyə işarə elədi:
- Çörək götür, boş şeydi hamısı, - araq butulkasının ağzını açıb qədəhləri doldurdu. Cadugərdi, ürəyoxuyandı, gələcəyigörəndi, falçıdı, nədi, bilmirəm, ancaq əlləri əməlli-başlı əsirdi. Butulkadan bir-iki damcı yerə də dağıldı. Aftafadan əlimə su tökəndə fikir verməmişdim.
Süfrədə çəngəl-qaşıq olmadığından sosiskanı əlimlə götürdüm, təzəcə dişləmişdim ki, qədəhi əlinə aldı:
- Vuraq?
- Yox, - dedim. – Əvvəlcə tanış olaq. Sən kimsən?
Yenə gülümsündü, qabaqdan iki dişi yox idi.
- Sənin dostunam.
- Necə yəni dostum, pişik məni təsadüfən bura gətirməsəydi heç üzümü də görməyəcəkdin.
Tamam ciddiləşdi:
- Təsadüfən heç nə baş vermir. Götür içək.
- Heç olmasa adını de.
Çiyinlərini çəkdi:
- Nə fərqi.
İndi fikir verdim, sinəsinə qartal şəkli döyülmüşdü. Maykasının cırığından sezdim. Qanadları maykanın altında qalsa da, dimdiyi çöldəydi. Amma qəfil çaşqınlaşdım, onun sinəsinə də olsa-olsa pişik şəkli döyülməliydi, qartalın sinəsində həmişəlik yuva salmağı qara pişiyə vəfasızlıqdı.
- Bəs səni necə çağırım?
- Elə dostum de.
Qabağımdakı qədəhi götürüb yan-yörəmə boylandım:
- Onda içək sənin pişiyinin sağlığına, - pişiksə gözümə dəymədi. – Hanı bəs?
- Çıxıb həyətə, evdə qərar tutmur. İç!
Mən arağı içdim. Bankadakı duzlu xiyarı elə əlimlə götürüb dişlədim. Sanki mənim qədəhi boşaltmağım onun çiyinlərindən ağır bir yük götürdü. Sevincək arağı başıma çəkib qədəhi yerə qoydu.
- Mənsə sənin sağlığına içdim.
Bilmirəm neçə butulka boşaltmışdıq, mən zülüm-zülüm ağlaya-ağlaya Şaron Stoun məsələsini danışanda. O isə filtrsiz siqareti yarıyacan ağzına soxub islatmışdı, diqqəti məndə olsa da arabir:
- Danışma, - deyirdi, - heç nə danışma, mən hər şeyi bilirəm, dostun sənə kömək eləyəcək, - və mırıq dişlərinin arasından tüstünü düz sifətimə üfürürdü.
Sonra oturduğu kətili apardı güncdəki televizorun yanına, televizoru qoydu kətilin üstünə, mənə də dedi ki, keç kravatda rahat əlyəş, istəyirsən uzan. İşığı söndürüb televizorun düyməsini basdı. Ekranda heç nə görünmədi, elə ağ-qara ziqzaqlı, qarmaqarışıq xətlərdi. Dostum otaqdan çıxdı ki, sən narahat olma, dirsəklən yastığa, ayaqlarını da uzat, televizora bax, dincəl, mən də çıxım bayıra, görüm bu pişik harda qaldı, həm də çay alım gəlirəm. Danışmağa halım olmasa da fikirləşdim dostum keflənib, heç nə göstərməyən televizorun nəyinə baxım? Göstərməyi cəhənnəm xırıltısı baş-beynimi xarab eləyirdi. Halım olsaydı da qımıldana bilməyəcəkdim, çünki kəlmələrin dilindən çıxmasıyla, bayırdan qapını örtməsi bir oldu. Mən çəkmələrimi çıxardıb çarpayıya uzandım. Dedim o gələnəcən bir az mürgüləyərəm. Ərinməsəydim, taqətim qalsaydı, qalxıb televizoru da keçirərdim. Bu saat mənim üçün ən qiymətli şey sakitlikdi. Hələ bir balaca dikəldim də. Guya güc-qüvvəmi yoxlayırdım, gedib televizoru keçirib qayıda bilərəm, ya yox, ora gedib qayıtmağa dəyər, dəyməz. Bəlkə ən salamatı xırıltıyla öyrəşməkdi, onu vecinə almamaqdı, yoxsa qaş qayıran yerdə vurub gözünü də çıxardaram; səntirləyib eləyərəm televizorun yanında, aşar yerə yanğın-zad baş verər, yazığın olan-qalan daxması külə dönər. Bu da bir səsin, bir xırıltının qiyməti… Amma səs, xırıltı kəsilmişdi, dikəlib gözümü ekrana zilləyəndə o da düz mənə baxırdı. O – Şaron Stoun. Ancaq xeyli cavandı. Ekran sehirli güzgüyə çevrilmişdi, istədiyimi, ürəyimdən keçəni rəngli göstərirdi. Əvvəl elə bildim hansısa kinoya baxıram, ancaq sonra gördüm kino-zad deyil, eyni kadr belə uzun ola bilməz. Tamaşaçılar yorular, bezikər. Mənsə günlərlə ona baxmaqdan usanmazdım. İri, yaraşıqlı evdəydi, arxadan halqavari pilləkən görünürdü, hər yan par-par parıldayırdı, lakin ən böyük parıltı, bütün parıltıların özəyi, mənşəyi onun gözlərində idi. Elə bil dostumun yarıqaranlıq otağı da işıqlanmışdı. Gözlərimi yumub açdım, açıb yumdum. Yox, yatıb eləməmişdim, ayıqlığıma zərrəcə şəkk-şübhəm yox idi. O isə gözlərini üzümə zilləməkdəydi, əynindəki paltarı kipdi, rəngi tünd olsa da bütün əzaları sezilirdi, dizindən çox yuxarıydı. İlahi, bəlkə hansısa sənədli filmdi bu. Aktrisanın həyatından sənədli film: Dodaqları aralanmasa da, gülümsünürdü. Boyun-boğazı açıqdı, üsğündə ziynət adına heç nə yox idi, amma ənlik-kirşanı yerli-yerindəydi. Sanki o da məni görürdü, mənə gülümsünürdü, mən ona baxdığım kimi, o da mənə baxırdı. Çünki ekrandan heç vaxt belə məhrəmlik, yaxınlıq, doğmalıq duymaq olmaz. Şübhəsiz, bunlar dostumun işiydi, onun barmağı vardı. Sağ olsun! Hökmən xəcalətindən çıxacaqdım, çünki işin bununla bitməyəcəyini elə bəri başdan qavrayırdım. İntəhası, deyəsən, nə isə yerində deyildi, nə isə çatmırdı. Zənnim məni aldada bilməzdi. Mən neçə illərdi onun çəkildiyi filmlərə baxıram, sayı-hesabı itirmişəm. Səhv eləyə bilmərəm. «Bu, o deyil,» - beynimdən keçirdim. «Düzdü, ancaq ondan qat-qat gözəldi. Yaxşı fikirləş, - yarıqaranlıq otağa anicə göz gəzdirsəm də, dostumu görmədim, lakin qulağıma onun səsi gəldiyi şəksizdi. – Vot tak»… - tak-mak başa düşmürdüm, əslində elə belə də olmalıydı,xırda adamlar böyükləri gec anlayırlar. Mənimsə vaxtım yox idi, geciksəydim ,ekrandakını itirəcəkdim.
«Elədi» - xəyalımdan keçirəndə ekrandakının dodaqları aralandı. Deyəsən, etirafım ona ləzzət eləmişdi.
«Nə gözlərini döyürsən, bir söz de, tanış ol», - deyəsən dostum özündən çıxırdı.
Çaşdığımdan sağ əlimi irəli uzatdım.
«Buna? Televizora?».
«Əşi, televizor nədi, sən ekrana fikir vermə, sıxılıb eləmə, tanış ol…».
«O məni eşidir?».
«Eşitmək azdı, görür. Məni biabır eləmə, əfəllərdən zəhləm gedir, aciz olma. Mən getdim. Vot tak».
Mən getdim o deməkdi ki, mən yanındaydım, daha məndən kömək gözləmə. Ən azı bu gün…
Ay canım, mən bu gözəllər-gözəlinə nə danışım, nədən başlayım? Əgər o, məni görürsə, çarpayıda uzanmaq ədəbsizlikdi. Dikəlib əyləşdim, ayaqlarımı çəkmələrimin üstünə qoydum.
- Mənə elə gəlir ki, ömrüm boyu səni axtarmışam, - dilim deyənlərə qulaqlarım inanmadı, demə, məndə şairlik varmış. Yeddimərtəbəli kəlmələri dilimə gətirdiyim həyatımda ilk dəfəydi. Yəqin burda da dostumun barmağı vardı. Amma o kəlmələri deyəndə, elə hadisə üz verdi ki, keflənməsəydim, sakit qavraya, rahat qəbul eləyə bilməyəcəkdim.
Mən cavab aldım:
- İndiyəcən belə gözəl sözlər eşitməmişdim.
Kəmsavad-zad deyiləm, elmin yaratdığı möcüzələrdən də az-maz xəbərdaram, telemost deyilən verilişlər də çoxdan populyarlaşıb. Di gəl, dostumun daxmasında yaşadıqlarıma heç bir ad qoymaq mümkün deyildi. Daha nələr danışdığımızı xırdalamayacam. Onu deyim ki, danışdıqca açılışırdım, guya hər şey təbii axarıyla gedirdi. Sözsüz araq öz işini görmüşdü.
«Müsahibim» təmiz Azərbaycan dilində danışırdı, söhbəti eşq-məhəbbət, intim, erotik yönə gətirirdi, yaşadığı evin otaqlarını göstərməkdən də çəkinmədi. Hətta iki-üç vanna otağını, hovuzu da göstərdi. Ancaq demək olmaz ki, elə zalım qızının fikri-zikri intim hisslərdi. Arabir sözarası fəlsəfədən, dindən, ədəbiyyatdan dərin biliyi olduğunu büruzə verirdi. Nə isə, demişdim ki, bu söhbətləri açıb ağartmayacam. Amma bir məsələni istər-istəməz deməliyəm. Sözarası soruşdum dostumu tanıyırsan? Gülümsündü ki, mən səni tanıyıram, sən mənim dostumsan, özünü yaxşı aparsan, gələn dəfə sənə yataq oğatımı göstərəcəm.
Deməli, bu günlə bitmirdi, gələn dəfə də olacaqdı, bəlkə bu görüş həqiqi eşq-məhəbbətə çevrilib əbədiyyən sürəcəkdi. Mən ölümsüzləşəcəkdim, qeyri-adi ömür sürən, ağlagəlməz varlıqlarla qarşılaşan ölümə də çarə tapacaqdı. Əsas ilk nöqtəni, Arximedsayağı dayaq nöqtəsini bulmaqdı, sonrakı addımlar intuitiv atılır və bir də görürsən ki, inanmadığın qapılar öz-özünə açıldı.
Söhbətimizin şirin yerində əlaqə kəsildi, yenə ekranda ağ-qara, ziqzaqlı, qarışıq xətlər göründü, yenə yeknəsəq xırıltı otağı başına götürdü. Qəflətən otaqdakı iri lampa da yandı. İşıq gözlərimi qamaşdırdığından əllərimlə üzümü tutdum, əlimi çəkəndəsə gördüm dostum önümdə, başımın üstündə dayanıb…
- Necədi? – bəzək-düzəksiz soruşdu.
- Çox qəşəngdi, - dedim, - adamın ağzının suyu axır.
Güldü pıqqıltı ilə:
- Amma inanmırdım Şaron olmadığını biləsən. Arifsən… Hansı yaxşıdı?
Elə soruşdu ki, guya birdən-ikidən Şaron Stounu həyatda görüb eləmişdim.
Ürəklə:
- Əlbəttə bu! – dedim və sanki yuxudan ayıldım. – Necə elyəirsən bunları?
Otaqda o baş-bu başa gəzişib susdu, qara pişik çarpayıya tullananda mən ayağa qalxıb pəncərənin önünə gəldim. Plaşı ehmalca çəkib bayıra baxdım. Qaranlıq düşmüşdü. Müsahibim sükutu pozmaq fikrində deyildi, əlimi televizorun üstünə sürtəndə olan-qala xırıltı da kəsildi. Süfrəni kim yığışdırmışdı bilmirəm, ancaq dairəvi stolun üstü tərtəmizdi.
- Bu necə olur? – təkrarladım.
Yaxına gəlib aşağıdan-yuxarı üzümə baxa-baxa qırışmış alnını ovxaladı, sonra da əlini tüklü yanaqlarına çəkib udqundu, deyəsən, məni necə anladacağını kəsdirmirdi, bilmirdi hardan başlasın.
- Necə deyim sənə… Uzun məsələdi, uzun prosesdi. Vot tak.., amma hər şeyin özəyi, mənbəyi sadədən sadədi… Tak… Fikrin, beynin imkanlarının hüdudsuzluğundadı sirr kimi qavradıqların… - qısaca ara verib davam elədi. – Gözlərini döymə, tezdi hələ sənə, dəryaya birdən-birə baş vursan batarsan. Əvvəlcə üzməyi öyrənmək lazımdı, - qımışıb köynəyinin döş cibindəki filtrsiz siqareti damağına qoydu. Yəqin sevinirdi ki, çıxış yolu tapıb, qır-saqqız olub yaxasından yapışsam, qaçacaq yeri var ki, hələ tezdi.
- Onda davam eləyək, - dedim.
Çaşdığından siqaretini alışdırmamış kibrit çöpünü söndürdü.
- Necə yəni?
Televizora işarə elədim:
- Yenə əlaqə yaradaq o canıyanmışla…
Qəhqəhə çəkdi, siqaret ağzından yerə düşdü. Mən onun qəfil dəlicəsinə güləcəyini gözləmirdim, ümumiyyətlə, belə sısqa adamın bu cür şaqraq gülə biləcəyi məntiqsizdi, lapdan qəhqəhə çəkdiyi kimi birdən-birə ciddiləşib siqareti döşəmədən götürdü, damağına qoyub kibrit çöpünü yandıranda balaca sir-sifətində – o dəm birdən ağlıma gəldi ki, onun başı mənim ovcuma əməlli-başlı sığışar, bədəninə yaraşmayan hikkəli bir zəhmi vardı, sanki yerin-göyün sahibiydi. Düz deyiblər ki, balacaboy adamın yarıdan çoxu yerin altında olur. Harası yerin altında-üstündə olsursa-olsun, hikkəsinə söz yox idi. İki ayağını dirədi bir başmağa ki, day qurtardı, mümkün deyil, dünya aləm bir ola, alınmaz. Qalsın sonraya. Qaçmırıq ki? Sən sağ, mən salamat! Haçan gəlsən, qapım üzünə açıqdı. Qapı-pəncərə söhbətinə yetişəndə payımı götürdüm ki, dostum üzüsulu nə demək istəyir. Məni ötürəndə söz verdi ki, darıxma, səbrli ol, inan mənə, məqdəsinə çatacaqsan. İntəhası, mənim məqsədim nəydi? Bilmirdim, çaşıb qalmışdım. Ancaq deyəsən o, hər şeyi hesablamışdı, ayrılanda dedi: «Evi səhv salsan, qorxma, pişiyim dadına çatar».
Kim inanar başıma gələnlərə, hə? Məşkəmədə-zadda deyiləm, kimisə inandırmaq fikrim yoxdu, heç səndən də kömək-filan ummuram. Sadəcə, ürəyimi boşaldıram. Dinməz-söyləməz qulaq asdığına görə çox sağ ol. Necə ki, qara pişiyin köməyinə ehtiyac olmadı. Ertəsi evi asanca tapdım. Hazırlıqlı gəlmişdim, yungülvari bazarlıq eləmişdim. Araq, kolbasa, pendir, çörək…
Amma aldığım arağı açmadı da:
- Uşaq başı aldatmaq üçündü o, - deyib mətbəxdən adi litrlik butulkada üstü yazısız-zadsız araq gətirib qoydu süfrəyə. – Budu qüş südü…
Yenə eynən birinci dəfəki hadisələr təkrarlandı, amma daha ürəklənmişdim, ekranda gördüyümlə təəccübsüz-heyrətsiz söhbət eləyirdim. Təkcə adını öyrənə bilmədim. Bu da ad məsələsində ayıq-sayıq, şəkk-şübhəli tərpəndi.
- Adımı neynirsən, nə fərqi, necə xoşuna gəlir çağır, - düz deyirdi, bu əsrarəngiz gözələ, bu sirli-sehrli səsin yiyəsinə nə ad versən, yaraşar.
Necə anladaydım ki, gecə onu yuxuda çılın-çılpaq görmüşəm, lakin nə illah eləmişəmsə, aramızdakı ensiz, dibinin yuvarlaq qəmbər daşları görünən çayı keçib ona yaxınlaşa bilməmişəm. O çayın suyu ayaqlarımı gizildədib, baş gicəldən gizilti birbaşa beynimə işləyib, gözümün qabağındakılar, ətrafımdakılar şəklini dəyişib, o biri sahildəki çılpaq gözəl də bədəni tüklü, iyrənc, bədheybət məxluqa çevrilib.
Bircə gün də ötürmürdüm, bir gün də ara vermirdim, işdən sonra bazarlıq eləyib dostumun evinə gəlirdim. İçki almasam da, menyünü rəngarəngləşdirmişdim. Mer-meyvə tədarükü də görürdüm. Öz evimə gecəyarısı gəlib çıxırdım. Arvadın donquldanmağı vecimə deyildi, qulağım dolmuşdu.
Evlənməişdən kino aktrisaları zəif damarım idi. O vaxtlar da bir aktrisadan ötrü hayıl-mayıldım, lakin günlərin birində həmin cazibədar qadının son filminə baxdım. İllər ötmüşdü, gözəllər gözəli nənə obrazını yaradırdı. Qadın gözəlliyi dünyanın özü kimi vəfasızdı. Zaman keçdikcə, dəyərini itirir. Düzdü, yeni-yeni gözəllər də xəlq olunur, ancaq bu, o cazibədarlıq deyil, aldadıcı, yəni köhnə qızıl, təzə qızıl, ləl, daş-qaş zamandan qiymətlidi, zamansa qadın gözəlliyinin cəlladıdı. Dövri gözəllik aldadıcıdı, fərdi gözəlliksə ötəri. Rəhmətlik Heraklit demişkən, bir çaya iki dəfə girmək olmaz. O filmə tamaşa eləyəndə bütün yaşı ötmüş qadınlara yazığım gəldi. Belədə kişilərin bəxti gətirib. Kişi meymundan bir az fərqlənsə, bəsidi. Bəlkə də bu kəlamı kişilər özlərini sığortalamaq üçün uydurublar. O şey ki, gəldi-gedərdi ardınca sürünməyə dəyməz. Tapsan da, itirəcəksən. Elə ən salamatı axtarmamaqdı. Amma kimə deyirsən, hardan biləydim ki, sonralar tərkrarən yeniyetməlikdə keçirdiyim xəstəliyə tuş gələcəm? Bilirdim ki, ekranda tanış olduğum aktrisa deyil, ancaq məhz həmin «tanışlıq»dan, təmasdan sonra mən Şaron Stoun havasını başımdan çıxartmışdım. Digər tərəfdən açıq-saçıq geyinən, hər dəfə söhbətlərində dağı- arana, aranı dağa qataraq dünyanın gərdişindən xəbərdarlığını büruzə verən gülərüz qadının xarici görünüşündən əlavə, ayrı-ayrı dövrlərdən danışdığı nağılabənzər maraqlı əhvalatları ilə ruhumu oxşayırdı. Haçansa mən onun çöhrəsini, simasını, sir-sifətini unuda bilərəm, söylədiklərisə qəbr evinəcən beynimdən-şüurumdan pozulmayacaq. Mən özümü Şəhriyar sayırdım, hər axşam yeyib içəndən sonra uzanıb yarıyuxulu-yarıyuxulu, yarıçılpaq gözəlin bir-birindən cəlbedici nağıllarını dinləyirdim. Dostumun daxması mənim sarayıma çevrilmişdi. Hayıf ki, mənə danışılanları heç kəsə söyləyə bilmərəm. Qorxuram. Fəhmən duyuram ki, danışmağa başlasam, eşitdiklərim beynimdən silinəcək. Necə ki, axıracan heç birinin – nə dostumun, nə ekrandakının – adını öyrənə bilmədim, mənə etibar olunanı faş eləməməliydim. Bəlkə bu bir sınaqdı? Bitməmişdi, fasilə verilmişdi, antraktdı. Haçansa yenə pərdə açılacaqdı.
Araq, cazibədar qadın görüntüsü və şirin nağıllar məni əməlli-başlı bihuş eləyib göyün yeddinci qatına qaldırmışdı, mən heysizləşmişdim, get-gedə həyatla, ətraf aləmlə əlaqəm zəifləyirdi, məzuniyyətə çıxmışdım ki, axşamlar yaşayacaqlarımın, eşidəcəklərimin havasına işdəki qayğılar qarışıb beynimdəki çəkisizliyi yükləməsin. Axı mən qanadlanmışdım. Yox, çaşdım, qanadsız quşdum, çəkisizlikdə uçana qanad nə gərək? Mən öz beynimin yüngüllüyündə, boşluğunda uçurdum. Ancaq ölümqabağı həyat eşqi insanı son kərə dirçəltdiyi təki mən də birdəfəlik ayrılmaq üçün ayılmalıymışam. Yoxsa çəkisizlikdə xaotik, ziqzaqlı uçmaqdan ləzzət alan birdən-birə yerə enib ayağını torpağa dirəyib qətiyyət göstərə bilməzdi. Bəlkə də qətiyyətim hər şeyi məhv elədi. Mənsə, əksini gözləyirdim. Elə bilirdim son dəfə ayaqlarımı yerə bərkdən vurmaqla birdəfəlik, həmişəlik sonsuzluğa qalxacam. Dostum da mat-məəttəl qalmışdı, ancaq bu gözlənilməzlik çaşqınlığına bənzəmirdi, içindəki tərəddüdün yaratdığı qeyri-müəyyənlikdi. Nə cavab verəcəyini kəsdirmədiyindən, süfrə başındaca karıxıb qalmışdı. Nəhayət, diqqətlə üzümə baxıb dodaqaltı:
- Necə yəni ekrandakıyla görüşmək istəyirəm? – seyrək qaşları çatıldı.
Mən də süfrədən əl götürdüm, onun çaşqınlığından, necə deyərlər, büdrəməyindən lap ciddiləşdirdim. Narahatdısa, deməli, işıq ucu vardı, durnanı gözündən vurmuşdum.
- Əməlli-başlı görüşmək istəyirəm. Lap elə burda…
- Hər gün görüşürsünüz də…
- Özünü keyliyə vurma, bilirsən nə deyirəm… Sən hər şeyi bacarmırsan? Yarat da bu işi… Nə qədər pul desən, verərəm.
Siqaret yandırıb kibriti stolun üstünə qoydu və fikirli-fikirli:
- Hər şeyi ancaq Allah bacarır, - siqaretini tüstülətdi. – Vot tak… İnsan müəyyən həddəcən gedə bilər…
- Belə söhbətlərin beynimə batmır. Məni konkret məsələ maraqlandırır. Kömək eləyəcəksən, ya yox?
- Qəti fikrindi?
- Lap qəti!
- Nahaq…
- Niyə?
- Peşman olacaqsan?
- Niyə? Həyatda kifirdi ki?
- Kim? – çiyinlərini çəkdi.
- Ekrandakı… - hələ ki, işə salınmayan televizora işarə elədim.
Gülümsündü, narahat-narahat:
- Əşi yox, onun məsələyə nə dəxli? Məni daha qəliz işlər düşündürür…
Oturduğum çarpayıda yelləndim. Dostumun iki kətili vardı. Mən çarpayıda oturmağı xoşlayırdım. Kefimi qaldıransa, onun narahatlığı, çaşbaşlığıydı. Deməli, mən də çox şeyə qadirmişəm. Adına öncəgörən, ekstrasens, maq, mən nə bilim nə deyilən bu boyda kişini – boy məsələsini açıb ağartmayım, burda bəxti gətirməmişdi – əməllicə dolaşdırmışam.
- Mən hazıram, pul-para sarıdan narahat olma…
Hövsələdən çıxıb yarımçıq siqaretini külqabıya basdı:
- Nə yapışmısan pul söhbətindən, pulda deyil məsələ, - səsini yavaşıtdı. – Kstati, sənə pul yox, hədiyyə lazım olacaq.
Diqqət kəsildim, dolayısıyla razılığını vermişdi.
- Nə hədiyyə?
Lap dərinə getdi:
- O qız bura gələndə hədiyyə verməlisən, ya yox?
- O hardan gələcək ki?
Əlini televizora uzatdı.
- Ordan.
- Nə bağışlamalıyam ona?
- Bahalı şey olmalıdı, - bic-bic məni süzdü. – Adına layiq…
Baxışlarındakı aşkar hiyləgərliyi duyduğum kimi yozdum. İstəyirdi ki, razılaşmayıb yarı yoldan qayıdım.
- Anamdan brilyant bilərzik qalıb. Qədim daşdı. Əl işidi. Qiyməti yoxdu. Şəhərdə elə şey tapmazsan. Qola da bağlamaq olar, boyuna da. Gətirib verərəm sənə…
- Mənə nə üçün, yaxasını kənara çəkdi. – Bağlayarsan sevgilinin boynuna.
Sevgili sözü məni tutsa da, üstünü vurmadım.
- Bəs sən?
Əlini yellədi:
- Mən heç, mənim dünya malında gözüm yoxdu, - yazıqlaşdı birdən-birə. Gözlərindəki bayaqkı bicliyi məsumluq əvəz elədi. – Ancaq bil ki, mən bu işin əleyhinyəm. Sən məni pis vəziyyətə qoyursan…
Nədənsə, o dəm elə bilirdim dünyada məndən qüdrətli adam yoxdu, müsahibimin fikirlərini də oxuyuram.
- Darıxma, - dedim vecsiz-vecsiz, – sənə də borclu qalmayacam.
Araya sükut çökdü. Mən çarpayıda otura-otura nəşəli-nəşəli yellənirdim.
Nəhayət, dostum pıçıltı ilə:
- Get evə, - dedi. – gərək mən hazırlaşım. Sabah gələrsən, - ah çəkdi. Hədiyyəni də gətirərsən, - səsi quyunun dibindən gəlirdi. – Get…
* * *
Həmin axşam aldıqlarıma əl vurmadıq. Yorğun-arğın evə gəldim. Heç nə yeməsəm də, iştahım yox idi. Day məndən sonra dostum neylədi, bilmirəm. Ancaq mən kəlləni atıb yatdım. Axır vaxtlar arvad uzuyola olmuşdu, deyinib-deyinib sakitləşmişdi, taleyi ilə barışmışdı deyən. Evimizdə atəşkəs sürsə də, ürəyim ağrıyırdı. Qarşı tərəfin sülhsevər missiyası – ədyal gətirib divanda üstümə atması- müharibənin yaxın zamanlarda başlamayacağını göstərirdi. Hələ üstəlik canıyanan səmimi qayğıkeşlik:
- Nə tez yatırsan, xəstə-zad deyilsən ki?
- Yox, - dedim, - yuxum gəlir.
Udqundu, yəqin demək istəyirdi ki, yuxun gəlir get yataq otağına, adam balası kimi soyun, gir yerinə. Amma dinmədi, işığı söndürüb səssiz-səmirsiz mürəxxəs oldu. Mən yuxu görürdüm, ancaq deyəsən, yatmamışdım, gözlərim açıq idi. Birdən-birə mürgülədiyim otaq dostumun mənzilinə çevrildi, gördüm ki, evimizdəki divanda yox, dostumun çarpayısında uzanmışam. Televizor döşəməyə qoyulduğundan baxışlarımı aşağı zilləmişəm. Ekrandasa həmin gözəldi, həmin nazənindi, intəhası, bir suyu dostuma yaman bənzəyirdi, lap dostum kimi qabaqdan iki dişi mırıqdı. Yox, əstəğfürullah, ekranda iki adamdı, daha doğrusu, gah dostum görünürdü, gah da gözəl qəhqəhə çəkirdi. Dostum əl-qolunu ölçə-ölçə filosofluq elyəirdi. Mən onun dediklərini başa düşmürdüm. Çünki xarici dildə danışırdı. Özü də bir neçə dildə… Nəhayət, ərəb dilinə keçəndə nə isə anladım. Şərqşünas olmağım köməyimə gəldi. Tərcüməsi təxminən belyədi: «O sözləri ki, həmişə söyləmək olar, dilindən çıxarmağa tələsmə…». Dostum ekrandan çəkiləndən sonra hardansa sinəmə bir əl uzanıb məni silkələdi, əl tüklü idi, meymun, ayı balası pəncəsinə bənzəyirdi, barmaqlar bir-birinə yapışmışdı, lap dəqiqi, barmaqlar bir-birinə pərdələnmişdi. İntəhası, tüklü əlin təması həlim və xeyirxahdı. Gözlərimi ekrandan çəkdim. Arvadım başımın üstündə dayanmışdı, yarıqaranlıq otaqda gözləri yaman parıldayırdı, əynindəki gecə köynəyinin bəyazlığı gözlərimin işığında əriyirdi.
- Dur, yerində rahat yat…
Mən divanın arxalığına çönüb inildədim.
- İstəmirəm, bura yaxşıdı…
Yataq otağına getməsəm də, ertəsi anamdan qalma bilərziyi götürüb dostumgilə getdim. Yaxşı bazarlıq eləmişdim, yeyib-içmək almışdım. Vaxt yetişirdi, vədə tamamdı, çox narahatdım. Zarafat deyildi, ağlasığmaz işlər görürdüm, yaxud ağlasığmaz işlərin şahidiydim. Hər şey ekrandan qəlibimə yol tapanla görüşümüzlə bitməyəcəkdi. Bu görüş mənim üçün dərkolunmaz qapılar açmalıydı. Bu göruş sınaqdı, imtahandı. Əsas sınaqdan alnıaçıq çıxmaqdı. Hərdənbir adamın beyninə elə şeylər girir ki, mənbəyini anlamır. Əminliyimin səbəbi də mənim üçün müəmma idi, sanki məni kənardan idarə eləyirdilər. Düzdü, deyirlər cəmi bəşər övladlarını kənar qüvvələr idarə eləyir, mənim şüurumasa bağlanan ilgəklər daha aydın sezilirdi.
Nə isə, gələk mətləb üstünə. Bu axşam əvvəlkilərdən heç nəylə fərqlənmirdi. Bircə süfrədəki yemək-içmək boldu. Onun da dibinə dostum daşı atdı. Elə bil neçə gündü acdı. O, yedikcə mən ürəyimdə heyfsilənirdim ki, qıza bir şey qalmayacaq. Axırda fikirləşdim ki, cəhənnəmə, təki görüşək, qızı restorana apararam, əməlli-başlı oturarıq. Bu iyli-qoxlu alçaq, darısqal otaqda nə var axı?.. Lakin heç yerə getməyə ehtiyac yox idi, dostum gözgörəsi qeybə çəkildi, yəni ədəb-ərkanla ayağa qalxıb qapıdan çıxmadı, elə oturduğu yerdəcə görünməz oldu və qəflətən işıq söndü. Televizor öz-özünə işləməyə başlayanda narahat-narahat çarpayıda qurcalandım. Deyəsən, çox içmişdim. Qeyri-ixtiyari əlimi pencəyimin astar cibinə soxdum. Bilərzik yerindəydi. Ekranda axtardığımı görəndə diqqət kəsildim. Doğrudan, o mənimlə görüşə tək gəlmirdi, olduğu məkanı gətirirdi, mən artıq dəmir çarpayıda yox, yumşaq divanda əyləşmişdim, oturmamışdım, əməmlli-başlı yayxanmışdım. Heç nədən sıxılıb-çəkinmirdim, gözümün önündəcə darısqal otağın şah sarayına çevrilməyini təbii hesab eləyirdim. Mən buna hazır idim. Anlayırdım ki, əks proses baş verib: o mənim görüşümə gəlməyib, mən onun hüzuruna getmişəm. Ətrafımdakı bər-bəzək, tavandakı iri çilçıraq məni zərrəcə heyrətləndirmirdi, çünki bu otaqlara, bu gözəlliyə bələd idim. Axtardığım bu evin ən xırda güşəsini belə mənə birər-birər göstərmişdi. Amma otaqdakı qoxu, həzin rayihə məni az qala bihuş eləyirdi. Sanki bütün çiçəklərin ətrini bir yerə toplayıb yan-yörəmə səpmişdilər. Yox, ətraf, yan-yörə boş söhbətdi, şahanə, əsrarəngiz qoxu Ondan gəlirdi, mənbəyi O, idi, Ondan yayılırdı hər yana. O, düz gözümün qabağında durmuşdu. Mən hay-küydən, gurultulu, dəbdəbəli sözlərdən uzaq adamam, lakin indinin özündə də yüz faiz əminəm ki, çilçıraq sönsəydi Onun gözlərinin işığı otaqdakı əşyaları sezməyə bəs eləyərdi. Gülmə, mən nağılçı, dastançı kimi danışıram, amma o dəm maraqdan ağzım açıq qalmışdı. «İlahi, mən bu qadını hardasa görmüşəm». Duşunub daşınmaq məqamı deyildi, gözlərimi Onun gözlərindən çəkib özünə yaxşı-yaxşı baxmalıydım. Ekran aldadıcı olur bəzən. Kifiri dünya gözəli kimi göstərir, yaxud əksinə. Mən baxdığımsa, ekrandan bu dərəcədə gözəl görünmürdü. Sövq-təbii ayağa durmuşdum, qabaq-qənşər dayanmışdıq. Məndən bir az hündür idi. Təkcə gözlərindən yox, sir-sifətindən nur axırdı, dodaqları azca aralanmışdı. Ayrı heç nə deməyəcəm, çünki beynim tormozlanmışdı, neyləyəcəyimi bilmirdim. Bircə bunu yadıma saldım ki, hədiyyəni verməliyəm. Bilərziyi əlim əsə-əsə güc-bəla ilə boyunbağı kimi Onun boğazına bağlayanda pıçıldadı:
- Sağ olun…
Dostum düz deyirmiş, istəklim alverçixasiyyətmiş, bir şey almasaydı danışmayacaqdı. Ağlıma girənlərdən cəsarətlənib Onun belindən yapışdım. O, məni yüngülcə itələdi:
-Tələsmə. Hələ vaxtımız çoxdu. Sən əyləş, mən içki gətirim.
Mən mütiliklə divana yayxandım. Həyasızlıq eləyib işləri korlamaq istəmirdim. Onsuz da O, mənim idi. “Sağ olsun dostum – fikirləşdim. – Hökmən onun xəcalətindən çıxacam”…
O, otaqdan çıxdı, amma onun gətirdiyi, yaxud gətirəcəyi içkidən dadıb xumarlanmaq mənə qismət olmadı. Çünki mən xumarlanmadım, mürgüləmədim, əməlli-başlı yatdım.
Oyanandasa, gördüm yataq otağımızdakı iri çarpayıdayam. Gün düz gözümə düşürdü. Saata baxdım, üç idi. Qalxıb geyindim. Vanna otağına girəndə arvadım mətəxdən boylandı:
- Necəsən?
- Başım ağrıyır, - dedim. – Niyə məni oyatmamısan?
Gülümsündü:
- Ürəyim gəlmədi. Elə şirin-şirin yatmışdın ki…
Axşamüstü dostumgilə gələndə gözlərimə inanmadım. Bir günün içində bütün gecəqonduları sökmüşdülər, əvvəllər hay-həşir qoparan qaçqınlar gözə dəymirdilər, hər yanı toz-torpaq bürümüşdü. İnsan adına bir buldozerçi qalmışdı. Onun da maşını nasazdı, deyəsən. Əl-ayağı qapqaraydı. Yaxına gəldim. Adamlar həqiqətən vəfasızmışlar. Bir günün içindəcə məskən saldıqları yeri qoyub dala baxmadan köçənlərə nə ad verəsən? Nə isə, məndən ötrü bu saat vəfa, sədaqət ona görə qiymətliydi ki, öz hayına qalmışdım.
- A kişi, niyə sökdüz buraları? - salam-kəlamsız xəbər aldım.
Kişi yaman acıqlı idi. Üzünün tərini qapqara əski ilə silib əskini maşının kabinəsinə tolazladı:
- Sən nə istəyirsən? Əcəb elədik, dedilər sökün, sökdük…
- Bəs qaçqınlar harda yaşayacaq?
- Cəhənnəmdə! Qoy hardan gəliblər, ora cəhənnəm olsunlar…
Söz yox mən ordakı qaçqınların hara köçürüldüyünü öyrəndim, gecəqondusu sökülüb yataqxanaya köçürülən qaçqınları tapdım, amma heç kəs dostumu tanımırdı. Nəm-nişanını deyirdim, evinin yerini göstərirdim, çiyinlərini çəkirdilər ki, biz hamımız eyni bölgədənik, tək bir-birimizə yox, yeddi arxa dönənimizə bələdik, sən deyən adam bizim aramızda yaşamayıb. Hələ ağsaqqal bir kişi deyirdi ki, sən çaşdırırsan oğlum, sənin nişan verdiyin yerdə bizim ailə daxma tikmişdi, yaxşı fikirləş…
Sonuncu dəfə gecəqondular sökülən yerə gedəndə gördüm zir-zibili təmizləyib torpağı düzləyirlər, ətrafı da hasarlayırlar ki, burda çoxmərtəbəli bina ucaldılacaq.
Qayıdanda qabağımdan qara pişik keçdi…
Qərəz, qaçqınların arasında gəzsəm də dostumu, mənzilimi ələk-ələk eləsəm də anamın bilərziyini tapmadım.
İndi qalırdı başıma gələnlərlə barışıb bilərziyin itməsini arvadıma anlatmaq.
Məlum məsələdi ki, arvad ağ bayraq qaldırmışdı, mən də sülh tərəfdarıydım. Ancaq sülhü möhkəmlətmək, inamı artırmaq lazımdı. Daha mənə olan olmuşdu.
Bir gün işdən tez qayıdıb:
- Geyin-gecin, - dedim. – Qonaqlığa gedirik.
Axır vaxtlar bir yerdə heç yana getməmişdik. Sevincək:
- Kim olacaq ki orda? – soruşdu.
- Heç kim, sənnən mən…
Mat-mat üzümə baxdı.
- Nə quruyub qalmısan, get geyin də, restorana aparacam səni…
Yanağımdan öpub tələsik otağına qaçanda arxasınca:
- Anamdanqalma bilərziyi də tax, - dedim. – Gərək bu gün formada olsan. Ancaq sən Allah, tez elə, mən balkonda siqaretimi çəkib qurtarınca hazır ol…
- Yaxşı, - çığırdı otaqdan.
Əvvəlki vaxtlar olsaydı, bəzənib-düzənməyi iki saat çəkəcəkdi. İndisə te-tələsik geyinib eyvana çıxdı. Yəqin qorxurdu fikrimdən daşınaram. Özündə-sözündə də deyildi, gözləri də dolmuşdu.
- Nöş ağlayırsan?
Çəkinə-çəkinə dedi:
- Bilərzik həmişəki yerində yoxdu… - dodaqlarını gəmirirdi.
Siqaretin kötüyünü aşağı tulladım.
- Bilirsən… - uyarlı, rəndələnmiş kəlmələr axtarırdım. Bilirsən…. Mənə pul lazım idi. Bilərziyi girov qoydum. Bilərzik… zad oldu… – başımı qaşıdım. – Batdı…. – Nəhayət, tamamladım və fikirləşdim ki, mərəkə qopsa, mən birdəfəlik gedəcəm, bir də heç vaxt evə qayıtmayacam.
Eşitdiklərinə inanmırdı:
- Axı o bilərzik sənin ananın yadigarıydı.
Çiyinlərimi çəkdim:
- Əbədi heç nə yoxdu. Demək, qismət beləymiş…
Araya sükut çökdü. Mən yaxına gəlib onun saçlarını sığalladım. Hələ də gözləyirdim fırtına qopacaq. Dillənmirdi, əlacsız-əlacsız karıxmışdı, yox, karıxmamışdı, köynəyinin yuxarıdakı düyməsini açırdı:
- Deməli, restorana-zada getmirik, bunlar hamısı oyundu? – sözləri robotsayağı kəlməbəkəlmə pıçıldadı.
Şükür Allaha, dalğa keçdi.
Onun belini qucaqladım.
- Niyə getmirik, oyun qurtardı.
* * *
Restoranda hər şey gözəldi. Süfrəmiz də boldu, bizə qulluq eləyən kəpənək qalstuklu ofisiant da mərifətliydi, bircə müğənni səsinin yoğun yerinə salıb baş-beynimizi aparırdı. Axırda müğənnini çağırıb cibinə pul basdım ki, yarım saat oxuma, qoy dərdləşək, oxusan, hesabı da vermədən durub gedəcəyik. Müğənni pərt olsa da, çar-naçar razılaşdı. O, gedəndən sonra özünü güclə saxlayan arvadım qəhqəhə çəkdi.
Yaxşı ki, müğənni əhvalatı baş verdi. Yoxsa yaman sıxılırdıq. Elə bil təzəcə tanış olmuşduq. Cəsarət üçün dalbadal bir-iki qədəh içdim də…
- Mən səni çox istəyirəm…
- Sağ ol…
- Mən səndən heç vaxt ayrılmayacam…
- …
- Biz gərək uşaq götürək.
Qızarıb gözlərini süfrəyə dikdi.
- Mən sənsiz yaşaya bilmərəm.
Üzümə baxıb kədərli-kədərli gülümsündu.
Mən əlimdəki çəngəli boşqaba qoyub maraqla, heyrətlə gözlərimi ona zillədim.
Arvadım ekrandakına oxşayırdı.
No comments:
Post a Comment