Showing posts with label Hekayələr. Show all posts
Showing posts with label Hekayələr. Show all posts

9.4.11

OĞRU

Bilmirəm ayın neçəsiydi, həftənin hansı günüydü, bazar günüydü bəlkə? Həmin günü yadıma salmağa çalışanda həqiqətən əzab çəkirəm, beynim uğuldayır, əsəbləşirəm öz-özümə. Huşsuz olduğuma görə danlayıram özümü. Heç nə mənə kömək eləmir. Təklikdə bütün qüvvəmi toplayıb, fikrimi çəmləşdirib nə vaxtsa yaşadığım bir günü yadıma salmağa cəhd göstərirəm. Anlayıram ki, hər şeyi xatırlamayınca rahat ola bilməyəcəm. Mənə ömrümün bir gününü tamamilə yada salmaq lazımdı. Olduğu kimi! Əminəm ki, həmin günü uzaqbaşı bir il əvvəl yaşamışam. Bir ildən çox ola bilməz. Lap dəqiqdi bu, çünki uzun illərin əhvalatı olsaydı - əgər buna əhvalat demək mümkündürsə - indiyədək əziyyət çəkməzdim.

Heç vaxt yaddaşımdan şikayət eləməmişəm. Mənim yaddaşım çoxlarını heyran qoyar. Lakin özünüz düşünün, neçə ay əvvəl yaşadığın günü yada salmaq o qədər da asan məsələ deyil. Ona görə ki, həmin gün bəlkə də adi gunlərdən biri olub. Nəzərə alsaq ki, günlərim bir-birinə bənzəyir, deməli, səhər və axşam baş vermiş hadisələri - başa vurduğum saatları desəm, daha düzgün olar - yada salmaq üçün o qədər də çətinə düşməli olmayacam. Səhər və axşamı qoyaq kənara. Fərz eləyək ki, günün bu hissəsi mənə məlumdu. Bəs günorta? Bax, əsas məsələ budu. Beynimin ağrısından yaxa qurtarmaq üçün həmin günortanı olduğu kimi xəyalımda canlandırmaqdan özgə çarəm yoxdu. Yoxsa, bələdəm özümə, vərdişimi də bilirəm, dərmanımı da, key kimi olacam. Yuxulu kimi gəzəcəm. Allah uzaq eləsin, küçələri keçəndə maşın-zad vurar adamı belə vəziyyətdə.
Nə isə... Əvvəlcə qeyri-müəyyən günün günortasında baş vermiş hadisələri quraq. Yada sala bilmədiyimiz xırdalıqların üstündən hələlik üstüörtülü keçək. Özülü qurandan sonra çatışmayan əyər-əskiyi düzəldərik. Deməli belə. Həmin gün günorta harda olmuşam? Bakının küçələrinin birində. Hansısa metro stansiyasının yaxınlığında. Bazar günü idimi? Hə, gərək ki. Boş-bekar küçədə dayanmışdımsa, deməli, bazar günüydü. Bəlkə hansısa bayram günüydü: mayın biri, yaxud noyabrın yeddisi. Yox, yox, noyabrın yeddisi ola bilməzdi. Yaxşı yadımdadı, hava isti idi, pençəksiz idim. Lap dəqiqi, qolsuz ağ köynəkdəydim. Bu o qədər də vacib deyil. Mətləbdən uzaqlaşıb fikrimi dağıtmamaq üçün fərz eləyirəm ki, bazar günüydü. Bazar günü, hansısa metro stansiyasının yaxınlığı... Aha… deyəsən, yaxınlıqda univermaq da vardı, ya univermaq yox, ərzaq mağazasıydı? Hər şeyi ardıçıl düzməyə cəhd göstərək. Günorta hansısa metro stansiyasının yaxınlığında, hansısa univermağın - ya ərzaq mağazasının - qabağında dayanmışdım. Küçədə ağ xalatlı cavan bir kişi mer-meyvə, bir də yemiş satırdı. Özü də birtəhər yemişdi; uzunsovdu, rəngi qırmızıya çalırdı. Düzünü desəm, ilk dəfəydi bu cür yemiş görürdüm. Növbə olmasa da, alan az deyildi.
Mən cavan kişinin budkasının arxasında dayanmışdım. Niyə? Elə-belə, lap sadəcə, hava istiydi, günəşdən gizlənirdim. Yaxşı, istirahət günü idisə, hava istiydisə, o iyi-qoxu baş gicəlləndirən min ildən qalma meyvələrin, ürəkbulandıran, qıcqırmış pomidorun yanını nə səbəbə kəsdirib durmuşdum? Başıma yer qəhət idi? Bazar deyildi ki, mer-meyvə ağız sulandıraydı. Çamaat elə yerdə bazarlıq eləyincə ödü ağzına gəlir, aldığını saf-çürük edib yarısını çölə tullayandan, qalan yarısını isti su ilə əməlli-başlı yuyub qurtarandan sonra rahat olur. Bəs sənə nə olmuşdu, nə ölümün vardı o iy-qoxun içində? Düşmənsən özünə? Hə, buna cavab verməkdə acizəm. Gərək ki, kimisə gözləyirdim, kiminləsə görüşməliydim. Kiminlə? Qısası, yadımdan çıxıb. Hələlik bunun üçün başımı ağrıtmayım. Ardını düşünək. Qapayıram gözlərimi...
Budkanın arxasında iki oğlan yemiş yeyirdi. Yamanca tərifləyirdilər. Yəqin ki, institut tələbələri idi, ya nəydisə, şəhər adamı deyildilər. Bunu danışıqlarından hiss elədim. Onlar mənə bir dilim yemiş uzatdılar. Almadım. Qabaq tərəfə keçdim ki, qoy rahatça işlərini görsünlər.
Bu dəm pomidor alan bir qarı deyindi:
-Qiymətdə aldadırsan, çəkidən kəsirsən, malın da yaman gündə. Vallah, bazardan almaq bundan sərfəlidi, - qarı zənbili götürdü və pulu satıcıya uzatdı.
Kişi pulu xalatın çibinə qoyub dedi:
-Sizə nə var ki! Siz ancaq bizi görürsüz, dəlləkləri, bir də taksi şoferlərini. Bizim sizdən aldığımız qəpiyi milyon bilirsiz. Başqaları nə oyun çıxarır, susursuz. Bizdən şikayət eləyirsiz. Ay yazıqlar, xəbəriniz yoxdu ki, yanına şikayətə getdiyiniz adamlar soyur dərinizi, yuxudasız hələ. Bizə oğru deyirsiz, onlara baş əyirsiz, qarı uzaqlaşandan sonra kişi deyəsən şeirfason bir kəlam işlətdi. - Qarğalar anbarları taladılar, uddular, bir buğda aparanda qarışqanı tutdular. -Buna bənzər misraydı yanılmıramsa.
Əgər başqaları ilə danışığını eşitməsəydim, inanmazdım ki, yaşı qırxdan çox olmayan bu xalatı kirli kişi həqiqətən satıcıdı. Ancaq kişi alıcıları yola saldıqca anladım ki, o, necə deyərlər, sənətinin ustasıdı. Kiminlə nə danışdığını gözəl bilir. Lazım gəldikdə səsini qaldırır, hərdən mədəni söyüş də söyür. Yeri düşəndə quzuya dönür, yazıqlaşır.
Budkanın böyründə, asfaltın üstündə dilənçi oturmuşdu. Məəttəl qalmışdım, necə otururdu yaşlı qadın günün altında? Qadının yanında oğlan uşağı oturub kürəyini budkaya söykəmişdi. Oğlanın on-on iki yaşı olardı, sağ qıçı dizdən yuxarı kəsilmişdi. Yəqin ki, qohum idilər, amma qətiyyən oxşarlıqları yox idi. Sakit, səssiz-səmirsiz oturmuşdular. Şəhərdə az qala tinbaşı rast gəldiyim dilənçilər kimi ucadan zəngulə vurub Allahın, peyğəmbərlərin adını çəkmirdilər. Sadəcə, qadın da, uşaq da yerdə oturub sağ əlini açmışdı. Qadının da, uşağın da üst-başından çirk axırdı. Allah bilir, neçə vaxtdı üz-gözlərinə su dəymirdn. Mənim qadından çox uşağa yazığım gəlirdi. Əlimi cibimə atdım. Bircə manat pulum var idi. Heyif!.. Həmişə dilənçiyə vermək üçün çibimdə xırda pul gəzdirərəm. Amma indi... Hər dilənçiyə bir manat versəm, çox keçməz özüm oturaram qıçıkəsik uşağın yanında. Ömrümdə birinci kərə pul vermədiyimə görə təəssüfləndim. Bir də fikirləşdim ki, görəsən, yemiş yeyən oğlanlar mənə təklif elədikləri dilimi iki addımlıqlarında oturan uşağa niyə vermədilər?
Yanımda ağ "QAZ-24" dayandı. Maşından yekəğarın kişi və göylənib-qızarmış cavan qadın düşdü. Kişi əlindəki açarla maşının qapısını bağlayıb qadına yanaşdı. Qadın onun qoluna girib sir-sifətini turşuda-turşuda dedi:
- Fu, nə pis iy gəlir. Görəsən, camaat bu zir-zibili neçə yeyir?
Kişinin nə cavab verdiyini eşitmədim, onların ardınca baxdım. Arxadan qol-qola girmiş müqəvvaya bənzəyirdilər. Ətrafa baxmadan, başlarını dik tutub yeriyirdilər və mənə elə gəldi Ki, əgər yollarının üstündə dilənçi otursa, ayaq altda qalar.
Birdən-birə kədərləndim, hər şeyə, hamıya yazığım gəldi. Mənə elə gəldi ki, hamı qəm-qüssə içərisindədir. Həyatda xoşbəxt adam yoxdu. Satıçı kişi də bədbəxtdi, yemiş yeyən oğlanlar da, burdan burnunu tuta-tuta keçən kişiylə göylənib-qızarmış qadın da. Bəs dilənçi qadınla uşaq? Nə deyim? Hamıya elə gəlir, ki, onlar bədbəxtlərin bədbəxtidir və bu, çaşdırır məni. Çox vaxt hamının xoşbəxt bildiyi adamı yaxından tanıyandan, sonra ona yazığın gəlir. Bəlkə burda da ilk görünüş aldadıçıdı?
Budur, uşaq oturub. Qoltuq ağaclarını yerə qoyub. Yayın istisində pencək geyinib. Köhnə pencək yırtıq-söküklə doludur. Uşaq çox cılızdı, arıqdı.
Hay-küy qalxmasaydı, xəyaldan ayrıla bilməyəcəkdim və Allah bilir, daha nələr fikirləşəcəkdim. Uşaq ayağa qalxıb, yemişlərdən birini götürüb metro staisiyasına tərəf qaçırdı, Bəli, bəli qaçırdı. Qoltuq ağaclarını yerə vura-vura, quçağında uzunsov yemiş, elə iti gedirdi ki, buna qaçmaq demək olardı. Satıçı kişi, onu qovurdu. Uşaq tez-tez arxaya baxırdı və mən nəfəsimi də çəkmədən düşünürdüm ki, o, indicə yıxılaçaq. "İlahi, ona kömək eləmək lazımdı. Satıcını saxlamaq lazımdı" - deyirdim ürəyimdə, amma sanki ayaqlarım yerə yapışmışdı. Tərpənmək nədi, heç qımıldanmırdım, cəhd göstərmirdim addım atmağa. Elə bil kimsə məni ovsunlayıb dayanmaq əmri vermişdi.
Uşaq qaçırdı.
Satıçı onu qovurdu.
Camaat tamaşa eləyirdi. Nə uşağı tutan vardı, nə də satıcının qabağını kəsən.
Mən uşağın üzünü geriyə baxanda görürdüm. Qorxu da vardı onun çöhrəsində, amma ən təəccüblüsü bu idi ki, qorxu ilə yanaşı təbəssüm də. Əvvəlki dalğınlıq yoxa çıxmışdı, sifətindəki dalğınlığı şıltaq təbəssüm əvəz eləmişdi. Uşaq təbəssümü. Ən qəribəsi də bu idi ki, onun gözləri gülürdü, elə bil təqib olunan adam deyildi, yaşıdları ilə oyun oynayırdı. Lakin onun gözlərindəki təbəssüm adamı dəhşətə gətirirdi. Mən bu vaxta qədər öz-özümə sual verirəm: "Görəsən, uşaq nəyə gülürdü?".
Dilənçi qadın ayağa qalxmışdı, ancaq yerindən tərpənmirdi. Deyəsən, o da mənim kimi gördüklərinə inanmırdı, quruyub qalmışdı. Döyükürdü, ətrafdakı adamlara baxırdı, dillənmirdi. Axır ki, satıçı uşağı tutdu. Yemişi uşaqdan aldı, uşağın başına bir qapaz ilişdirdi. Düzdü, yekə əllərinə görə çox yavaş vurdu qapazı və yemişi qoltuğuna vurub şəstlə budkasına tərəf addımladı. Kişi budkasına girib yemişi iri yeşiyin içinə, o biri yemişlərin arasına qoydu və burnunun altında danışa-danışa yerə tüpürdü:
- Zaraza zamanadı. Küçələr oğruynan doludu. Güllələmək lazımdı hamısını.
Yəqin ki, kişi mənə boşaldırdı ürəyini, çünki yaxında heç kəs yox idi. İndi həmən anı düşünəndə mat qalıram özümə. Sakitliyimə, soyuqqanlılığıma. Necə oldu ki, mən onun yaxasından yapışıb üzünə tüpürmədim, necə oldu ki, ağına-bozuna baxmayıb onu doyunca əzişdirmədim? Lakin noolsun? Elə bil ki, onu doyunca əzişdirib ağzının-burnunun qanını bir-birinə qatmışam, üzünə tüpürmüşəm. Nə mənası?
Necə bacardımsa, eləcə də yadıma saldım həmin hadisəni. İndi aydınlaşdırmaq lazımdı görək bu əhvalat harda baş verib. Hansı metro stansiyasının yaxınlığında, hansı univermağın, ya ərzaq mağazasının qabağında və hansı küçədə. Ümumiyyətlə, harda? Bunu nəyin bahasına olursa-olsun dəqiqləşdirməliyəm. Soruşursunuz nəyimə lazımdı? Doğrudanmı özünüz anlamırsınız? Yox, yox, satıcı ilə hesabı çürütmək nəyimə gərək? Bazardan uşaq üçün yemiş alacam.

1989

Davamı

17.1.11

AĞIR SƏFƏR

Atam öləndə bibim qırx gün bizdə qaldı ki, fikrim dağılsın. O vaxt bibimin qalmağı məni az-çox ovundurdu. Gözümə yuxu getməyəndə baş-başa verib sübhəcən dərdləşərdik. Özümü yalqız, kimsəsiz, köməksiz hesab elədiyimdən bibimin söhbətləri mənə şirin gəlirdı. Bir axşam bibim yenə namazını qılıb qurtaranacan mən bir siqaret çəkdim. Stulda qurcalanıb yuxarıdan aşağı bibimə baxdım. Qarı da gözlərini üzümə dikdi. Nə isə demək istədiyimi anlamışdı. Allah şeytana lənət eləsin, bibimi çaş-baş salmaq fikrinə düşmüşdüm. Özü də din-iman məsələsində...
— Ay bibi, görəsən o dünya var?
Qarı qətiyyətlə başını elə tərpətdi ki, guya o dünyaya metro çəkmişdilər, bibim də o metro ilə neçə kərə o baş-bu başa gedib qayıtmışdı:
— Həlbət ki, var!..
— Hardan bilirsən?

Bibim karıxıb deməyə söz tapmamalıydı. Həqiqətən, başım xarabdı mənim! Qarını çətinə salmaq nəyimə gərəkdi? Bu sayaq suallarla təkcə bibimi yox, kimi desən çaşdımıaq mümkündü, "toyuq əvvəl olub, yoxsa yumurta?" — orta məktəb illərində ən çox baş sındırdığımız məsələydi. Amma bibim nə orta məktəb şagırdiydi, nə də hər qaranlıqdan qorxub geri çəkiləndi. Qarının xırda gözlərinin iriləşib işıldamağından özümü yığışdırdım. Səsiqarışıq bütün sir-sifətini heyrət bürümüşdü.
— Nə danışırsan, bala, Quran yalan deyəcək?..
Susdum. Araya sakitlik çökdü. Pərtliyimi gizlədib bibimin könlünü almaq üçün ağ bayrağı qaldırdım:
— Ay bibi, ölümdən qorxursan?
Cavab aydın idi, o dünyäya sidq-ürəklə inanan ölümdən zərrəcə qorxmamalıydı.
— Hə, ay bala, - bibimsə köksünü ötürdü. — Ölüm ağır səfərdi...

***
Doqquz il sonra yenə dilxor-dilxor kəndə qayıdırdım. Gecə zəngi bir yox, birdən-birə iki bəd xəbərlə yuxuma haram qatmışdi:
— Əmin ölüb, bibin də can üstədi...
Səs tanış gəlirdi, intəhası, bilmədım zəng eləyən kimdi. O yazıq da yəqin özünü itirdiyindən, xoş-beşsiz, hal-əhvalsız sözünü deyib dəstəyi qoymuşdu yerə.
Əmimin yasında gözüm bibimi axtarırdı. Elə bil yumşaq yerimə tikan batmışdı. Ölən ölüb gedib. Əsas üzü bəridə olandı. Di gəl, heç kəs bıbimdən danışmırdı, bibim yada düşmürdü, baş qarışmışdı.
Bibim oğlundan soruşdum:
— Bibim necədi?
Bibim oğlu lap qaşqabağını salladı, üz-gozündən zəhrimar yağırdı:
— Indi babatdı.
— Nədi ki xəstəliyi?
— Əmin öləndə qorxub...
— Hardadı?
— Sizdə...
Atam öləndən bibim kənddəki evimizdə qalırdı ki, həyət-bacadan göz olsun.
— Sən zəng vurmuşdun axşam mənə?
— Hə... — bıbim oğlu başını tərpətdi. — Arvada başımız qarışdı, sənə əmin öləndən dörd gün sonra xəbər verdik. Yaddan çıxmışdın, — yox, bibim oğlunun deyib-gülməklə arası sərindi, gülümsünmək istəyəndə də uzunsov stfəti əyilib bədheybət hala düşürdü. Yasda ağır oturub, batman gəlmək lazımdı. Yaşa dolduqca itirdiklərim məni yandırsa da, get-gedə daha yüngül keçirirdim ölüm-itimi. Mən öləndə də istəmirəm kimsə vay-şivən qoparıb haray-həşır salsın... Hər halda, yasda ölüdən çox diridən danışmaq yaxşı düşməzdi. Əmim oğlu da bizə yaxınlaşmışdı. Söhbətin sonluğunu da qulağı almışdı, deyəsən.
— Əzrayılın yadından çıxasan... — dedi əmim oğlu.
Çar-naçar gülümsünüb mızıldadım:
— Olur elə şeylər...
Camaat qəbir üstünə gedəndə qalxıb Kürün qırağı ilə pay-piyada evimizə sarı yönəldim. Maşını çadırın yanında qoydum ki, elə bilsinlər yaxındayam. Yayın oğlan çağında Kürün qırağındakı bəndin üstü ilə gəzişməyin ayrı ləzzəti var. Sıx yulğunluğun qarışıq mənzərəsi, çayın üzü Xəzərə axması, sərin mehin adamın vücuduna sığal çəkməsi tərkidünyalıq eşqi yaradır. Bir anlığa heç kəslə kəlmə kəsmək istəmirsən. Kəndin içi ilə getsəydim, indi neçə adamla qarşılaşacaqdım. Buralardasa təkəm-seyrək yeniyetmələr çaya qarmaq atıb səbrlə gözləyirdilər. O taydasa, heç balıqçı da yoxdu, o taydakılar üzürdülər, oynaşırdılar, fit çalıb hay-haray qoparırdılar. O taydakı hay-küy, bu taydakıların eyninə gəlmirdi, sanki balıq tutmaq istəyənlər əmimin ölüm xəbərini eşidib kədərlənmişdilər.
"Əzrayılın yadından çıxasan"... Əzrayıl özbaşınadı ki, kimisə yaddan çıxara? Həyət qapısını itələyib tanımadığım yerə gedirəmmiş kimi, ürkək-ürkək içəri girdim. Sağ olsun bibimi, həyət səliqə-sahmanlıydı. Gözümü açandan dimdik, qədd-qamətli gördüyüm şam ağacının budaqları yüngulcə titrədi. Yox, bu bəzəmə-filan deyildi, məni bu şam ağacıyla çox məsələlər məhrəmləşdirmişdi. Nişanlımı da ilk dəfə burda, bu ağacın altında öpmüşdüm. Barsız, meyvəsiz ağaclar mənə daha doğma idi, çünki onlar daha dərin işlərdən ötrü yaradılmışdı. Dayaz, dərin nə fərqi, can üstədi deyilən bibim oturmuşdu artırmada, yuxarıdan aşağı mənə baxırdı. Şükür Allaha, salamatlıqdı! Ancaq deyəsən, yeriməyə heyi qalmamışdı, yoxsa ayağa durub aşağıda mənnən görüşərdi. Qalxıb arvadın üzündən öpdüm. Dairəvi stolun yanındakı kətildə əyləşdim.
— Nolub, ay bibi?
— Heç nə, ölürəm, bayıra çıxdım ki, mənə hava dəysin.
— Kim baxır sənə?
— Heç kim. Mənə nolub ki?
— Əstəğfürüllah, gah deyirsən ölürəm, gah deyirsən sağlamam...
— Yox, vədə yaxınlaşır, amma yenə şükür, yatağa-zada düşməmişəm.
— Bibioğlu deyir qorxmusan...
Qarı qaxaca dönmüş əlini yellədi:
— Ey... Onun nə vecinə... O, elə mənim ölməyimi istəyir...
Omrümdə birinci dəfəydi ki, bibimdən qeybət eşidirdim.
— Boş ver görək. Kim qorxudub səni, ay bibi?
— Əmin canını tapşıranda üşəndim. Əlimi elə sıxdı ki, ruhu bədənindən
çıxanda... — sağ əlini gözünün qabağında oynadıb səsini yavaşıtdı. — Aparacaq
məni...
— Həşdadı ötmüsən, nədən qorxursan? Əzrayıl özü sənnən qorxur.
— Mən ölümdən yox, ordakı sorğu-sualdan qorxuram.
— Sən Allah adamısan, nə günahın var ki?
— Hamımızın günahı bəs deyincədi...
Yox, bu arvadın könlünü almaq çətindi. Bilmirdim söhbəti necə dəyişim. Yaxşı ki, özü köməyimə gəldi:
— Sən nə təhərsən?
— Pis deyiləm.
— Şəhərdə nə var, nə yox?
— Şəhərdi də, camaat bir-birini aldada-aldada başını girləyir.
Üzümə baxdı:
— Tək yaşayırsan?
Başımı tərpətdim:
— Hə.
— Gərək nişanlını maşın vurandan sonra sən evləneydin...
— ...
— Ata-anan yəqin orda nigarandı sənnən...
— ...
— Nə vaxt gedəcəksən?
— Elə bu axşam...
— Düz eləyirsən, işinnən qalma...
Qarı adamayovuşmaz olmuşdu. Elə bil özgəsi ilə üzbəüz əyləşmişdim.
— Day mən gedim...
— Bağışla ki, ötürə bilmirəm səni. Heyim qalmayıb, — yerində qurcalandı,
yəqin canı ağrıyırdı.
— Durma, durma, — qalxıb ehmalca arıq çiyinlərindən tutdum. — Mən bir də yas yerinə dəyim, sonra yolçu yolda gərək...
- Yaxşı yol, bala... — yalnız indi sezdim ki, kirpikləri nəmlənib... Yavaş-yavaş pilləkəni enib həyətə düşdüm.
Deyirlər, doğulduğu yer adamı çəkir, bəs niyə mən həyətimizdən tez-tələsik uzaqlaşmaq istəyirdim? Gün batırdı. Əslində təcili bir işim də yoxdu. Yas yerinə qayıtmaq bəhanəydi. Bibimdən yaxa qurtarmaq istəyirdim. Söhbətimiz tutmadı. Səbəbini anlamırdım, o, dəyişmişdi, ya mən. Elə bilirdim həyəldən çıxıb sinədolusu nəfəs alacam, yungülləşəcəm, rahatlanacam. Çünki boğazma nəsə tıxanıb qalmışdı. İlahi, həyət qapımızın önündəki bu iri şam ağacı hardan peyda oldu? Bu ağac mən həyətə girib-çıxanacan əkilib yekələ bilməzdı axı... Demə, darvazaya gedən cığırdan sola burulmuşam və gedib dayanmışam həyətimizdəki şam ağacının qabağında... Adi ağacdı. Düz mənim boyuma qədər gövdəsı çılın-çılpaqdı, yuxarıdakı budaqlarısa sımsıxdı, sanki aşağıdakı "keçəlliyinin" əvəzini çıxırdı. Atam deyərdi ki, aylı-ulduzlu gecədə ürəyinə yaxın ağacın altında hərəkətsiz dayanıb gözlərini yumsan, qulağına musiqi sədası gələcək. O musiqi uzaqlardan gəlsə də, apaydın eşidiləcək. Bu, ruhun musıqisidi. Hər kəs öz ruhuna uyğun musiqi eşitməlidi... "Əgər eşitməsə?” "Eşitməsə, deməli, ruhu ölüb?.."
O musiqini eşitmək üçün bir həftə gecələr nəfəsimi qısıb gözlərimi yumaraq narahatlıqla, nigaran-nigaran gözlədim. Bəs necə? Söhbət ruhumun musiqisindən gedirdi. Bəlkə mənim ruhum ölü idi? Bir həftə sonra lap uzaqlardan qulağıma musiqi sədası gəldi. Səs get-gedə yaxınlaşırdı. Simli alət olduğu şübhəsizdi. Tar deyildi, heç saza da oxşamırdı. Səkkizinci gecə simli alətin səsini tanıdım. Udun həzin, ritmik, ahəngdar nəğməsi bütün varlığıma elə hakim kəsilmişdi ki, elə bilırdim ayaqlarım yerdən üzülür, havaya qalxıram, bir azdan başım buludlara dəyəcəkdi. Xudaya, demə, insan da quş kimi uça bilərmiş. Demə, ağaclar, ələlxüsus, barsız ağaclar insanla yaradan arasmda bəIədçilər, vasitəçilərmiş. Meyvə ağacları yox, barsızlar, meyvəsizlər... Meyvə ağaclarının ayağına daha çox günah yazılıb...
Adəmlə Həvva yasaqlanmış meyvədən dadmaqla təkcə özləri günaha batmadılar, ağacı da suç yiyəsi elədilər. Xəbər vermədi Allaha Adəmlə Həvvanın əməlini ağac. Tanrı suçluları cəzasız qoymadı, amma özünəbənzər yaratdığına az-çox mərhəmət göstərdi, ağacısa daha ağır şərtlər gözləyirdi; qiyamətəcən başı qaranlıq, bədənisə işıqlı dünyada yaşamalı idi. Beləliklə, ağac bu dünya ilə o dünya, Tanrı ilə insan arasında bələdçiyə, körpüyə çevrildi.
Günahı ucbatından həzrəti-İsa ilə bərabər – əslində İsa peyğəmbərdən əvvəl – çarmıxa çəkılən ağacın yeganə təsəllisi elə boynuna düşən vasitəçilik missiyası oldu. Bir də haçansa bağışlanmaq ümidi...
Külək qalxanda ağacın yarpaqları, budaqları əsər, yellənər, önümdəki şam ağacınınsa aşağısı, “keçəl" gövdəsi əməlli-başlı tərpənirdi, titrəyirdi. Hərçənd külək-zad qalxmamışdı, hava lal-mat idi.
Qəfil mənə elə gəldi ki, ağacın gövdəsi yellənib-yellənib dairəsindən çıxacaq və məni caynağına alacaq. Mən ağacın kökünə, gövdəsinə, budaqlarına, hətta yarpaqlarına hoparaq içinə daxil olacam, göz qırpımında ağac məni "yeyəcək". Gördüklərimə tamam-kamal inanmaq üçün gözlərimi yumub-açdım, açıb-yumdum... Ağac oynamağında idi. Ağac dairəvi oynayırdı, dairə get-gedə genişlənirdi. Bəlkə belə də olmalıydı. Ruhən yaxınlar, yaxınlar da yox, eynilər birləşməlidilər ki, kainatdakı tarazlıq dayanıqlı hala düşsün. Mən isə hələ ağac olmağa hazır deyildim. Çünki ağlıma gələnlərdən xoflanıb həyət qapısına sarı götürüldüm. Qapının ağzında ayağım nəyəsə ilişdi. Müvazinətimi güclə saxlayıb birtəhər küçəyə çıxdım. Dəmir darvazanın bala, balaca qapısı zərblə örtüldüyündən ətrafa uğultu düşdıı. Küçəyə çıxanda mənə elə gəldi ki, bir də heç vaxt bu evə, bu kəndə qayıtmayacam.
Ancaq on gündən sonra geri döndüm; bibim ağır səfərə yollanmışdı...

Davamı

AĞIL VƏ GÜC

Ta qədimlərdən ağılın gücdən irəliliyi barədə fərziyyələr söylənilir, saysız-hesabsız misallar gətirilir, bu haqda digər fikirlər o qədər zəifdi ki, birincinin ikincidən doğrudan-doğruya üstünlüyü aksiom şəklini alıb, guya heç bir isbata ehtiyac yoxmuş, əks tərəfin dedikləri Zenon paradoksları kimi səslənir, yəni güc ağıldan əfzəldirsə, yəqin Zenon paradokslarına da həqiqət donu geydirmək mümkündü. (Məsələn, marafonçu tısbağaya çata bilməz, çünki təqib eləyən təqib olunana çatınca təiqib olunan daima müəyyən məsafə gedəcək və s. və i.a.)
Kimdən soruşsan ki, ağıllı, yoxsa güclü qalib gələr, deyər əlbəttə, ağıllı. Bəs ağıllı güclüdürsə, niyə bir dəlinin quyuya atdığı daşı yüz müdrik çıxara bilmir? Mənim bir tanışım həmişə deyərdi ki, hərə öz ağlının çörəyini yeyir.

Özümsə haçansa, hansı kitabdasa oxumuşdum ki, (bəlkə də heç yerdə oxuyub eləməmişdim, elə indi ağlıma gəlmişdi) müharibəni güclülər başlayır, ağıllılar udur. Tarixin ayrı-ayrı kəsiyində güclü, lakin ağılsız, yaxud əksinə, ağıllı və gücsüz qəhrəmanla az-az rastlaşılır. Bir çox filosoflar bu amildən bəhrələnərək barışdırıcı mövqedə dayanıblar. Yalnışlığa yol verməməkdən ötrü dəqiqləşdirmə aparaq; ağıl, güc dedikdə faktiki hansı parametrləri nəzərdə tuturuq. Daha anlaşıqlı diqqətə çatdırmaq üçün məsələni adidən-adi açıqlayaq, yəni güc - fiziki, maddi imkanlar, bir sözlə, ilk baxışdan, çətinliksiz göstərilə bilən üstünlük. Ağılsa məqamı yetişəndə büruzə verilir, ağılı sezmək üçün üçüncü göz açıq olmalıdı. Hər iki faktoru daş-tərəziyə qoyduqdan sonra paralel müqayisələr apara bilərik. Əslində barışdırıcı mövqeydə dayananları qınamaq da düzgün deyil. Ağıl və Güc bir vəhdətdə, bir vücudda, bir el-obada, bir millətdə, bir xalqda - və s. və i.a. - birləşməlidi. Bunları bir-birinə qarşı qoymaq mənasızdı, çünki ağıl özü gücün bişgin, yetkinləşmiş halıdı və həqiqətən bu iki fövqəlbəşər parametr bir-birindən ayrılmazdı. Qədim insanlar vəhşi heyvanları ağıl hesabına tələyə salıb öldürürdülər. Amerikanlarda zarafatla deyilən məşhur bir misal da var; "Ağıllısansa, var-dövlətin niyə yoxdu?" Var-dövlətsə gücün nişanəsi olduğundan deməli, ağıl güc yaradan vasitədi...
Kor nə istər, iki göz. Kim xoşlanmaz ki, bəşər övladı həm ağıllı, həm güclü olsun? Amma bir çox amillər bizim arzumuzla uzlaşmır axı...
Yadımdadı rəhmətlik Valehə nədənsə, şikayətlənəndə gülümsünərdi ki, könlündən ağıllı, güclü olmaq keçir, üstəlik gözəllər əhatəsində, huri-mələklərlə keçirmək fikrindəsən günlərini. Ömrünü ona görə demirəm ki, dünya durduqca yaşamaqdan da vaz keçməzsən. Bir az susub əlini yelləyərdi vecsiz-vecsiz:
- Boş şeydi hamısı, həmişə nə isə çatışmamalıdı.
- Dərd burasındadı ki, nə isə yox, çox şey çatışmır, - deyirdim və fikirləşirdim ki, mən ağılı, zəkanı – əgər varımdısa - məmnuniyyətlə çatışmayanlara dəyişərdim, çünki mənim ağlım güc yaratmağa qadir deyildi.
Elə bil ürəyimi oxuyub:
-Yaxşı ki, qabaqda ölüm var, - deyərək siqaretini tüstülədərdi.
İndi Valeh ölüm mərhələsini keçib, mən yox. Əslində bu gün həmin söhbətimiz yadıma düşdüyündən - bəlkə də həmin söhbət olmamışdı, həmin danışığımızdan müəyyən parçalar xatirimdəydi, bir də Valehin tavana qalxıb ətrafa yayılan siqaretinin tüstüsü. Ona görə mənə elə gəlir ki, şikayətsayağı - şikayətlənən daima mən olardım - ağıl və gücün müqayisəsi barədə bir neçə söhbətimiz olub. Guya birinci söhbətimizdə qışdı, ikinci söhbətimizdə yazdı, üçüncüdə yaydı, sonra da payız. Və mən bu dörd söhbəti tamam-kamal yadıma salmaq istəyəndə cəmi bircə görüşü gözümün önünə gətirə bilirəm. Onu da yarımçıq...
Ancaq özünü ağıllı saymaq da başdanxarablıqdı. Gücü olmayanın ağlı da yoxmuş bəlkə? Əstəğfürullah...
Əgər ağıllı və dəlinin kimliyi barədə müqayisələr aparsaq, labirintə düşmüş səyyahın aqibətini xatırladacağıq, hər dəfə qarşımızı nəhəng divar kəsdiyindən kor-peşman geri qayıdıb təzədən çıxış yolunu axtaraçağıq. Allahların qəzəbinə gəlmiş Sizifin vəziyyətilə yaxınlıq, oxşarlıq yaranacaq aramızda. Zamanı nəzərə almasaq, belə çıxır, əsrlər yerini dəyişsə də, əslində yer üzündə heç nə dəyişməyib. Hərdən mənə elə gəlir ki, dövrümüzdəki hadisələr də min il qabaq baş verib. Haçansa arıq, sısqa taygöz Həsən əlinə yekə bir bıçaq götürüb pəzəvəng, eşşək Rzanı qabağına qataraq bütün kənd boyu qovurmuş. Deyirlər, eşşək Rzanın: "Ay camaat, qoymuyun, taygöz məni öldürdü," - bağırtısı Kürün o tayında eşidilirmiş. Əlbəttə, burda qeyri-adi bir iş yoxdu, əli silahlının qabağından qaçmaq ar deyil. Yaxşı deyiblər ki, verirlər götür, vururlar qaç. Məsələ burasındadı ki, əynində ağ mayka əli bıçaqlıdan qaranəfəs yaxa qurtarmağa çalışanın - eşşək Rzanın - əlində təklülə tüfəng olubmuş. Özü də dolu. Taygöz Həsən eşşək Rzanı niyə qovurmuş, eşşək Rza bağıra-bağıra özünü Kürə niyə atıbmış, bizə isti-soyuğu yoxdu. Ortaya ayrı sorğu-suallar çıxır. Məsələn, əlində dolu tüfəng ola-ola pəzəvəng Rza üttülüm taygözün nəyindən qorxurmuş? Hərçənd eşşək Rza elə yalın əllə taygözün öhdəsindən gələ bilərdi, intəhası, Rza ona görə uduzurdu ki, taygözün qabağından qaçırdı, elə taygöz də ona görə şeşələnirdi ki, önündəki qaçırdı, onun ayaq saxlamağı taygözün basılmağıydı, tüfəngin gülləsi öz yerində, elə qundağıyla taygözün aşını bişirmək olardı, ya da başının üstündən bir güllə atılsaydı, batırardı altına. Hə, beləcə, yetişdik mənzil başına. Görəsən, hansı ağıllıdı, eşşək Rza, ya taygöz Həsən? İlk baxışdan eşşək Rza az-çox düşüncəli görünür. Əli tüfənglinin qabağına bıçaqla çıxmaq, üstəlik onu bütün kənd boyu Kürün qırağınacan qovmaq dərin ağıl istəyir? Hələ desən, eşşək Rza taygözdən qədd-qamətli, zorba, fiziki tərəfini götürsək, güclü idi. Təkbətəkə qalsa bütün əlbəyaxa döyüş növlərində onun taygözü şil-küt eləyəcəyinə şübhə yoxdu. Deməli belə, tərəzinin bir gözündə ağıl və güc, bir gözündə balaca bir bıçağın tiyəsi. Bircə bıçağın tiyəsi bayaqdan ağıl və güc deyərək araşdırdığımız ən unikal faktorları yenir? Deyəsən, biz də Zenon parodokslarına bənzər yeni bir təzadlı anlayış yaratmaq üzrəyik axı?.. Eşşək Rzanın ağlına dəlalət eləyən arqumentlər az deyilmi? Vəziyyətdən alnıaçıq çıxmaq üçün onun bir neçə yolu vardı. Bəlkə də çoxdu, ancaq bir neçəsinin üzərində atüstü dayanmaq məsləhətdi, çünki istər-istəməz eşşək Rzanı ağıllı qiyafəsində görürüksə, qeyri-adi, düşünülməmiş yollar ona yad olmalıydı. Məsələn, taygözü qorxutmaq üçün dayanıb başının üstündən bir güllə atmalıydı, ikincisi lap əvvəldən qaçmaqda səhv buraxmışdı, əgər o, qaçmasaydı taygöz onu qovmazdı, üçüncüsü eşşək Rza bütün şəraiti nəzərə alıb özü hücum eləməliydi, qaçmağa başlayandan sonra dayanıb hücuma keçmək çətindi. Sözsüz ki, müəyyən manevrlərdə geri çəkilmək, qaçmaq qorxaqlıq sayılmamalıdı, bəzən bilə-bilə üstünlüyü düşmənə vermək olar ki, qəfil əks-hücumla başının üstünü alıb asan qələbə qazanasan. Amma bizim misalımızda bunun səhv olduğu açıq-aşkar görünür. Çünki Rza əlində təklülə tüfəng düz Kürün ortasınacan üzmüşdü, sahildə əli bıçaqlı dayanıb onun yeddi arxa dönənini qəbirdən xortladan taygözün qabağına yeriməyi xəyalına belə gətirməmişdi. Səhəri rəhmətlik dədəm bizim birinci çıxış yolunu ondan soruşanda mən balaca olsam da eşşək Rzanın sir-sifətinin necə əyildiyini, o boyda qədd-qamətli adamın necə balacalaşıb yumağa döndüyünü indiki kimi xatırlayıram. İlahi, o kişi dədəmin fikrini təkrarlamağa, ağlından ötəri keçirməyə də qorxurdu. Dədəmin dedikləri ona göyün yerə düşə biləcəyi kimi ağlasığmaz görünürdü, cavab verəndə də dili dolaşırdı:
- Necə yəni?.. Di-di-dildə demək asandı. İşə bax ha! Havaya güllə atsaydım, lap qızışardı. Görəcəkdi ki, tüfəng boşaldı.
Dədəm əl çəkmirdi:
- Hə, noolsun, gələrdi yaxına, tüfəngin qundağıyla başına birin vurardın, canı çıxardı.
Eşşək Rzanın dil-dodağı lap təpidi:
- Sonra da məni damlayardılar, bir çətən külfətim yetim qalardı.
- Yox, səni tutmazdılar, çunki adamı qəsdən öldürməmisən, özünü müdafiə eləmisən...
- Özünü müdafiə o zaman olur ki, üstünə bıçaqla gələni əllə öldürəsən, tüfənglə yox. Həm də tülkü tülkülüyünü sübut eləyincə dərisini boğazından çıxardıllar.
Dədəm çaşıb qaldı, əlindəki zərləri nərdin üstünə qoyub matdım-matdım müsahibinə baxdı:
- Ay Rza, sən əjdaha boydasan, taygöz kimi neçə cırtdanın öhdəsindən yalın əlnən gələrsən, əlində tüfəng qaçıb girmisən suya... Heç kişilikdəndi?
- Sənə nə var e, - Rza çiyinlərini çəkdi. - Sən o taygözü yaxşı tanımırsan. Özüm Allaha yalvarırdım ki, çox söysün məni, ürəyini yetərincə boşaltsın, yoxsa hirsi soyumayacaqdı. Yaxamdan əl çəkməyəcəkdi o köpəyoğlu. Açığı, burda ayıb nə var axı, qorxmaq ayıb deyil ki! Qorxuram, vəssalam!..
Bu da ağıllı və güclüylə ağılsız və gücsüzün mübarizəsi. Yenə sonuna çatmaq müşkül görünən labirintə düşürük. Ağıl və gücün vəhdətinə qələbə qazanmaq üçün hansı cəhətsə çatışmır. Əlbəttə, cəsarət. Eyni zamanda ağıl mükəmməllik, hərtərəflilik deməkdi ki, cəsarət özü də buraya daxildi. Ancaq ağıla, müdrikliyə hər bir cəhətin, həmçinin cəsarətin rəndələnmiş, əndazəli forması aiddi. Əndazəsiz, ölçülüb biçilməmiş cəsarətin - eləcə də başqa cəhətlərin - sonu faciədi. Günlərin birində taygözün on dörd bıçaq vurulmuş meyitini Kürün qırağındakı sıx yulğunluqdan tapanda bir neçə gün eşşək Rzanı silistə aparıb gətirdilər, bir nəticə hasil eləməyib yaxasından əl çəkdilər, yəqin anladılar ki, belə dəhşətli qətli törətmək üçün eşşək Rza tamam-kamal yararsız adamdı. Özü də təkçə eşşək Rzanı yox, kənddə çox adamı sorğu-suala tutsatar da, taygözün qatilini tapa bilmədilər. Müəmmalı işdi, meyitə daş bağlayıb Kürə atmaqdansa, yulğunluğa tullanmışdılar. Kənd uşaqları hər iki gözü çıxarılmış, qarnına, içalatına göy milçəklər daraşmış meyiti görəndə vahimədən elə bağırmışdılar ki, dəllək Məhəmmədin arvadı uşaq salmışdı.
Sonralar dədəmlə söhbətləşən milisimiz Əhməd əmi deyirdi ki, gecəgözü meyitə daş bağlayıb suya atsaydılar, heç vədə tapa bilməzdik, beləcə hər şey itib gedərdi, ancaq dəxli yoxdu, qan batmır, gec-tez qatil tapılacaq.
Amma taygöz Həsənin qatili tapılmadı. Yadımdadı, aradan bir xeyli keçəndən sonra Əhməd əmi bizə, dədəmlə söhbətə gəlmişdi, həyətimizdə oturub çay içə-içə ordan-burdan danışırdılar. Söz-sözü çəkdi, söhbət Həsənin öldürülməliyinə gəldi. Əhməd əmi əlini dizinə vurub ətrafa baxa-baxa yana-yana pıçıldadı ki, nəsə mən hələ də Rzadan şübhələnirəm. Dədəm gülümsündü ki, ondan adamöldürən olmaz, o, taygözün kölgəsindən də qorxurdu.
- Elə burasıdı da şübhəli, - Əhməd əmi stəkanı nəlbəkiyə qoyub fikirli-fikirli mızıldadı.
Bu arada süfrəyə, mürəbbəqabının qırağına yekə bir arı qondu. Əhməd əmi sözünün dalını gətirmədi, elə bil çəkinirdi ki, arı dediklərini bütün kəndə yayar. Mənsə istəyirdim ki, o, danışsın, ona görə arını öldürmək üçün yumurladığım qəzeti qəfil mürəbbəqabının qıraqana vuranda oturanlar diksindi, mürəbbə masaya dağıldı, Əhməd əmi daha nə dedi, nə demədi bilmədim, dədəm acıqlanıb məni göndərdi evə...
Bir-iki il ötdü. Adamlar taygözün qətlini unutmağa başlayırdı, hələ desən, onun ölümünə sevinənlər vardı ki, camaat oğrunun-quldurun əlindən qurtardı, day heç kim qoyun-quzu, mal-hevan oğrusunun əlindən cana gəlməyəcək. Günlərin, daha doğrusu, gecələrin birindəsə eşşək Rzanı taygöz Həsənin həyətindən çıxanda görənlər oldu. Sonralar eşşək Rza arvad-uşağını atıb taygözün sonsuz, ancaq gözəl-göyçək arvadı Mələklə evləndi. Yeri düşəndə dədəm deyərdi ki, gərək taygöz biqeyrət Rzanın qarnını cıraydı. Orda-burdasa şaiyə gəzirdi ki, - bu sözü ilk dəfə falçı Xeyransanın özündən eşitdiyini söyləyənlər vardı - guya taygöz öldürülən geçə arvadı Mələyin ağappaq donu qıpqırmızı imiş və guya taygözün yasında da o donun yuyulub zivədən asıldığına fikir verənlər varmış. Söz-söhbətə inanan tapılmadı ki, incədən-incə Mələyin taygözə gücü çatmaz, zənən xeylağı o cür qaniçənliklə ərinı öldürə bilməz. Həm də özündən soruşanda falçı Xeyransa and-aman eləyirdi ki, bəs Allah araqarışdıranların evini yıxsın, mən heç yerdə, heç nə deməmişəm, heç nə də görməmişəm...

Davamı

FRAQMENTLƏR

Yayda yenə çörək qıtlaşmışdı. Uzun-uzadı növbələr olurdu. Söz gəzirdi ki, yuxarılarda dəyişiklik gözlənilir. Həqiqətən, hər dəfə şəhərdə çörək qıtlaşanda, dalınça yenə bir qəmbərqulu çıxırdı.
Həbibi də çörək növbəsində gördüm. Çörək maşını gəlib çıxmasa da, camaat çoxdan növbədə dayanmışdı. Həbibi görəndə: "Dəlinə şükür, ilahi", - düşündüm. Hərçənd yazıq Həbib bunun üçün heç bir əsas verməmişdi. "Dəlinə şükür"ün indiki dazbaş, göygöz, kürən Həbibə dəxli-zadı yoxdu, sadəcə, beynimə girənlər Həbibin uşaqlıq-yeniyetməlik payından idi və yeniyetməlik payından qalan bir də bu idi ki, Həbibin dişləri ağarırdı. Xoş-beş, on beşdən sonra soruşdum kənddə nə var, nə yox? Həbib ciddiləşdi. Məsələ məlumdu. Yəqin kənddə (lap dəqiqi, qəsəbədə) ölən-itən vardı. Amma nəyi-nəyi Elçinin ölümünü eşidəcəyimi ağlıma gətirməzdim. Özü də necə ölüm - yeddi güllə vurublar başına. Həmin gün gecə yarısına qədər götür-qoy elədim: "Görəsən, yeddi güllə dəyən baş nə hala düşər?"
Sonra Lalə zəng vurdu mənə.

Ətraf sakitlik idi, arabir həyətdən itlərin yeksənəq hürüşü gəlirdi. Təzə qəzetləri, xoşuma gələn kitabları tökmüşdüm masanın üstünə, guya hamısını birdən oxuyacaqdım. Beynimsə bərk məşğuldu: "Görəsən, yeddi güllə dəyən baş nə hala düşər? Görəsən, ikinci güllədən sonrakı atəşlərin nə mənası varmış? Görəsən, atəşlərarası müddət neçə saniyə olub? Elçin başına dəyən birinçi güllədən sonra nələr düşünüb? Nəsə düşünməyə macal tapıb, ya yox?” Yaxşı yadımdadı, bir dəfə kənddə idim, qapı-bacanı bərk-bərk bağlayıb şıdırğı yazmaqla məşğuldum. Gözümü vərəqlərdən ayırmırdım, yazdıqca yazırdım. O vaxtlar yaman həvəsli idim, yaman çox yazırdım. Elə bilirdim, dahiyanə əsərlər yaradıram. Sonra yazmağı seyrəltdim, nəhayət, yazıb-pozmağın daşını atdım. Çox tez başa düşdüm ki, nə cür yazmaq pisdi, amma nə təhər yazmaq gərək olduğunu hələ də anlamıram. Nə isə, o şıdırğı yazdığım gecə birdən işıq söndü, otaq zülmətləşdi. Başımı qaldırdım, qaranlıq idi, tavanı döşəmədən seçmək olmurdu və qəfil mənə elə gəldi ki, yer üzündə çanlı adında tək-təkcənə qalmışam, üşəndim, qalxıb bayıra yüyürdüm, qapının ağzında nəyəsə toxundum, dizim bərk ağrıdı, lakin ayağımın ağrısı da qəlbimdəki tənhalıq qorxusunu səngidə bilmədi. Yalnız eşiyə çıxıb Ay-ulduzlarla dolu göyə baxandan sonra toxtadım, o dəm göyə baxanda birinci Ay və ulduzlar mənə canlı adamlar kimi duyumlu göründü.
Əgər Elçin mən tanıdığım adam idisə, hökmən ruhu bədənindən çıxanda, nələrisə gözünün qabağına gətirməli idi. Onun "imkanı" mənim "tənhalıq gecəmdən" dolğun olmuşdu.
O vaxt institutun birinci kursunu bitirib kəndə, yay tətilinə gəlmişdim. Bu arada nüfuzlu bir jurnalda ilk hekayələrim dərç olunmuşdu. Tanış-biliş çaş-baş qalmışdı, oxuduğum texniki institut hara, yazdığım hara? Barəmdə danışılanlara fikir verən deyiləm, lakin o dəmlər qürrələndiyimi boynuma alıram.
Yay idi, isti idi, ətrafımız bağ-bağat, ağaç-uğaçın kölgəliyi, otların arasında bomboş qazan, boş butulkalar görünürdü. Məndim, Elçindi, bir də Əfqan. Adama bir şüşə araq boşaltmışdıq, sərin arağın təsirindən sərinlənmişdik də. Bəlkə də təkcə araqdan yox, günün sınmasından irəli gəlirdi içimizdəki sərinlik. Əslində çəm halında danışmağa haqqım yoxdu, mən öz payıma belə deməliyəm - içimdəki sərinlik. Elçinlə Əfqanın içinin isti-soyuq olduğunu deyə bilmərəm. Bircə bunu söyləyə bilərəm ki, bir məhəllədə böyümüşdük. Onlar bir sinifdə oxumuşdular, məndən iki-üç yaş böyükdülər. İnstituta məndən qabaq girmişdilər. Əfqan Odessada oxuyurdu, Elçin Bakıda. Onlar da mənim kimi yay tətilinə gəlmişdilər və indi, yeyib-içəndən sonra Əfqan leş olub uzanmışdı saralmış otun üstünə, ağzını açmağa heyi yoxdu. Elçininsə hələ canında güç-qüvvə qalmışdı, mənə ədəbi nəsihətlər verirdi: "Sən yaxşı yazıçı olacaqsan. Dilin təmizdi. Çox oxumaq, çox yazmaq lazımdı," - deyirdi. Mən susurdum.Yox, dəmləşib eləməmişdim, amma dilimə içki dəydi, az danışıram, dilimi-ağzımı bağlamaq üçün məni içirtmək lazımdı. Elçinsə üyüdüb tökürdü: "Axı mənim də ədəbiyyatdan başım çıxır, mən də yazıb-pozuram. Özüm üçün yazıram, heç kəsə göstərmirəm. İnanmırsan?" Gərək ki, mən: "İnanmıram," - dedim. Ona görə demədim ki, inanmırdım, sadəçə, bu dəfə da cavab verməsəydim, elə biləcəkdi keflənmişəm. Elçin qızışdı: "Gedərik bizə, verərəm yazımı oxuyarsan".
O gün evə çatan kimi özümü çarpayıya atdım. Hava qaralırdı. Anam məni dilə tutmağa çalışdı ki, yatma, şər qarışanda yatmazlar, bacarmadım. Gecəyarısı oyandım, dodaqlarım qurumuşdu, ciyərim yanırdı. Şalvarımı geyinib artırmaya çıxdım, göy üzü qaranlıqdan qorxduğum yay gecəsitək Aylı-ulduzlu idi. İçəri girib soyuduçudakı suyu başıma çəkdim, həyətə düşdüm, üzümə su vurub yenə artırmaya qalxdım. Öz otağıma keçib işığı yandırdım, rəfdəki kitablara baxdım. Elçinin dəftəri yadıma düşdü. Deyəsən, axı mən onun dəftərini götürmüşdüm? Deyəsən yox, dəqiq, götürmüşdüm. Hə də, qabaqca Elçingilə getdik, mən həyətdə durdum, yorulmuşdum, yuxum gəlirdi, qorxurdum yuxarı çıxsam Elçinin çənəsi qızışa. Həyətdə nümayişkaranə, nəsə qiymətli bir şey etibar eləyirmiş kimi dəftəri mənə verdi. Adicə yaşıl üzlü doxsan altı vərəqlik şagird dəftəri idi. Dəftəri yan otaqdan, yatdığım çarpayıdan tapıb təzədən kitablarım yığılan otağa qayıtdım. Dəftəri gözəyarı vərəqləmək istəmirdim. Mən Elçinin ilk oxucusu idim və bu "ilklik" məni sövq eləyirdi ki, özümü yığışdırım, yığıb-yığmalayım. Həm ilklik, həm də yay gecəsinin həzin sakitliyi. Elçinin dəftəri mənə verməyi o deməkdi ki, bütün ədəbi nəsihətlərinə baxmayaraq, məni bilici hesab eləyir. Bu inamın qabağına inandırıcı dəlillər qoymaq lazımdı. Masa arxasına keçdim, yanan çilçırağın işığı azmış kimi stolüstü lampanın da düyməsini basdım. Nə dəftərin üstündə, nə içində ad-filan yazılmamışdı. Elə birbaşa cümlələr başlayırdı:"Atamı lənətə gəlsin, onun zəifliyi anamı fahişə elədi..."
Dəstəyi qaldırmamışdan bildim Lalədi zəng vuran. Bu vaxtlar Lalə zəng eləyirdi mənə. Elə bizim bir-birimizi yaxından tanımağımız da telefonla olmuşdu. İlk dəfə şəhərdə telefona-zada ehtiyac olmadan görüşsək də...
Jurnalda yeniçə işə düzəlmişdim. Nəşriyyatda üç ilə yaxın külüng vurandan sonra təzə gələn direktor xoruzumu qoltuğuma vermişdi, jurnalın baş redaktoru isə işə götürmüşdü. Jurnalın maliyyə vəziyyəti ağır olduğundan otağımızın ikisini biznesmenlər kirayələmişdi, daha doğrusu, bisnesmenlər yox, turizm şirkəti. İlk dəfə Laləni həmin şirkətdə gördüm. Baçısı da yanında idi. Məni görən kimi cumdu üstümə: "Sən filankəsin oğlu filankəs deyilsən?" - soruşdu. Dedim ki, elədi. Dedi ki, mən də sizin yerliyəm, Laləyəm, bu da böyük bacım Jalədi, bacım Dubaya getmək istəyir, alverə - bunları içəridə, mənim otağımda üyüdüb tökürdü – səncə burdakılar fırıldaqçı-zad deyil? Bir ətək pulumuzu alıblar ki, arxayın olun, bir həftəyə xariçi pasport hazır olaçaq, ondan üç gün sonrasa, Jalə Dubaya uçaçaq.
Lalə haqqında çox şeylər eşitmişdim. Onun Əfqanla "Əsli-Kərəm" əhvalatından da xəbərim vardı. Bir ara nişanlandılar da. Amma Jaləni elə kənddə də az görmüşdüm. Hərdən mənə elə gəlir ki, özümü aldadıram, qabaqlar heç vədə görməmişəm onu, birinçi görüşümüz doğrudan-doğruya mənim iş yerimdə olub. Çünki Jalə rus məktəbində oxumuşdu, sonra Rusiyanın hansı şəhərindəsə ali məktəbi bitirib qayıtmışdı, əvvəllər oxuduğu orta məktəbdə işə başlamışdı. Əlqərəz, jurnaldakı görüşümüz tanışlıqla, hal-əhvalla, yüngülvari dərdləşməklə başladı və telefon nömrələrimizin mübadiləsilə bitdi. Yox, bitmədi, onlar aşağı düşəndən sonra eyvana çıxıb gözdən itənəçən arxalarınca baxdım. Lalə qırmızı, qısaqol don geyinmişdi, Günəşin qızıl tellərilə paltarının rəngi həmahəngdi. Baxana: "Gəl məni gör, dərdimdən öl," - deyirdi. Laləgili baxışlarımla ötürüb iş otağıma girdim və Laləni son dəfə nə vaxt gördüyümü gözümün qabağına gətirməyə çalışdım. Heç nə alınmadı. Yadıma düşən burası oldu ki, yeri düşəndə anam deyərdi: "Filankəsin qızı Lalə yaman qəşəngdi, - hökmən də əlavə eləyərdi. - Allah saxlasın". Anam bu sözləri çoxdan, Lalə qız olanda demişdi, indisə o, qadın idi. Amma məncə, anam Laləni indi də görsəydi, həmin kəlmələri təkrarlayardı.
Beləliklə, telefon zəngləri başladı. Uzun-uzadı telefon danışıqları. Gecə saat on ikidən səhər beşə, hətta altıyacan. Elə birinci zəngindən anladım ki, Lalə tək yaşayır. Özüm qəsdən axşam on birdə zəng vurmuşdum, sonrakı zənglərdə o, uzun-uzadı Əfqandan danışdı, onun vəfasızlığından gileyləndi. Əfqanın üç ay qabaq evlənməyini də mənə Lalə xəbər verdi. Telefon söhbətlərindən dolayısı ilə məlum oldu ki, Lalənin ərindən ayrılmağına səbəbkar Əfqan olub. Yəni əri Laləni Əfqanla görüb və çıxıb gedib. Adi ailə hadisələri. Lalə bir qızı ilə qalıb. Evlənməmişdən Əfqan tez-tez ona baş çəkirmiş. Üç aydı Əfqan evlənib, Laləni atıb. Əlbəttə, bunların heç birini Lalə demədi mənə. Amma danışıqlarını süzgəcdən keçirib saf-çürük eləyəndə, əslində nələr baş verdiyini anlamaqdan ötrü dərin ağıl tələb olunmurdu. Laləsə deyirdi ki, o vaxt mən onu atmışdım, nişanlanmışdım, Əfqan bizə gəlib anamın, baçılarımın yanında diz çökmüşdü, qabağımda zar-zar ağlamışdı, demişdi ki, qaytar nişan üzüyünü, gəl götürüb aparım səni evimizə. Mən: "Yox," - dedim.
Anam da istəmirdi Əfqana getməyimi. Əfqan şəhərdə işləsə də, ev-eşiyi yox idi, yataqxanada yaşayırdı. Nişanlımınsa, şəhərdə evi, yaxşı işi vardı. Əfqanın Laləgildə diz çöküb zar-zar ağlamağını mən də bilirdim, tək mən yox, kənddə hamı bilirdi. Belə teatral hadisəni gizli saxlamaq kəndimizin imkanından kənardı. Ancaq Lalə telefonda olub keçənləri yadıma salandan sonra siyasi səhvə yol verib: "İndi əvəz-əvəz oldu," - dedi. "Əvəz-əvəz" - kəlməsi baş verdiyindən çox şeylər deyirdi. Bilmirəm, neçənci zəng idi Lalə Əfqanın şəklini cıranda, neçənci zəng idi qəfil mənə: "Hamiləyəm," -deyəndə. Bu yerdə mən diplomatik üsula əl atdım. Bir anlığa susdum və nəhayət: "Xahiş eləyirəm, daha mənə zəng vurma," - rəsmiyyətlə deyib dəstəyi yerinə qoydum. Həmin gecə telefon dəfələrlə zəng çaldı, dəstəyi götürüb o saat da yerinə qoyurdum. Ertəsi telefonun dəstəyini qulağıma aparan kimi: "Ay dəli, - dedi. - Mən il yarımdı ərimdən ayrılmışam, necə hamilə ola bilərəm?". Quruca çavab verdim: "Yəqin Əfqan günahkardı". Qəhqəhə çəkdi, istədiyi alınmışdı, mən sınaqdan yaxşı çıxmışdım. "Dəlisən, gör ağlına nələr gəlir, məni nə hesab eləyirsən?.." – dedi gülə-gülə.
Nəhayət, biz görüşdük...
Xəstəliyimin birinci günü tamam sakit keçdi. Televizora baxdım, kitab oxudum. Evdən çıxmamaq üçün çörəyi çox almışdım. Bəd ayaqda selofan torbaya büküb soyuduçuya qoyaçaqdım ki, kiflənməsin.
İkinci gün Emma zəng elədi. İstəyirdi gəlsin bizə. Dedim gəlib eləmə, başım qarışıqdı. İstəmirdim məni bu kökdə görsün. Axır vaxtlar Emma çox çəkmişdi əziyyətimi, ayağımı sarımışdı, kirli pal-paltarlarımı yuyub ütüləmişdi, qollarını çırmalayıb mənzilimdə əməlli-başlı yır-yığış eləmişdi, nədənsə, son vaxtlar ona əvvəlki gözlə baxa bilmirdim. Elə bil onunla necə tanış olduğumu unutmuşdum.
Geçə saat on ikinin yarısı idi. Saatı ona görə belə dəqiq yadımda saxlamışam ki, divar saatının "quqqultusu" ilə qapının zəngini eyni anda eşitdim. Gələn keçmiş tələbə yoldaşımdı. Yanında da Emma. Qaşqabağımı salladım. Zəhləm gedir qəfil qonaqdan. Ələlxüsus, əliboş gələndə. Demə, tələbə yoldaşım əliboş deyilmiş, burasını mətbəxdə məni yaxalayanda anladım. Yox, anladım demək də düzgün deyil, 2x2 kimi aydındı bu. Sadəçə, keçmiş tələbə yoldaşım hövsələsizlik elədi, çay qoymaq üçün mətbəxə keçəndə gəlib kəsdirdi çənəmin altını. Çənəmin altı kəlmələri lap yerinə düşür. Onun boş kəlləsi çiynimə güclə çatırdı. Elə boy-buxunlu olmasam da, onun yanında Herakla bənzəyirdim. "Bura bax, sən yarım saatlığa çıx get," - dedi. Özümü keyliyə vurdum. "Niyə?" "Elə ona görə... - gülümsündü bic-bic. “Sonra qızı qoyaçam burda, qoy gecə səninlə qalsın". Cin atına minib: "Cəhənnəm ol burdan! - bağırdım. - Mənim evim qəhbəxana-zaddı?" Keçmiş tələbə yoldaşımı darta-darta qapının ağzına gətirdim, qapını açıb bayıra itələdim, istədim yumşaq yerinə də bir təpik ilişdirəm, dalını qaçırtdı, az qaldım özüm yıxılam. Qapını örtdüm, gözlədim ki, qapının zəngini çalaçaq. Amma səs-səmir gəlmədi. Bir az gözləyib gözlükdən baxdım. Bayırda heç kəs yox idi. Otağa girəndə gördüm qız ortada dayanıb. Bilmir otursun, ya getsin.
Axşamüstü Asim zəng vurdu. Ona düz-əməlli qulaq asmadım. Kartof qızardırdım. Tez-tez dəstəyi kənara qoyub mətbəxə keçirdim, qayıdanda görürdüm elə danışmağındadı, bir-iki kəlmə deyib yenə əkilirdim. Axırda Asimlə bağlı səmimi hisslər qalib gəldi; telefonun şunurunu uzadıb mətbəxə apardım, danışa-danışa kartofu qazartdım, çay dəmlədim, yüngülvari şam elədim. Əlbəttə ki, sözarası mən də nəsə mızıldayırdım.
Asimlə harda tanış olduğum yadımdan çıxıb, amma yəqin o vaxtlar idi, mitinq çağları, iyirmi yanvar hadisələrindən də qabaq. Sonralar deyirdi ki, yanvarın iyirmisində onu da tutubmuşlar. Bir neçə ay doğrudan-doğruya heç yerdə görməmişdim onu. Məndən on yaş böyük idi. Cəbhəçi idi, bəy idi. Bəylər hakimiyyətə gələndən dörd-beş ay sonra bəyliyin daşını atdı, çünki bəylər ona vəzifə vermədilər. Vəzifəyə gələn bəylərin çoxundan bacarıqlı idi, meydanlarda can çürütmüşdü, sovet əsgərlərinin dəyənəyini yeməkdən başı balqabağa dönmüşdü. İndikilərin çoxu "Vanka-vstanka" kimi bir şeydi, keçmiş kommunistlərdi, bəylər hakimiyyətə gələn kimi yüz səksən dərəçə dönüb demokrat olmuşdular. Asim pis adam deyildi, millət dərdi çəkdiyindən, əqidə dalınca getdiyindən evlənməmişdi də. Yer üzündə hər şey gəldi-gedər olduğu kimi, hadisələr də dəyişirdi, zaman çox iti axırdı, çox keçmədi ki, bəylər hakimiyyətdən uzaqlaşdılar. Yenə Asimə heç nə çatmadı. Bir ara "siyasətdən" uzaqlaşıb alverə qurşandı. Dolanışığı düzəldikcə az-az gəlirdi bizə. Ancaq gələndə əlidolu gəlirdi. Araq gətirirdi, yemək-içmək gətirirdi. Bir dəfə bir litr zoğal mürəbbəsi də gətirmişdi. Lakin "siyasət" yenə onu cəlb elədiyindən alış-verişin daşını atdı. Yenə evimizə tez-tez, amma əliboş gəlməyə başladı. Ürəyimdə yeddi arxa dönəninə söysəm də, üzə dura bilmirdim, əvvəlki araq, yemək-içmək, zoğal mürəbbəsi, sairələr yadıma düşürdü. Asimə özümə sərfəli məsləhətlər verirdim: "Bəlkə siyasətə tüpürüb, yenə biznesə girişəsən, hə?” “Yox,” - deyirdi. Bu dəfə kimlərsə hakimyyətə gələçəkdi, mən Mətbuat və İnformasiya naziri olacaqdım. Belə-belə sözlərinə görə xətrinə dəymirdim. Olmadı elə, oldu belə. Dünyanın işini nə bilmək olar? Mıxı mismar eləyən Allah deyil? Dörd-beş ilin içində elə hadisələrin şahidi olmuşdum ki, daha heç nəyə təəçcüblənmirdim. Yarızarafat, yarıgerçək etiraz da elədim: "Yox, mən Mədəniyyət naziri olmaq istəyirəm". Ciddiləşib mənim nazir olmağımla razılaşdığı dəm anladım ki, bu adamla hərdənbir görüşmək lazımdı, arabir zəngləşmək, sorağını almaq gərəkdi. Çünki birotaqlı, köhnə mənzilimdə məni Mətbuat və İnformasiya naziri "təyin eləyəndə", sonra "fərmanını" dəyişdirib Mədəniyyət naziri olmağıma razılıq verəndə cibində siçan oynayırdı.
Günlərin birində ilişəcəkdim az qala. Asim gəlib dedi ki, haqq-ədalət filan partiyadadı, bu günlərdə hakimyyətə gələçək. Qabağıma da bir vərəq qoydu:
- Bir ərizə yaz partiyanın sədrinə. İşlərimiz düzəlir, qardaşın olur partiyanın rayon şöbəsinin şefi.
Nə şiş yansın, nə kabab siyasətini yeritmək qəlizləşirdi. Bıçaq sümüyə dirənmişdi. Düzdü, adicə və sadəcə: "Get qarnını qaşı," - demək olardı Asimə, ançaq bu mənlik deyildi. Soyub-soyub quyruğunda murdarlamaq ağılsızlıqdı. Həm də bircə çırıq ərizə yazıb hansısa partiyanın üzvü olmağımla dünya dəyişməyəçəkdi. Ekstremal şəraitdə də dahiyanə çıxış yolu tapdım. Təbiidi burası, kim necədisə, eləçə də çıxış yolu tapmalıdı. Ərizəni yazmağına yazdım, ançaq ərizədə atamın adını düzgün yazmadım, imza-zad da qoymadım, ünvanımı da göstərmədim. Asim bunun fərqinə varmadı, sevincək cibindən pul çıxarıb tökdü masanın üstünə ki, götür xərclə. Bundan sonra pul-paradan korluq çəkməyəcəksən. Partiyamız sənə xüsusi qayğı göstərəcək.
…Zəng vuran Lalə idi. Dedi ki, gəl bizə, qorxuram. Mən: "Gəlirəm", - deyib dəstəyi qoydum. Divar saatı birin yarısını göstərirdi. Tələsik qapını bağlayıb evdən çıxdım. Şükür ki, fövqəladə vəziyyəti götürmüşdülər. Son vaxtlar tez-tez fövqəladə vəziyyət elan eləyirdilər şəhərdə. Gecə on ikidən səhər beşəçən komendant saatı da olurdu. Qəfil işin oldu qalırdın əlacsız. Fövqəladə vəziyyəti iki aylıq elan eləsələr də, sonra uzatdıqca uzanırdı. Ta hansısa bir seçki, yaxud referendum ərəfəsinəcən.
Küçədə taksi saxladıb oturdum.
O dəfə telefonda mənə dedi ki, nənəmi görmüşəm yuxuda, görmüşəm ki, nənəm evində tək-tənha oturub, otaq da başdan-başa gül-çiçək içindədi. Yaxşı yadımdadı, uzanmışdım çarpayıma, telefonu da qoymuşdum yanıma, kətilin üstünə. Onun nənəsini yadına salmağı xoşuma gəlmədi, bir bəhanə ilə dəstəyi qoyub ədyalı başıma çəkmək istəsəm də, dilim dinç durmadı: "Harda idi nənənin evi?" – xəbər aldım. "Sovetskidə, - dedi. - İndi o evi söküblər". Dilxor oldum. Guya, bunun mənə dəxli vardı. O, dərinə getdi. "Bura bax, yuxuda nənəm mənə dedi ki, iyunun iyirmi dordündə ərə gedəcəm". Zarafata saldım: "Demədi kimə gedəcəksən?" Gözləyirdim ki, eyni ruhda cavab verəçək: “Sənə”. Yüngülcə köks ötürdü: "Yox".
Yerimin içində dikəlib masanın üstündən qələmi götürdüm və divara iri hərflərdə "İYİRMİ DÖRD İYUN" yazdım. Yazdıqlarımı əhatəyə aldım. İyirmi dörd iyun sözlərini divara, çarpayımın yanına yazdığım axşam iyirmi dörd iyuna üç gün qalmışdı. İyunun iyirmi beşindəsə yazdıqlarımı qırmızı divar kağızının üstündən sildim, daha doğrusu, yazdıqlarımı elə qaraladım ki, indi ordan heç nə oxumaq mümkün deyil. Əslində iyirmi dörd iyunun mənə elə bir isti-soyuğu yox idi. Həmin gün adi günlərdən fərqlənmirdi. Özüm də ehtiyatlı tərpənirdim. Hərçənd, o yuxunu mən yox, Lalə görmüşdü, amma ehtiyat igidin yaraşığıdı, - deyiblər. Səksəkə içində divardakı iyirmi dörd iyun sözlərinə baxırdım. Fikrim qapıda, gözüm telefonda idi. Bir müddət pəncərədən bayıra zillədim gözümü. Hava qaralırdı. Qonşu binada yaşayan musiqi müəlliməsi yenə yarıçılpaq güzgünün qabağında dayanıb saçlarını darayırdı. Zalımın qızı pərdə-zad da çəkməmişdi pəncərəsinə. Onu gördüm qəfil ağlıma bir fikir gəldi; özüm zəng vurdum Laləyə. Dəstəyi götürən olmadı. Deyəsən, rəhmətlik nənəsi Lalə ilə zarafat eləmişdi.
Ürəyimə damdı ki, nə isə baş verib, gecikmişəm, mənə dəxli olmasa da baş verənləri bilmək maraqlı idi. Mətbəxə keçib çay dəmlədim. İşdən qayıdandan dilimə heç nə dəyməsə də, iştahım yox idi. Nəhayət, telefonun zəngi çalındı. Dəstəyi götürəndə saata baxdım. On ikiyə on dəqiqə işləyirdi.
… - Bura bax, qorxmursan geçə növbəsində olanda? - Taksi sürücüsünü cinləndirmək istədim. - Zəmanə pisdi, maşını əlindən alıb özünü də xosunvay eləyərlər.
- Cəhənnəmə ki! Belə yaşamaqdan ölüm yaxşıdı. - Əli sükanda çəpəki üzümə baxıb çavab verdi. Köntöy danışmağımdan çaşsa da, fağır adam olduğumu, şitlik elədiyimi anladı. Bicliyindən başında tük qalmamışdı, qırışmış üzü üzlər görmüşdü. - Həm də özünü cırıb-dağıtmaqla deyil, alnımıza yazılan başımıza gələcək… Saat neçədi?
- Birə qalıb, - dedim və baxdım ki, öz qolunda da saat var. Daha söhbət eləməyə həvəsim qalmadı.
Yol boyu danışmadıq. Maşını Lalənin evindən aralıda saxlatdım. Gecə olsa da yay idi, qonum-qonşu görüb eləyərdi. Ehtiyat tədbiri Lalənin başını aşağı eləməməkdən ötrü idi. Bloka girib ikinçi mərtəbəyə qalxdım və qapını itələdim. Lalə mən evdən bura gələ biləcəyim müddəti hesablayıb qapını açıq qoyurdu ki, zəngi basıb camaatı duyuq salmayım.
İçəri qaranlıq idi. O, mətbəxdə siqaret çəkirdi. Ay işığında iri əşyaları seçmək mümkün olsa da, Lalənin üzünü görmürdüm. Pıçıldadı ki, qapını qıfılladın? Mən də eyni ahənglə: "Hə", - deyib onunla üzbəsurət masa arxasındakı kətildə əyləşdim. "Uşaq hanı?" - soruşdum, amma bilirdim ki, balaça bu vaxta oyaq qalmaz. Yəqin buna görə çavab vermədi. "Nolub? Niyə kefin yoxdu? Yenə iyirmi dörd iyun baş verib?" "Sən elədiklərini başıma vurursan? Yaxşı ki, pul-zad xərcləməmisən". İynəli cavab gözləmirdim. Azca susdum ki, səsimi qaldırmayım. Sonra: "Sən də pulsuzluğumu başıma vurursan?" – dedim. Dinməyib siqaretini sümürdü və nəhayət, sülh müqaviləsi təkif elədi:
- Çay içirsən?
Müqaviləni imzalamadım:
- Yox.
Düz deyirdi, iyunun iyirmi dördündə Lalənin qızı yıxılıb qolunu əzəndə Lalə də gecə on ikiyə on dəqiqə işləmiş xəstəxanadan mənə zəng eləyəndə pulum yox idi. Həkimin cibinə Lalə verən pulu basdım, "sestraya" da pulu o, özü verdi, evə qayıtdığımız taksiyə də. Həmin gecə səhərəcən oyaq qaldım, Lalə də yatmadı. Laləgilə gəlib pal-paltar, dəsmal, termos götürüb xəstəxanaya qayıtdıq. Elə bilirdik xəstəxanada çox qalaçağıq. O gecə Lalə qızının qolunu sarıyıb: "Ciddi bir şey yoxdu" - sözlərini eşidənəçən ağladı. Uşağın qolunu sarıyan kimi şələ-küləmizi verdilər qoltuğumuza. "Daha burda ğalmağınız mənasızdı. Onsuz da basırıqdı, yaralı döyüşçü əlindən tərpənmək olmur. İki gündən sonra gələrsiniz, sarğını dəyişərik". Xəstəxanadan çıxanda cibinə pul basdığım həkimə gileyləndim:
- Bütün gecəni niyə bizi avara eləyib burda saxladın?
- Qorxurdum, - dedi balacaboy həkim. - Ola bilsin içəridə uşaqın harasısa əziləydi, qanaxma-zad verə bilərdi.
Əçlaf yalan deyirdi. Əgər gecə anlatsaydı ki, sadəcə, uşağın çiyni çartlayıb, pulu az verəcəkdim.
Taksiyə minib evə qayıdanda Lalə qəfil dedi:
- Dünən ayın iyirmi dördü idi.
Mən dinmədim.
Sürücü Lalənin sözlərini başa düşdüyü tərzdə yozdu:
-Havalar da yaman qızıb.
Lalə sürüçünün "sinoptikliyini" vecinə almayıb:
- Dünən mənim toyum idi, - dedi.
Sürüçü duruxub güzgüdən Laləyə baxdı, uşaq qolu sarıqlı Lalənin qucağında murgüləyirdi, üzündə narın tər vardı. Sonra mənə baxdı və nəhayət, yola baxıb lapdan əyləci basdı. Az qala maşını soxacaqdı "Kamaz"ın altına. Lalə arxada özünü güclə saxladı. Möhkəm oturmasaydım, başım şüşəyə dəyəçəkdi.
- Əşi, yola bax, sən Allah, - dedim. - Bu saat cəhənnəmə getməli vaxt deyil, yəqin ora burdan da istidi.
Sürücü də qorxmuşdu. Siqaret yandırıb tez-tez qullab vura-vura:
- Şükür, - dedi. - Yaxşı qurtardıq.
...- Çayın var dedin?
- Hə, - deyib qalxdı, özünə də, mənə də çay süzüb əyləşdi.
- Yandır da işığı.
Yerindəncə əl atıb düyməni basdı, üz-gözündən gördüm ki ağlayıb.
Dilim dinc durmadı:
- Nənəni görmüsən yuxuda?
- Bacım zəng vurmuşdu... Elçini öldürüblər.
-Nə danışırsan?! - Nədənsə, Elçinin ölümünü eşitdiyimi Laləyə demədim.
- Hə, on yeddi güllə vurublar başına.
Mən evdən bura gəlincə yeddi on yeddiyə dönmüşdü. Lalə ağlamağa başladı.
- Sən nöşün ağlayırsan? – dedim. - Səni öldürsəydilər Elçinin vecinə olmazdı.
Lalə əli ilə yanaqlarını silib:
-Gör nə daş ürəklisən, - dedi.
Müsəlmana yaxşılıq yoxdu, vallah!..
Xəstəliyimin üçünçü günü də sakitliklə başa çatmaqda idi. Bu gün zəng-zad eləyən olmadı. Axşam televizora, xəbərlərə baxırdım. Qəfilcə daş ürəyim gurultuyla düşdü ayağıma, az qala barmaqlarım sınacaqdı. Asim rayon şöbəsinin şefi olan partiyanın fəaliyyətini dövlət rəsmi qadağan eləmişdi. "Dövlət mənafeyinə zidd mövqeyinə görə". Elə beləcə də elan elədilər televizorda. Dəvə oynayanda qar yağar, - burda deyiblər. Bu gün-sabah Asimin şalvarını çıxaracaqlar yəqin. Ona nə var, öyrəncəlidi, mən ilişsəm, arada qalacam. Bircə yolum var, bəd ayaqda deməliyəm ki, mən o cındır partiyanın üzvü-zadı deyiləm, heç bir siyasi partiyaya qoşulmuram, sakitcə yazı-pozularımla məşğulam.
Belə düşünə-düşünə yuxuya getdim. Ertəsi gec, həm də gümrah oyandım. Ağciyərliyimə görə özümü danladım da. Qoy kimlər çamaatı dilənçi kökünə salıb, kimlər torpağı pay-püş eləyə-eləyə vəzifəyə gəlib, onlar qorxsun.
Yaralarım sağalırdı, birisigün şəhərə çıxmaq mümkündü. Amma gərək yaxşıça çimib ətirlənəydim. Yoxsa, dava-dərman qoxusu çətin canımdan gedəydi.
Dərmanın qoxusu getsəydi də, Elçinin ölüm xəbərini əvvəlcə Həbibdən, sonra da Lalədən eşitdiyim günün beynimdən ölənəcən silinməyəcəyi şəksizdi.
…- Deyirlər, anası yerə yapışıb.
- Kimin anası?
- Elçinin.
- Kim deyirdi?
- Demədim bacım zəng vurmuşdu.
- Yerə-zada yapışmaz. Ölənlə heç kəs ölməyib. Elə anasının ucbatından Elçin Rusiyətə getdi. - Siqaret yandırdım. Lalə dedi ki, birini də mənə ver, mənimki qurtardı. Siqaret qutusunu masanın üstünə qoydum.
- Yazıq Elçin, - dedi yanıqlı-yanıqlı.
- Məni çağırmısan ki, sənə qoşulub ağlayım?
Sözlərimə məhəl qoymadı:
- Yaxşılar ölür, pislər qalır, - siqareti külqabına basıb pəncərədən həyətə baxa-baxa dedi.
- Pislər, yəni kim? - soruşdum və gözlədim ki, deyəcək: "Sən".
- Əfqan! - deyib gözlərini üzümə dikdi. - Mən istəyirəm Əfqanı müharibəyə aparsınlar. Əfqan ölsün, onun adamaoxşamaz arvadı dul qalsın. Necə ki, mən çəkirəm, onun arvadı da çəksin...
Ayrı vaxt heç olmasa yalandan çığır-bağır salardım, guya yanımda Əfqanı xatırladığına görə özümdən çıxmışam. İndisə səbəbini anlamadığım sərbəstlik bütün varlığımı bürümüşdü, heç bir siyasi, diplomatik qayda-qanuna əməl eləmirdim.
- Nə olub sənə, Allaha şükür, pis şey çəkib eləmirsən ki? - Siqaret qutusuna işarə elədim. – “Malboro” çəkirsən.
Yenə sözlərimi veçinə almayıb ürəyini boşaltdı:
- Qoy Əfqanın da arvadı bədbəxt olsun, - axırıncı kəlmələri pıçıltıyla dedi. - Mənim kimi…
- Daşürəkli mənəm, ya sən?
- Boş adamsan sən. Çoxlu kitab oxumusan. Amma həyatı başa düşməmisən. Əslində oxuyub-yazmağın məsələyə dəxli yoxdu. Ola bilər ki, bir maşın kitab oxuyub həyatı başa düşməyəsən. Tənhalıqda oturub bircə siqaret çəkdiyin müddətdə qəfil anlayasan hər şeyi.
- Nəyi anlayasan?
- Ən azı onu ki, bu dünya sənə oxşayır.
- Mənə?! - deyəsən, məni ələ salırdı.
- Hə, - qımışdı birdən-birə, bayaqdan əl vurmadığı stəkanı götürüb çaydan bir qurtum aldı. - Dünya da sənin kimi boşdu, neç nəyin mənası yoxdu.
Dediyi sözlərdən çox qəfilcə kefinin durulmağına, qımışmağına heyrətləndim. Bir az da filosofluq eləyib şuxlaşsaydı, ovqatımın korlanacağına şəkk-şübhə yox idi. Yaxşı ki, onu susdurmağın yolunu bilirdim. Yaxına gəlib yanındakı kətildə əyləşdim.
- Bəsdi daha, - pıçıldadım. - Dinmə, - əl atıb işığı söndürdüm. – Cəhənnəm olsun dünya da. Elə hər şey də...
Ayaqlarını sığalladım. Daha Əfqandan, Elçinin ölümündən birçə kəlmə də danışmadı.
Mətbəxdə başladığımız işləri yataq otağında sona yetirdik. Sakitçə yanaşı uzanmışdıq.
- Bax, budur həyatın mənası, - dedim.
Gülümsündü.
- Dəlinin biri dəli.
- Çox yaxşı uşaqdı, - Lalənin qızına işarə elədim. - Yatır, dünya dağılsın xəbəri olmur.
Lalə dikəlib, balaca mebelli çarpayıda uyuyan körpəsini ehmalca öpüb, yenidən uzandı. - İstəmirəm qızım instituta girsin, nə bilim, musiqi ilə məşğul olsun, xariçi dil öyrənsin. Bircə bəxti olsun bəsdi. - Əcəb az şey istəyir. - İraq-iraq, taleyi mənimkinə oxşamasın.
İraq-irağı eşidəndə saçlarını sığallayıb:
- Kişi ol, - dedim, - get siqaret gətir.
- Çay istəmirsən?
-Yox.
Yerindən duranda Ay işığı pərdələrin arasından ağappaq döşünün üstünə düşüb fosfor vurulmuş təki işıldatdı. Döşünün birinə kölgə düşdüyündən yaxşı sezilmədi. Otaqdan çıxanda da arxadan ona baxdım. Gözüm öyrəşdiyindənmi, ya nədənsə, daha Ay işığına-zada ehtiyac yox idi. Lalənin dərisi işıldayırdı, uzaqdan-uzağa bədəninin yumşaqlığı duyulurdu. Gözlərinin rəngini sezmədim. Hər dəfə onun gözlərinə baxanda yadıma düşürdü ki, öləcəm haçansa.
Siqaret damağında otağa qayıdıb yerinə uzandı, büllur külqabını da sərhəd məntəqəsi kimi ikimizin arasına qoydu.
- Mənə siqaret gətirmədin?
Ağzındakı siqareti mənə verdi:
- Al çək, mən istəmirəm, - dedi. - Çayı da qoydum qızmağa.
- Kimdi gedib çay içən…
- Gətirəcəm də bura. Sənin yuxun gəlir?
-Yox.
- Mənimki də gəlmir.
- Padşah olasan yuxun gəlməyən gecələrdə huriləri çağırasan, nağıl danışa.
- Huri nədi?
- Huri, yəni gözəl…
- Mən gözəl deyiləm? - acıqla dümsüklədi məni, az qala külqabını aşıracaqdı. Ehtiyatlı tərpənib siqareti yarımçıq külqabına basdım, külqabını götürüb döşəməyə, çarpayının altına qoydum və Lalənin bədənini sığalladım.
- Gözəlsən e, - dedim, - amma nağıl bilmirsən.
O, mənə qısılıb:
- Bilirəm. İstəyirsən danışım. Bu nağıl mənim nənəmin babasının başına gəlib, - dedi.
- Onda bu nağıl olmadı.
- Yox nağıldı, qulaq as də. Nənəmin babası pəhləvan cüssəli, qoçaq kişi olub, qorxubilməz adammış. Yaxşı ev-eşiyi, qoyun-quzusu, heyvan-qarası varmış. Bir dənə də adı dillərə düşən kəhər atı varmış ki, çoxları o ata görə var-yoxundan keçərmiş. Ulu babam atı çox istəyərmiş. Bir gün ulu babam fikir verir ki, nədənsə, at geriləyir. Yeməkdən qalmasa da get-gedə sınıxır. Hər səhər tərin-suyun içində olur. Kişi barmağını dişləyir. "Ay dadi-bidad, mən sübhəcən atı çapıb eləyirəmmi ki, at bu kökə düşsün”. Hər şeyi yoxlamaq qərarına gəlir. Gün batabatdan tövlənin yanındakı samanlıqda gizlənib, güdməyə başlayır.
Yadıma düşdü, Azərbaycan nağılıdı: "Gül səmavərə neylədi, səmavər gülə neylədi". Üstünü vurmadım.
- Gecəyarısı kişi görür qapı açıldı, kimsə, yaxud nə isə tövləyə girdi, atı açdı, minib getdi. Kişinin ağzı açıla qalır. Çünki gözünə heç nə görünmürdü. Arabir anlaşılmaz qarışıq səslər eşidirdi, vəssalam. Sübhə yaxınsa at ağız-burnundan köpük daşa-daşa geri qayıdır, gözəgörünməz atı tövləyə salıb axurun yanına bağlayır, sonra yenə həm tövlə qapısı, həm də bayır qapı öz-özünə açılır-örtülür. - Qəfil söhbəti dəyişdi. - Gözlə, gedim çay gətirim, - tez-tələsik mətbəxə getdi.
Məncə, o nağılda belə şey yoxdu. Kişi görür ki, arvadı atı minib oynaşının yanına gedir. Burda hələ bilinmir atı minən kimdi. Hər halda kişinin arvadı deyil.
Deyəsən, həvəsə düşüb nağılı axıracan danışmaq istəyirdi. Mətbəxdən qayıtdı, sinidəki çay dəstgahını dolabçanın üstünə qoyub yanıma uzandı.
- Harda qaldım? - soruşdu.
- Kimsə atı minib aparır, səhərə yaxın gətirir. Kişisə heç kəsi görmür.
- Hə, amma kişi ağıllı adam imiş. Səhəri atın belinə qır sürtür, gün batan kimi dünənki yerində gizlənib yenə başlayır gözləməyə. Bir də görür elə dünənki vaxtda həyət qapısı öz-özünə açılıb-örtüldü. Tövlənin də qapısı həmçinin. Kimsə, yenə gözə görünmədən atı açıb belinə oturdu. Elə bu dəm əcaib-qəraib səslər artdı. Kişi tez yabanı qapıb qıra yapışanı tutanda əlinə can, bədən dəyir, ancaq gözlərinə heç nə görünmür. Kişi yabanı qaldırıb tutduğu bədənə soxmaq istəyəndə atın belində həqiqətən əcaib, nəhəng məxluq peyda olur. Əcaibliyi öz yerində, nəhəng olsa da, boy-buxunda kişi ondan geri qalmırdı.
- Öldürmə məni, - atın belindəki məxluq yalvarmağa başlayır.
Kişi əl saxlayıb soruşur:
-Sən kimsən?
Atın belindəki cavab verir:
-Qulyabanıyam. Məni öldürmə, and olsun şeytanın quyruğuna, nə istəsən eləyərəm.
Kişi qulyabanıya:
- Mən ölənəcən qulum olacaqsan, - deyir.
Qulyabanı deyir:
- Axı sən Allah adamısan, heç olmasa, haçansa azad olmağıma imkan ver.
Kişi razılaşıb:
-Yaxşı, - qulyabanının yaxasına bir sancaq vurur. – Bu sancağı nəslimdən-evimdən bir nəfər sənin yaxandan açanacan mənə qul olaçaqsan.
O gündən ulu babam qulyabanını evində qul kimi işlədir. Oduna göndərir, suya göndərir. Qışa kənddə hamıdan qabaq hazırlıq görür. Evinə taya-taya saman, şələ-şələ ot yığdırır. Beləcə, ilyarım-iki il keçir. Nəhayət, bir gün ulu babam evdə olmayanda qulyabanı onun nəvəsinin gözünə görünüb deyir:
- Sən nə qəşəng balasan…
- Get, yoxsa babama deyərəm səni öldürər.
Qulyabanı hiyləyə əl atır:
- Qorxma, gör boynumda nə gözəl sancaq var. İstəyirsən onu sənə verim?
Uşaq sevincək:
- Ver, - deyir.
Qulyabanı uşağın önündə diz çöküb:
- Gəl özün aç, mən əlimi sancağa vursam, şeytan məni daşa döndərər.
Uşaq yaxına gəlib sançağı qulyabanının yaxasından açır, o dəm qulyabanı qeyb olur.
Kişi sancağı uşağın əlində görüb hər şeyi anlayır. Qulyabanısa kişidən hayıf çıxmağa başlayır. Gətirdiyi ot tayalarını yandırır, odun-ocağı dağıdır, gözə də görünmür. Kişi neçə kecə yatmayıb keşik çəksə də, qulyabanı ələ keçmir. Bir gün qulyabanı kişinin atını da öldürür. Kişi tamam özündən çıxır. Hirs-hikkəsindən bilmir neyləsin. Axırda yabanı, bir də qulyabanının yaxasına vurduğu sancağı götürüb yola düzəlir. Kənd-kənd gəzib qulyabanını axtarır. Lakin əldən düşüb kor-peşman qayıdır. O gündən hər şey qaydasına düşür. Qulyabanı kişini rahat buraxır. Bir gün ulu babam bilmirəm oduna, ya ota gedibmiş, görür ki, kəndin qırağında arvadlı-kişili bir dəstə adam dövrələmə oturub, yeyib-içir, çalıb-oynayır. Ətrafdan xəbərləri yoxdu, heç nəyə, heç kimə məhəl qoymurlar. Kişi yaxınlaşıb görür ki, ortada bir xanım oynayır, bir xanım oynayır, üzünə baxan gözəlliyindən az qalır bihuş olsun. Oynayan gözəl kişiyə xeyli qaş-göz eləyəndən sonra əl atıb, yerdən bir qab halva götürüb ona uzadır. Kişi boşqabı alıb neyləyəcəyini bilmir. Bu vaxt arxada at kişnərtisi eşidilir. Kişi bir anlığa arxaya boylanıb öz atını tanıyır. Bir də qadına baxmaq istəyəndə görür yanında ins-çins yoxdu, lələ köçüb yurdu qalıb. Elə bil bu yerlərə binayi-qədimdən adam ayağı dəyməyibmiş. Kişi atına sarı dönmək istəyəndə görür at-zad nə gəzir, ətrafda qotur dayça da yoxdu. Əlindəki boşqaba baxanda görür ki, boşqabdakı halva yox, at nəcisidi. Kişi mat-məəttəl evinə dönəndə quruyub qalır. Ev-eşiyi yoxa çıxmışdı, arvad-uşağı quru yurdda qalmışdı. Kişi özünü saxlaya bilməyib sançağı qulyabanın yaxasından açan nəvəsinə qarğıyır.
- Mən bu cəfəngiyatı neçə adamdan eşitmişəm. Ələlxüsus, atın belinə qır sürtmə məsələsini.
- Bilirdim inanmayacaqsan.
- Burda inanmalı nə var axı? Çayı ver görüm, - stəkanı mənə uzatdı, mən belimi yastığa dirəyib dikəldim və stəkanı Lalədən aldım. - İndi deyəcəksən ki, qulyabanının yaxasından sancağı açan körpə nənəm idi. Ona görə mən bədbəxtəm, elə anam da bədbəxtdi, qızım da bədbəxt olacaq, - çayı birnəfəsə başıma çəkib boş stəkanı Laləyə verdim. O, stəkanı dolabçanın üstünə qoydu.
- Sən bunları hardan bilirsən?
- Göydən! Neçə ildı tanıyıram səni…
- Səncə danışdıqlarım uydurmadı?
- Sənin başın işləmirmiş ki…
- Yox, mən istəyirəm düzünü deyəsən, - dikəlib sifətimə baxdı. - Bu qulyabanı məsələsindən, nənəmin sancağı qulyabanının yaxasından açmağından ağlın nə kəsir?
- Mən biləni sənin nənən yerli-dibli olmayıb. Olsa da sən onun üzünü görməmisən.
Gülümsündü:
- Ağ eləmə də, rəhmətliyin qəbri var. Vladiqafqazda… Özüm görmüşəm.
- Qəbrini görə bilərsən, - dedim. - Özünü yox. O, sənə heç vaxt heç nə danışmayıb. Çünki sən onu görməmisən.
- Nə danışırsan? - yerindən durub işığı yandırdı. - Gozünü yum, baxma mənə, - dedi.
Mən onun sözlərinə görə yox, gözümə işıq düşdüyündən kirpiklərimi sıxdım:
- Uşaq oyanar, - dedim. - Söndür işığı.
- Oyanmaz, - dedi. - Öyrəncəlidi, - yerinə girib çılpaq bədənini örtdü. - İndi aç gözlərini, - açdım, bir şəkil verdi mənə. - Bu nənəmin salamat qalan yeganə şəklidi. Mənimlə çəkdirib. Rəhmətlik məni çox istəyirdi.
Şəklə baxıb:
- Bu ki, sənin anandı, - dedim.
- Yox, anamla nənəm çox oxşayırdılar, bir almaydılar elə bil, - əlimdəki şəklə maraqla nəzər salırdı, elə bil birinci dəfəydi görürdü.
Şəkli çevirib arxasına baxdım, qara avtoqələmlə "24.06.80" - bir az aşağıda: “Baku” - yazılmışdı:
- Yenə iyirmi dörd iyun, - pıçıldadım.
Adicə şəkildi, Lalənin anasına oxşayan nənəsi xoşsima qadındı, üzündən nur yağırdı, guya indicə məzəli əhvalat eşitmişdi, amma rəhmətlik babasından çəkinib ürəkdolusu gülə bilməmişdi. Gülüşü sir-sifətinə hopmuşdu. Gözlərisə kədərli idi. Laləsə nənəsinin yanında elə oturmuşdu ki, guya indicə fotoobyektdən uçan xalça çıxıb onu ulduzların yanına aparacaq. Dodaqları azca aralanmışdı, gözləri bərəlmişdi, sanki nənə nəvəsini sakitləşdirməkdən ötrü əlini onun çiyninə qoymuşdu.
- Nənən nə vaxt ölüb?
- Yetmiş beşinci ildə. Mənim on yaşım olanda…
Şəklin arxasındakı yazıları göstərdim:
- Bu şəkil səksəndə çəkilib axı…
Lalə:
- Şəklin arxasındakılar səhv yazılıb, - dedi.
Mənə elə gəldi ki, qəflətən nələrsə Lalənin yadına düşdü, yadına düşənləri gizlətməkdən ötrü tez-tələsik şəkil söhbətini bitirməyə çalışdı.
… Sağaldığım gün evdən çıxmayıb yır-yığış elədim. Çimdim, paltarıma ütü çəkdim. İlk sağlam günüm sakit keçdi. Yox, lənət şeytana, Lalə zəng vurub dedi ki, "tı samıy podlıy çelovek v mire". Mən cavab verdim: "Tı prava kak vseqda".
Ertəsi işə getdim, yaman sevinirdim. İşdəsə, maraqlıı heç nə yox idi. İşdən sonra da evə piyada, afişalara, vitrinlərə baxa-baxa qayıtdım. Noyabrın axırı olsa da kəsərli gün çıxmışdı. Evə gəlmək adıyla əllərimi plaşımın çibinə soxub bir xeyli veyilləndim, həyətmizə çatanda sahə polisimizlə rastlaşdım.
- Məllim, neyləmisən sən? - salam-kəlamsız soruşdu.
- Necə ki?
Polis papağını peysərinə "ilişdirib" alnını, gicgahını ovuşdurdu:
- Sizə getmişdim, evində heç kəs yox idi. Subaysan da sən, hə?
- Hə, - dedim.
- Özün də şərəşür adama oxşamırsan. Deyirlər, kitab-zad yazırsan.
Səbrim tükəndi:
- Nolub axı?
- Əşi heç nə, səni sabah səhər on tamamda rayon prokurorluğuna çağırırlar. İki yüz on ikinçi otaq…
- Niyə çaqırırlar?
Çiyinlərini çəkdi:
- Mənə də demədilər. Ağlına bir şey gəlmir?
- Hardan, - arxayın-arxayın gülümsündüm. - Mən oğru-quldur deyiləm ki…
Polisin çöhrəsi nurlandı:
- Deyirəm də, - mən binaya sarı addımlamağa başladığımdan o da yanıma düşdü. – Ciddi bir şey ola bilməz.
- Əlbəttə, - dedim.
- İncimə, qardaş, hamı istəyir ki, bu çətin zamanda bir parça çörəyini sakit yesin. Bax, bir həftə əvvəl tindəki barda dava düşüb, cıqanın birisi çıxarıb tapançanı, iki nəfəri o dünyalıq eləyib, özü də aradan çıxıb. Kimin sahəsində olub? Vəkilovun… Elə bilirsən buna görə mənə: "çox sağ ol" - deyirlər.
Blokun qabağında dayandım, Vəkilov da ayaq saxladı.
- Deyirsən, elə bir şey ola bilməz? - dinc dura bilmirdi, indi də qırmızı yanaqlarını sığalladı, bığlarına tumar verdi.
- Arxayın ol, - nigaran olsam da, ona ürək-dirək verdim. - Başqa cür olsaydı, səhəri gözləməzdilər, elə indi qabaqlarına qatıb aparardılar.
Ayrılanda bir də xatırlatdı:
- Yadından çıxmasın, səhər saat onda, rayon prokurorluğu, iki yüz on ikinci otaq. Narahat olma, lazım gəlsə, ordan sənə kağız verəcəklər ki, işdə bir söz deyən olmasın. Özün də qayıdandan sonra mənə dəy, görüm nə məsələdi...

1993-95

Davamı

18.2.10

GEDƏN

O, getdi. Qapını bağlayandan sonra divana yayxanıb ayaqlarımı stula uzatdım.
O, gedəndə mənə göz vurub: "Hər şey yaxşı olacaq", - dedi.
Mən gülümsündüm.
İndi, köynəyimin döş cibindən siqaret cıxarıb yorğun-yorğun alışdıranda və əyilib jurnal stolundakı külqabını götürüb qasığımın üstünə qoyanda düşünürəm ki, gərək gülümsəməyəydim, bir söz deyə bilməsəm də, heç olmasa baxışlarımla, sir-sifətimin ifadəsi ilə cavabını verəydim. Anlamalıydı ki, az-çox mənim də dünya işlərindən başım cıxır.
Son sözü tam və qəti qələbədən xəbər verirdi: "Çao". Mən bu kəlməni o dəqiqə tərcümə elədim: "Balqabaq!" Əslində onu "balqabaq"lığıma qeyd-şərtsiz inandırmaqdan ötrü qımışdım.


O, qapıdan çıxanda divar saatı altını vurdu və qəfil yadıma düşdü ki, Ələkbərin köhnə "Moskviç"inə minib kəndimizdəki uçulub-dağılmış dəyirmanın yanına gələndə mənim altı yaşım vardı, hələ məktəbə getmirdim. Ələkbər maşını dəyirmanın yanında saxlayanda mən nədənsə: "Bura haradı?" - soruşdum. Halbuki uşaqlarla günümüz burda keçərdi. "Dava-dava", "ənzəli" oynayardıq, gecə-gündüz evdə tapılmazdıq. Gün hamımızı qapqara qaraldıb zənciyə döndərmişdi. Ələkbər bığaltı pıqqıldayıb: "Moskvadı bura," - dedi. Mən Ələkbərin dediyinə tamam-kamal inandığımı göstərmək üçün: "Moskvada inəklərə bax e...” - mızıldadım. Bu dəfə Ələkbər qəhqəhə çəkdi. Evimizdə atamla söhbətləşəndə də qəhqəhəsini boğa bilmirdi. "Apardım oğlunu Moskvaya. Moskvadakı inəkləri göstərdim". O gündən Ələkbərin dəli qəhqəhəsi kəsilmədi. O gündən Ələkbər yuxu nədi bilmədi, elə gülə-gülə danışdı, yedi-içdi, gəzib dolandı, kəndimizdəkilər Ələkbərdən gen gəzməyə başladı, onun sonsuz qəhqəhəsi hamını bezdirmişdi. Axırda arvadı da baş götürüb getdi və Ələkbər maşınına minib arvadını axtarmağa yollandı, amma tapa bilmədi. Əvəzində Gülgəzin oğlunun şişib-iylənmiş meyitini gətirib zor-güc maşından saldı dəyirmanın həyətinə, sonra da qəhqəhə içində cibindən tapançanı çıxarıb beyninə tuşladı. Yalan-gerçək falçı Xeyrənsə deyirdi ki, beyni dağılıb qəhqəhəsi kəsiləndə də Ələkbərin əcaib hala düşən sifətində məsum bir gülüş donubmuş.
Düzünə qalsa, qapıdan çıxaçıxda elə gülümsünə-gülümsünə onu arxadan çağırmaq istədim. Amma özümü ələ almaqdan ötrü bütün iradəmi topladım. Ardınca başqa səhvlər gələ bilərdi. Məsələn, yoldan elədiyimə görə köhnə sandıqları açıb palan içi eşələyərdim ki, yəni mən də hərif-zad deyiləm. Şükür, dilimi dinc qoydum, onsuz da heç nə dəyişməyəcəkdi, onun mənə təsəllivari dediyi "hər şey yaxşı olacaq" da əslində başımın altına yastıq qoyub məni yuxuya verməkdi.
Mənsə balıncsız-mütəkkəsiz öz xoşuma divana yayxanıb gözlərimi yummuşdum və arabir yarıyuxulu siqaretin külünü külqabına çırpırdım, nəhayət, siqareti külqabına basanda mənə elə gəldi ki, əməlli-başlı yuxu görürəm. Və gördüyüm yuxuya tam daxil ola bilmirəm, çünki harasa gedəcəyəmmiş kimi arabir gözümün birini açıb divar saatına baxırdım, amma əqrəbləri seçə bilmirdim. Bəlkə də elə yuxuda əqrəbsiz-rəqəmlərsiz dördkünc saat görürdüm. Dilxorçuluq, puçluq keyləşdirmişdi məni, süstləşdirmişdi. Mən həyatdan yuxuya günahkarların bu dünyadan o dünyaya keçmə dəmi qədər ağır gedirdim. Elə bil ruhum bədənimi tərk eləməyə hazırlaşarkən hansı ağzıgöyçək qarınınsa: "Bunun üzünü qıbləyə çevirin", - dediyini eşidib vahimələnmişdim, tərpənməyə taqətim olmasa da bütün güc-qüvvəmi toplayıb nəsə pıçıldamaq istəyirdim. O dünyanın qorxusu, ölüm xofu beynimi-şüurumu ifliç eləmişdi.
Bu arada telefon zəng çaldı, deyəsən, gözlərimi də geniş açdım. Tərs kimi cəmi bircə zəng gəldi, yoxsa ayağa durardım, çünki elə kirpiklərimi bir-birinə sıxa-sıxa fəhmən anlayırdım ki, bərk yatsam, dəhşətli bir yuxu görəcəm, qalxmağa çalışsam da, qımıldana bilmirdim.
O, qapıdan çıxanda onun uşaqlıq şəklinə baxdığım gecə ağladığım yadıma düşməsəydi, yəqin divana yayxanıb göz yaşı axıdacaqdım. Ancaq nədənsə, o, gedəndə, düzünəsi, o, danışıb mənə nələrisə başa salmağa çalışanda həmin şəkil gözümün önündə idi və mən bu dəfə şəklə baxa-baxa gülümsünürdüm. O gecə o şəklə baxarkən ağladığıma gülümsünürdüm, lap Ələkbərin qəhqəhəsi sayaq o çıxıb gedənəcən çarəsiz gülüş sifətimdən silinmədi.
O şəkildə onun beş-altı yaşı olardı. Yaşıdları ilə şəkil çəkdirmişdi. Uçuq-sökük çəpərin fonunda iki balaca qızdı, iki oğlan. Ancaq ona oxşayanı yoxdu, çünki onun təkcə çöhrəsinə yox, gözlərinə də gülüş hopmuşdu. Bu xoşbəxt gözlərin işığında köynəyinin qırılmış düymələri və paltarındakı yamaqlar kölgələnirdi. Fotoobyektivə heyrətlənibmiş kimi dodaqları azca aralanmışdı. Əzik ağ-qara şəkildəki uşaqlar cansız görünürdülər. Elə bil özündən başqa yanında heç kəs yox idi. Hər nə idisə, boynuma alıram ki, o şəklə gecəyarısı gözüm sataşanda əməlli-başlı ağlamaq tutdu məni. Mən o şəklə baxanda o, qayğısız-qayğısız yatırdı. Evdən heç bir hənirti, səs-səmir gəlmirdi, qəfilcə mənə elə gəldi ki, bayaqdan uğuldayıb qapı-pəncərəni döyəcləyən küləyin də səsi eşidilmir. Külək sakitcə mənzilimə girib, onun uşaqlıq şəklinə baxa-baxa doluxsunub.
O vaxt Ələkbəri basdıranda da küpək doluxsunmuşdu, o vaxt atam da küləyə oxşayırdı.
O vaxt atam yuxarılara saqqal tərpədib Ələkbərin meyitini güçlə ala bilmişdi, çünki onun meyitinə iş kəsmək istəyirdilər.
Ya vəlvələdən, ya zəlzələdən həqiqət budur ki, mən onun uşaqlıq şəklini görəndə dəli külək kimi hay-küyümü kəsib doluxsunmadım, əməlli-başlı ağladım. Düzdü, səhər açılanda axşamkı göz yaşlarıma gülməyim gəldi, dedim yəqin gecə çox içmişəm. Lakin sonralar da o şəklə baxanda kefim pozulurdu. Dilxor olacağımı qabaqcadan duysam da, arabir həmin şəklə baxmağım gəlirdi.
Əslində o, ağzını açmamışdan duymuşdum nələr deyəcək. Çünki gecə yuxuda rəhmətlik Ələkbərin arvadını çılın-çılpaq görmüşdüm.
Ancaq deyirdilər ki, Ələkbər "qəhqəhə xəstəliyinə" tutulandan onun arvadını görən olmayıb...

Davamı