9.4.11

OĞRU

Bilmirəm ayın neçəsiydi, həftənin hansı günüydü, bazar günüydü bəlkə? Həmin günü yadıma salmağa çalışanda həqiqətən əzab çəkirəm, beynim uğuldayır, əsəbləşirəm öz-özümə. Huşsuz olduğuma görə danlayıram özümü. Heç nə mənə kömək eləmir. Təklikdə bütün qüvvəmi toplayıb, fikrimi çəmləşdirib nə vaxtsa yaşadığım bir günü yadıma salmağa cəhd göstərirəm. Anlayıram ki, hər şeyi xatırlamayınca rahat ola bilməyəcəm. Mənə ömrümün bir gününü tamamilə yada salmaq lazımdı. Olduğu kimi! Əminəm ki, həmin günü uzaqbaşı bir il əvvəl yaşamışam. Bir ildən çox ola bilməz. Lap dəqiqdi bu, çünki uzun illərin əhvalatı olsaydı - əgər buna əhvalat demək mümkündürsə - indiyədək əziyyət çəkməzdim.

Heç vaxt yaddaşımdan şikayət eləməmişəm. Mənim yaddaşım çoxlarını heyran qoyar. Lakin özünüz düşünün, neçə ay əvvəl yaşadığın günü yada salmaq o qədər da asan məsələ deyil. Ona görə ki, həmin gün bəlkə də adi gunlərdən biri olub. Nəzərə alsaq ki, günlərim bir-birinə bənzəyir, deməli, səhər və axşam baş vermiş hadisələri - başa vurduğum saatları desəm, daha düzgün olar - yada salmaq üçün o qədər də çətinə düşməli olmayacam. Səhər və axşamı qoyaq kənara. Fərz eləyək ki, günün bu hissəsi mənə məlumdu. Bəs günorta? Bax, əsas məsələ budu. Beynimin ağrısından yaxa qurtarmaq üçün həmin günortanı olduğu kimi xəyalımda canlandırmaqdan özgə çarəm yoxdu. Yoxsa, bələdəm özümə, vərdişimi də bilirəm, dərmanımı da, key kimi olacam. Yuxulu kimi gəzəcəm. Allah uzaq eləsin, küçələri keçəndə maşın-zad vurar adamı belə vəziyyətdə.
Nə isə... Əvvəlcə qeyri-müəyyən günün günortasında baş vermiş hadisələri quraq. Yada sala bilmədiyimiz xırdalıqların üstündən hələlik üstüörtülü keçək. Özülü qurandan sonra çatışmayan əyər-əskiyi düzəldərik. Deməli belə. Həmin gün günorta harda olmuşam? Bakının küçələrinin birində. Hansısa metro stansiyasının yaxınlığında. Bazar günü idimi? Hə, gərək ki. Boş-bekar küçədə dayanmışdımsa, deməli, bazar günüydü. Bəlkə hansısa bayram günüydü: mayın biri, yaxud noyabrın yeddisi. Yox, yox, noyabrın yeddisi ola bilməzdi. Yaxşı yadımdadı, hava isti idi, pençəksiz idim. Lap dəqiqi, qolsuz ağ köynəkdəydim. Bu o qədər də vacib deyil. Mətləbdən uzaqlaşıb fikrimi dağıtmamaq üçün fərz eləyirəm ki, bazar günüydü. Bazar günü, hansısa metro stansiyasının yaxınlığı... Aha… deyəsən, yaxınlıqda univermaq da vardı, ya univermaq yox, ərzaq mağazasıydı? Hər şeyi ardıçıl düzməyə cəhd göstərək. Günorta hansısa metro stansiyasının yaxınlığında, hansısa univermağın - ya ərzaq mağazasının - qabağında dayanmışdım. Küçədə ağ xalatlı cavan bir kişi mer-meyvə, bir də yemiş satırdı. Özü də birtəhər yemişdi; uzunsovdu, rəngi qırmızıya çalırdı. Düzünü desəm, ilk dəfəydi bu cür yemiş görürdüm. Növbə olmasa da, alan az deyildi.
Mən cavan kişinin budkasının arxasında dayanmışdım. Niyə? Elə-belə, lap sadəcə, hava istiydi, günəşdən gizlənirdim. Yaxşı, istirahət günü idisə, hava istiydisə, o iyi-qoxu baş gicəlləndirən min ildən qalma meyvələrin, ürəkbulandıran, qıcqırmış pomidorun yanını nə səbəbə kəsdirib durmuşdum? Başıma yer qəhət idi? Bazar deyildi ki, mer-meyvə ağız sulandıraydı. Çamaat elə yerdə bazarlıq eləyincə ödü ağzına gəlir, aldığını saf-çürük edib yarısını çölə tullayandan, qalan yarısını isti su ilə əməlli-başlı yuyub qurtarandan sonra rahat olur. Bəs sənə nə olmuşdu, nə ölümün vardı o iy-qoxun içində? Düşmənsən özünə? Hə, buna cavab verməkdə acizəm. Gərək ki, kimisə gözləyirdim, kiminləsə görüşməliydim. Kiminlə? Qısası, yadımdan çıxıb. Hələlik bunun üçün başımı ağrıtmayım. Ardını düşünək. Qapayıram gözlərimi...
Budkanın arxasında iki oğlan yemiş yeyirdi. Yamanca tərifləyirdilər. Yəqin ki, institut tələbələri idi, ya nəydisə, şəhər adamı deyildilər. Bunu danışıqlarından hiss elədim. Onlar mənə bir dilim yemiş uzatdılar. Almadım. Qabaq tərəfə keçdim ki, qoy rahatça işlərini görsünlər.
Bu dəm pomidor alan bir qarı deyindi:
-Qiymətdə aldadırsan, çəkidən kəsirsən, malın da yaman gündə. Vallah, bazardan almaq bundan sərfəlidi, - qarı zənbili götürdü və pulu satıcıya uzatdı.
Kişi pulu xalatın çibinə qoyub dedi:
-Sizə nə var ki! Siz ancaq bizi görürsüz, dəlləkləri, bir də taksi şoferlərini. Bizim sizdən aldığımız qəpiyi milyon bilirsiz. Başqaları nə oyun çıxarır, susursuz. Bizdən şikayət eləyirsiz. Ay yazıqlar, xəbəriniz yoxdu ki, yanına şikayətə getdiyiniz adamlar soyur dərinizi, yuxudasız hələ. Bizə oğru deyirsiz, onlara baş əyirsiz, qarı uzaqlaşandan sonra kişi deyəsən şeirfason bir kəlam işlətdi. - Qarğalar anbarları taladılar, uddular, bir buğda aparanda qarışqanı tutdular. -Buna bənzər misraydı yanılmıramsa.
Əgər başqaları ilə danışığını eşitməsəydim, inanmazdım ki, yaşı qırxdan çox olmayan bu xalatı kirli kişi həqiqətən satıcıdı. Ancaq kişi alıcıları yola saldıqca anladım ki, o, necə deyərlər, sənətinin ustasıdı. Kiminlə nə danışdığını gözəl bilir. Lazım gəldikdə səsini qaldırır, hərdən mədəni söyüş də söyür. Yeri düşəndə quzuya dönür, yazıqlaşır.
Budkanın böyründə, asfaltın üstündə dilənçi oturmuşdu. Məəttəl qalmışdım, necə otururdu yaşlı qadın günün altında? Qadının yanında oğlan uşağı oturub kürəyini budkaya söykəmişdi. Oğlanın on-on iki yaşı olardı, sağ qıçı dizdən yuxarı kəsilmişdi. Yəqin ki, qohum idilər, amma qətiyyən oxşarlıqları yox idi. Sakit, səssiz-səmirsiz oturmuşdular. Şəhərdə az qala tinbaşı rast gəldiyim dilənçilər kimi ucadan zəngulə vurub Allahın, peyğəmbərlərin adını çəkmirdilər. Sadəcə, qadın da, uşaq da yerdə oturub sağ əlini açmışdı. Qadının da, uşağın da üst-başından çirk axırdı. Allah bilir, neçə vaxtdı üz-gözlərinə su dəymirdn. Mənim qadından çox uşağa yazığım gəlirdi. Əlimi cibimə atdım. Bircə manat pulum var idi. Heyif!.. Həmişə dilənçiyə vermək üçün çibimdə xırda pul gəzdirərəm. Amma indi... Hər dilənçiyə bir manat versəm, çox keçməz özüm oturaram qıçıkəsik uşağın yanında. Ömrümdə birinci kərə pul vermədiyimə görə təəssüfləndim. Bir də fikirləşdim ki, görəsən, yemiş yeyən oğlanlar mənə təklif elədikləri dilimi iki addımlıqlarında oturan uşağa niyə vermədilər?
Yanımda ağ "QAZ-24" dayandı. Maşından yekəğarın kişi və göylənib-qızarmış cavan qadın düşdü. Kişi əlindəki açarla maşının qapısını bağlayıb qadına yanaşdı. Qadın onun qoluna girib sir-sifətini turşuda-turşuda dedi:
- Fu, nə pis iy gəlir. Görəsən, camaat bu zir-zibili neçə yeyir?
Kişinin nə cavab verdiyini eşitmədim, onların ardınca baxdım. Arxadan qol-qola girmiş müqəvvaya bənzəyirdilər. Ətrafa baxmadan, başlarını dik tutub yeriyirdilər və mənə elə gəldi Ki, əgər yollarının üstündə dilənçi otursa, ayaq altda qalar.
Birdən-birə kədərləndim, hər şeyə, hamıya yazığım gəldi. Mənə elə gəldi ki, hamı qəm-qüssə içərisindədir. Həyatda xoşbəxt adam yoxdu. Satıçı kişi də bədbəxtdi, yemiş yeyən oğlanlar da, burdan burnunu tuta-tuta keçən kişiylə göylənib-qızarmış qadın da. Bəs dilənçi qadınla uşaq? Nə deyim? Hamıya elə gəlir, ki, onlar bədbəxtlərin bədbəxtidir və bu, çaşdırır məni. Çox vaxt hamının xoşbəxt bildiyi adamı yaxından tanıyandan, sonra ona yazığın gəlir. Bəlkə burda da ilk görünüş aldadıçıdı?
Budur, uşaq oturub. Qoltuq ağaclarını yerə qoyub. Yayın istisində pencək geyinib. Köhnə pencək yırtıq-söküklə doludur. Uşaq çox cılızdı, arıqdı.
Hay-küy qalxmasaydı, xəyaldan ayrıla bilməyəcəkdim və Allah bilir, daha nələr fikirləşəcəkdim. Uşaq ayağa qalxıb, yemişlərdən birini götürüb metro staisiyasına tərəf qaçırdı, Bəli, bəli qaçırdı. Qoltuq ağaclarını yerə vura-vura, quçağında uzunsov yemiş, elə iti gedirdi ki, buna qaçmaq demək olardı. Satıçı kişi, onu qovurdu. Uşaq tez-tez arxaya baxırdı və mən nəfəsimi də çəkmədən düşünürdüm ki, o, indicə yıxılaçaq. "İlahi, ona kömək eləmək lazımdı. Satıcını saxlamaq lazımdı" - deyirdim ürəyimdə, amma sanki ayaqlarım yerə yapışmışdı. Tərpənmək nədi, heç qımıldanmırdım, cəhd göstərmirdim addım atmağa. Elə bil kimsə məni ovsunlayıb dayanmaq əmri vermişdi.
Uşaq qaçırdı.
Satıçı onu qovurdu.
Camaat tamaşa eləyirdi. Nə uşağı tutan vardı, nə də satıcının qabağını kəsən.
Mən uşağın üzünü geriyə baxanda görürdüm. Qorxu da vardı onun çöhrəsində, amma ən təəccüblüsü bu idi ki, qorxu ilə yanaşı təbəssüm də. Əvvəlki dalğınlıq yoxa çıxmışdı, sifətindəki dalğınlığı şıltaq təbəssüm əvəz eləmişdi. Uşaq təbəssümü. Ən qəribəsi də bu idi ki, onun gözləri gülürdü, elə bil təqib olunan adam deyildi, yaşıdları ilə oyun oynayırdı. Lakin onun gözlərindəki təbəssüm adamı dəhşətə gətirirdi. Mən bu vaxta qədər öz-özümə sual verirəm: "Görəsən, uşaq nəyə gülürdü?".
Dilənçi qadın ayağa qalxmışdı, ancaq yerindən tərpənmirdi. Deyəsən, o da mənim kimi gördüklərinə inanmırdı, quruyub qalmışdı. Döyükürdü, ətrafdakı adamlara baxırdı, dillənmirdi. Axır ki, satıçı uşağı tutdu. Yemişi uşaqdan aldı, uşağın başına bir qapaz ilişdirdi. Düzdü, yekə əllərinə görə çox yavaş vurdu qapazı və yemişi qoltuğuna vurub şəstlə budkasına tərəf addımladı. Kişi budkasına girib yemişi iri yeşiyin içinə, o biri yemişlərin arasına qoydu və burnunun altında danışa-danışa yerə tüpürdü:
- Zaraza zamanadı. Küçələr oğruynan doludu. Güllələmək lazımdı hamısını.
Yəqin ki, kişi mənə boşaldırdı ürəyini, çünki yaxında heç kəs yox idi. İndi həmən anı düşünəndə mat qalıram özümə. Sakitliyimə, soyuqqanlılığıma. Necə oldu ki, mən onun yaxasından yapışıb üzünə tüpürmədim, necə oldu ki, ağına-bozuna baxmayıb onu doyunca əzişdirmədim? Lakin noolsun? Elə bil ki, onu doyunca əzişdirib ağzının-burnunun qanını bir-birinə qatmışam, üzünə tüpürmüşəm. Nə mənası?
Necə bacardımsa, eləcə də yadıma saldım həmin hadisəni. İndi aydınlaşdırmaq lazımdı görək bu əhvalat harda baş verib. Hansı metro stansiyasının yaxınlığında, hansı univermağın, ya ərzaq mağazasının qabağında və hansı küçədə. Ümumiyyətlə, harda? Bunu nəyin bahasına olursa-olsun dəqiqləşdirməliyəm. Soruşursunuz nəyimə lazımdı? Doğrudanmı özünüz anlamırsınız? Yox, yox, satıcı ilə hesabı çürütmək nəyimə gərək? Bazardan uşaq üçün yemiş alacam.

1989

Davamı