17.8.12

Elçin. AXTARIŞLARIN UĞURLU BƏHRƏSİ

Mübariz Cəfərlinin yeni povesti haqqında qeydlər

Mən Mübariz Cəfərlini şəxsən tanımasam da, artıq neçə ildir ki, mətbuatda bu müəllifin hekayələrini, povestlərini izləyirəm və doğrusu, təəccüb edirəm ki, nə üçün ədəbi tənqid onun yaradıcılığına layiq olduğu diqqətlə yanaşmır. Görünür, bunun bir səbəbi də ondadır ki, Mübariz müəllim özünüreklamdan, ədəbiyyatkənarı ajiotajdan uzaq bir adamdır (hər halda mənə belə gəlir) və bir küll halında, yəni ümumiləşdirərək götürsək, bugünkü Azərbaycan ədəbi prosesindəki bəsitlik yalnız öz yazı-pozu işi ilə məşğul olan bu yazıçını ümuminin arasından seçməyə imkan vermir.
Mübariz Cəfərlinin “Əl” povestini (“Azərbaycan” jurnalı, 2009, № 11) vaxt ucbatından bir az gecikdirsəm də, oxudum və mən əvvəllər də bu yazıçının ayrı-ayrı əsərləri barədə yeri düşdükcə bəhs etmişəm, ancaq güman edirəm, “Əl” artıq o əsərdir ki, haqqında ötəri bəhs etmək yox, xüsusi yazmaq lazımdır, çünki bir yazıçı kimi Mübariz Cəfərlinin güclü və zəif cəhətləri bu əsərdə özünü aydın göstərir.

İlk olaraq onu deyim ki, müəllif təhkiyənin bu povest üçün uğurlu formasını tapıb və bu cəhət mənim üçün əhəmiyyətlidir ona görə ki, artıq əldə edilmiş professionallığın göstəricisidir. Oxucuda (misal üçün, məndə) elə bir təəssürat yaranır ki, elə bil, sən əsəri oxumursan, kimsə söyləyir, sən də qulaq asırsan; “kimsə” – müəllifin özü və iki personaj (Həbib kişi və Əhməd kişi). Həm də həmin “söyləmələrin” arasında “bu – müəllif mətnidir, bu – Həbib kişinin dedikləridir, bu da – Əhməd kişinin dedikləridir” deyə dəqiq bölgü, təhkiyələr sərhədi yoxdur, keçidlər tamam təbii olaraq bir-birini əvəz edir.
Bir cümlə ilə ifadə etsək, əsərin anekdotu bundan ibarətdir: təqaüdə çıxmış neftçi (dəniz neftçisi) Həbib kişi bir gün yatıb yuxuda görür ki, ona deyirlər: filan gündən sonra filan qohumun, ya tanışın öləcək, “Get, sağ əlini qoy onun sol çiyninə, ölməsin”; beləliklə də, yuxular davam edir, həmin filankəslər də Haqq dünyasına köçür. Və müəllif bu mistik fabulanı həyatiləşdirə bilmişdir, daha dəqiq desəm, ona “məişət-güzəran donu” geyindirməyi bacarmışdır. Ancaq bütün bunlar əsərin zahiri görüntüləridir, əslində isə, söhbət həyatın mənasından (və yaxud, mənasızlığından!) və bu məna (yaxud mənasızlıq) içində insani münasibətlərdən, insanların həyatdakı fərdi missiyalarından, ümumi mənəvi dəyərlərdən (belə bir missiya, dəyər həqiqətən də varmı? yoxmu?) gedir, oxucunu da emosional bir maraq içində özü ilə aparır, amma o yerə qədər ki, orada əsərin bədii-estetik mündəricatına yad olan fəlsəfəçilik başlanır.
“Əl” mistik-fəlsəfi povestdir və əsərin bədii məziyyət və kəsirləri də elə bu bucaqdan baxanda aydın görünür: müəllif buradakı mistikanı akvarellə işləməyi bacarmış, bədii intriqanı dəqiq göstərmişdir. Fəlsəfi hissə haqqında isə belə demək mümkün deyil. Bunun səbəbi odur ki, Mübariz Cəfərli, əgər belə demək mümkünsə, fəlsəfi hissəyə müdaxilə edir və bu zaman süjetin inkişafı təbii axarından çıxır, həyat, ölüm barədə tanış və bir sıra məqamlarda isə bəsit, primitiv mülahizələr ya müəllifin, ya da personajların (Həbib və Əhməd) dili ilə əsərə bədii zərər vurur, fəlsəfi nəticəni oxucu yox, bu nəticəni bədii detallara, ştrixlərə əsaslanmadan müstəqim olaraq müəllif özü çıxarmağa çalışır.
Əksinə, mistik hissə isə ona görə oxucunu ələ alır və mahiyyət etibarilə əsəri bədii məğlubiyyətdən xilas edir ki, burada həmin “müəllif müdaxiləsi” yoxdur, dəqiq ştrixlər, ilk baxışda ötəri görünən, əslində isə mühüm olan detallar, təsadüfi görünən, əslində isə bədii baxımdan zəruri xatırlamalar elə təbii və münbit zəmin yaradır ki, deyilən (və bilavasitə deyilməyən!) sözün çəkisini artırır.
Həbib kişi fikirləşir: “Pensiyaya çıxmağım məni filosof eləyir.” Və bundan sonra müəllif fəlsəfəçiliyə başlayır, Həbib kişinin düşüncələrinə heç vəchlə hansısa bir bədii ehtiyac olmadan məlum, çox eşitdiyimiz və oxuduğumuz “fəlsəfi” mülahizələr əlavə edir, elə bil, ehtiyatlanır ki, birdən, Həbib kişinin düşüncələri fəlsəfi olmaz... Halbuki, “pensiyaya çıxmağı Həbib kişini filosof edib” qənaətinə oxucu gəlməlidir, bunu müəllif (indiki halda Həbib kişinin dili ilə) deməməlidir, yox, hərgah bunu bilavasitə demək onun üçün prinsipial əhəmiyyət daşıyırsa (Lev Tolstoy kimi!), mükəmməl, yəni əsaslandıra-əsaslandıra, inandıra-inandıra deməlidir (yenə də Lev Tolstoy kimi!).
Mənə elə gəlir ki, Mübariz müəllimin istedadının yönü, bədii-estetik istiqaməti fəlsəfi mülahizələr yürütməkdə yox, fəlsəfi mahiyyəti bədii detal və ştrixlərlə, eyhamlarla, yeri gəldikdə istehza, ironiya və s. ilə göstərməkdədir. Həbib kişi canlı insan olanda qat-qat artıq dərəcədə filosofdur, mülahizələri daha düşündürücü, daha təsirlidir “zorən-təbib” surətdə “fəlsəfi” fikirlər söylədikdə (ya da bu işi onun yerinə müəllif gördükdə).
Mübariz Cəfərlinin qələminin gücü göstərməkdədir və o göstərməyi bacarır, sənətin vacib atributlarından biri olan bu xüsusiyyət onun istedadının tərkib hissəsidir, odur ki, onun göstərdiyini şərh etməyə ehtiyac yoxdur. Bəzən müəllif o qədər aludə olur ki, hətta təbiət təsvirinə də bilavasitə “fəlsəfi” don geyindirmək cəhdi özünü göstərir. Fikir verin: “Sakit yay gecəsiydi, ay bədirlənmişdi, ulduzlar ayı əhatəyə almışdılar. Elə bil, ayı dilə tutub yola gətirməyə çalışırdılar. Deyəsən ay da könülə (?- E.) gəlmişdi, dinib-danışmırdı, fikrə getmişdi”.
Ayın bu cürə “fikrə getməyi”nin bədii-emosional təsiri, psixoloji situasiyaya sirayət etmək imkanı, güman edirəm ki, yox dərəcəsindədir.
Ölüm mövzusu bu povestdə aparıcı xətlərdən biri, bəlkə də, birincisidir və Mübariz Cəfərli, ümumilikdə, ədəbiyyatın bu əbədi mövzusunda öz fərdi yazıçı sözünü deməyi bacarmışdır, bu da, əlbəttə, istedaddan və professionallıqdan xəbər verir.
Ancaq o yerdə ki, əsərin həmin uğurunu müəyyənləşdirən psixoloji detalları, ştrixləri, eyhamları ölüm mövzusunda müəllifin bilavasitə şərhləri (ya özünün, ya da personajların dili ilə) əvəz edir, bu zaman əsərin ümumi ruhuna, bədii-estetik xüsusiyyətlərinə, üslubuna yad olduğu üçün, fəlsəfəbazlıq dayazlığı üzə çıxır və dediyim kimi, bədii ziyan vurur. Bu parçada olduğu kimi:
“Ölüm gözlə qaş arasındadı. Yox, yalandı, hər şey qabaqcadan yazılıb. Belə deyiləydi gərək dəqiqlikdən ötrü: “qabaqcadan yazılan ölüm gözlə qaş arasındadı”. Get, dayan güzgünün önündə. Diqqətlə bax gözlə qaş arasına. Gördüyün göz qapağı olacaq. Deməli, ölüm göz qapağının ya altındadı, ya üstündə... qaşdan aralıdı, gözə yaxın.”
Nə olsun? Təsvir edilən (və yaxşı təsvir edilən!) psixoloji situasiya ilə bağlı bu darıxdırıcı fikirlər nə verir? Hansı bədii ehtiyacın nəticəsi, hansı bədii sualın cavabıdır?
İndi isə elə həmin gərgin psixoloji situasiya ilə (söhbət Rüstəmin qəfil ölüm xəbərini eşidən Həbib kişinin sarsılmasından gedir) bağlı bu parçaya fikir verək:
“Daha dənizdə, neft daşlarında, buruqlarda işləmirdi, təqaüdə çıxmışdı, bəs, görəsən otaq niyə ləngər vururdu, qağayıların səsi hardan gəlirdi?.. Gözünün qabağına niyə apaydın, buludsuz səma gəlirdi? Deyəsən, dalğalar güclənmişdi, ləpələr duzlu suyu onun üz-gözünə vurmuşdu, Allah xeyirə calasın, fırtına başlayırdı, nədi?”
Bundan sonra arvadı deyəndə ki, “- Ay kişi, özünə gəl, xəstə adamsan...”, biz Həbib kişinin həqiqətən özündə olmadığına, gərgin psixoloji anlar yaşadığına inanır və bu hissiyyatı duyuruq, çünki Həbib kişi dünyanın vəfasızlığı barədə haray-həşir salmır, “dəruni” fikirlər söyləmir, sadəcə olaraq (!) onun otağı gəmi kimi ləngər vurur, o, qağayıların səsini eşidir, birdən-birə aydın səma görür (qara buludlar yox, məhz aydın!), dəniz suyunun duzlu təmini hiss edir... Burada müstəqimlik, birbaşalıq yoxdur və elə buna görə də emosional təsiri daha güclüdür.
Ona görə də mən istəməzdim ki, bu povestdə bəzən trafaretlərlə rastlaşaq, misal üçün, müəllif məlum “alın yazısı”nın açıq qapısını “Yəqin tale, qismət, ömür deyilən sirli-sehrli yolu heç kəs özbaşına qət eləmir. Hərənin öz sarbanı var”, - deyə döyməyə başlasın, yaxud “Amma sən işləmə, mən əlimi ağdan-qaraya vurmayım. Bəs, altı milyard bəndəni kim yedirdib-içirsin, kim geyindirsin? Bax, budur əsas məsələ!” – deyə çoxdan salınmış cığırlarla getsin.
Mübariz Cəfərli bir neçə dəqiq tapılmış və heç vəchlə gözə soxulmayan məişət xarakterli qrafik cizgilərlə surəti canlandırmaq bacarığına malikdir. Povestdə Rüstəmə ayrılmış yer iki-üç jurnal səhifəsindən artıq deyil, ancaq bu, müəllifə kifayət edib ki, canlı, ətli-qanlı bir surət yaratsın.
Həbib kişi ilə köhnə dostu Əhməd səhər-səhər Rüstəmgilə gəlir və Rüstəm bu qəfil qonaqları belə qarşılayır: “- Gəlin, gəlin, xoş gəlmisiniz... Keçin,- qonaq otağına gətirdi bizi.- Oturun,- Rüstəmin gözləri gülürdü. Əynindəki maykasının üstündən yekə qarnını qaşıya-qaşıya stol arxasında bizimlə üzbəüz əyləşdi.- Ay Sənəm, ay arvad, hardasan, çay gətir görək, gör bizə kim gəlib, tez elə... – Arvadından səs çıxmadığını görüb, izahat verdi.- Tualetdədi, çıxar indi...”
Olsun ki, Rüstəmin bu sözləri (“Tualetdədi, çıxar indi...”) bir fransız üçün heç nə demir, ancaq mənsub olduğu və dilində yazdığı xalqın mentaliteti, ənənələri kontekstində bu sözlər kifayətdir ki, Rüstəmin xarakteri məxsusi kolorit çalarları əldə etsin və orasını da deyim ki, müəllif bu optimist, ailəcanlı, çox da dərin düşüncələrə dalmaq imkanına malik olmayan surətin o qədər də yüksək səviyyədən xəbər verməyə zarafatlarının, hazırcavablığının üzərində faciəvi bir aura yarada bilmişdir.
Məsələ burasındadır ki, Rüstəm Həbib kişinin növbəti yuxusunun qəhrəmanıdır və bu dünyada ona verilmiş müddət bitib, ancaq Həbib kişi təhtəlşüur olaraq bunu bilsə də, Rüstəmin özünün bundan xəbəri yoxdur. Rüstəm həqiqətən də ölür və mən bu povestin ümumi uğurunu onda görürəm ki, oxucu yalnız Rüstəmin ölümündən təsirlənmir, cürbəcür qiyafədə gündə yüz dəfə gördüyümüz bu adi insanın ölümü onu, yəni oxucunu, ümumiyyətlə, həyatın faniliyi barədə düşündürür. Həm də bu yerdə müəllif heç bir fəlsəfəçiliyə getmir, bədii vasitələrlə situasiyanı göstərməyi bacarır və müəllifin beləcə şərhçiliyə varmaması burada elə fəlsəfi baxımdan da daha artıq söz deyir, daha artıq düşündürür, təsirləndirir.
“Əl”də mənim xoşuma gələn cəhətlərdən biri bu oldu ki, əsərdə ənənəvi süjet xətti yoxdur, yəni süjet xətti boyunca inkişaf edən vaqeə, hadisə yox, vəziyyət, psixoloji durumdur və bu, əlbəttə, nasir fəhmi, səriştəsi tələb edir. Mübariz Cəfərlidə belə bir fəhm və səriştə var. Ancaq hərdən ölçü hissi onu aldadır və nəticədə əsərə artıq epizodlar, yad mətn daxil olur. Misal üçün, elə bilirəm ki, Rüstəmin oğlu Əjdərin tələbə ikən institut macərası öz-özlüyündə maraqlı olsa da, həm həqiqi, həm də məcazi məna baxımından povestdəki mətləbə yaddır.
Mübariz Cəfərli obrazlı yazmağa çalışır və bu zaman Azərbaycan atalar sözlərindən və idiomatik ifadələrdən bədii effektlə istifadə edir. Bu cəhət onun təhkiyəsini obrazlılıq mənasında milliləşdirir və mühümü odur ki, bu zaman belə bir mətn milliliyi məhdudiyyətə yox, əksinə, söylənən fikirlərin, təsvir edilən situasiyaların alt mətnini (sözaltı mənasını) dərinləşdirir, söz ilə deyilməyənlərin miqyasını genişləndirir.
Baxın, kiçik bir povestdə “bəndə arşını xətalı olur”, “ayranına turş demək”, “ya vəlvələdən, ya zəlzələdən”, “qırxında öyrənən gorunda çalar”, “ayranına turş demək”, “qismətdən artıq yemək olmaz”, “fələyin yazdığını bəndə poza bilməz”, “haqqı nahaqqa vermək”, “ucundan tutub, ucuzluğa getmək”, “gecə qara, cücə qara”, “yel vurub, yengələr oynayır”, “kor kora kor deməsə, bağrı çatlayar”, “ələyi ələnib, xəlbiri göydə fırlanır”, “ölən öldü, torba doldu”, “Allahdan buyruq, ağzıma quyruq”, “istədiyi yar idi, yetirdi pərvərdigar”, “ağır otur, batman gəl”, “qardaş getdi yanımdan, övlad getdi canımdan”, “gələn getməlidi, ölənlə ölmək olmaz”, “doşab alıb, bal çıxıb”, “köhnə palan içi eşmək”, “şər deməsən, xeyir gəlməz”, “yazıya pozu yoxdu”, “dayazda üzə bilməyənin dərində nə azarı” və s. kimi folklordan gələn deyimlər işlədilir, həm də bunlar yalnız personajların dili ilə deyilmir, uğurla müəllif təhkiyəsinə də daxil edilir. Başqa bir əsərdə bu cəhət bəlkə də bədii ifratçılığa, hətta primitivliyə gətirib çıxara bilərdi, ancaq “Əl”də belə deyil və bunun əsas səbəbi odur ki, bu deyimlər mətndə süni şəkildə (bəzi hallarda lüğət kitablarından götürülərək!) yerləşdirilmir, əksinə, təhkiyənin təbii tərkib hissəsinə çevrilir.
Mübariz Cəfərli axtarır, yeni söz demək istəyir və belə başa düşürəm ki, bədii-estetik axtarışlar üçün onun bir nasir kimi yaxşı potensial imkanları var. “Əl”in təcrübəsi göstərir ki, bu imkanlar müasir nəsrimizin maraqları, onun bədii-estetik sanbal əldə etməsi baxımından perspektivlidir və onların potensiyadan reallığa doğru hərəkətinə yalnız bu yazıçının özünün yox, ümumiyyətlə, çağdaş nəsrimizin ehtiyacı var. Bu gün romanlar, povestlər, hekayələr çox yazılır, ancaq ortaya çıxan uğurlu, əhəmiyyətli əsərlərin sayı azdır. Mən yuxarıda yazdım ki, ədəbi prosesimiz, bir küll halında götürsək, bəsitlik (yəni reklamçılıq, qərəzçilik, “obıvatelşina”, savadsızlıq, qaragüruhçuluq və s.) dərdinə mübtəladı, ancaq eyni zamanda, say etibarilə az olsa da, istisnalar var və məhz onlar – həmin istisnalar “Əl” kimi əsərləri çoxluğun arasından seçib ədəbi prosesə gətirməyi bacarmalı, ədəbiyyatımıza gələn yeni və ciddi (!) qüvvələri obyektiv ədəbi himayəyə götürməlidir.

27 avqust 2010

“525-ci qəzet”, 25 sentyabr 2010


Davamı

28.5.12

Pedro de Xesus. USTADIN EVİNDƏ BAYRAM

Qaçmağın elə üsulu var ki, daha çox axtarışa bənzəyir.

Viktor Hüqo

Bu gün sənin məclisinə rəng qatmaq ləzzəti və xoşbəxtliyi mənə nəsib olacaq, Ustad. Mən bilirəm ki, bəzən sən ümumiyyətlə nə isə bişirməkdən vaz keçirsən, aclığını da dünənki şamın qalıqları ilə öldürürsən. Mən bilirəm ki, yemək hazırlamaq sənin üçün bayramdır; əks təqdirdə sənin əlin soyuyur. Bayram isə, Ustad, onu tələb edir ki, başqalarının qarşılıqlı istəyi olsun, yaxud onlar bu istəyin olduğunu düşünsünlər, ya da özlərini belə göstərsinlər, – istəyin dərəcələrindən səndən yaxşı başı çıxan çətin tapılar.
Bayram onu tələb edir ki, qonaqlar gərgin halda kətillərdə otursunlar və ombalarını bir-birinə toxunduraraq, əllərini aşağı uzadıb yekə boşqabdakı qızarmış kartofdan yesinlər – sənin menyunda bu, yüngül qəlyanaltıdır, sadəcə gözün qurdunu öldürməkdir.

Bayram onu diktə edir ki, sən a la ville roi çolpa üçün hazırladığın sousu bir an da gözdən qoymayasan, amma həm də gözaltı baxıb Qırsaqqızın Kamaqueydə doğulub boya-başa çatdığını və adının Əzələ olduğunu söyləyən kəsin şalvarının qabağını necə açdığını görəsən. Sən ağzına bir qaşıq düyü qoyub əmin olursan: düyü hazırdır, Qırsaqqız isə o an diz çökmüş halda az qala boğulur. Sənin çox qəşəng bayramın var, Ustad: yetişmiş pomidorları təqribən bir boyda dairələrlə kəsmək, xırda-xırda doğranmış kələmin, yaşıl bibər zolaqlarının və səhranın tozu kimi narıncı kökün rəng uyğunluğundan ləzzət almaq; sən kökü həzz ala-ala sürtkəcdən keçirir və onu bu əlvan kompozisiyanın üstünə səpməyin zərif sevincindən məmnunluq duyursan.
Bolluq-bərəkət rəmzi olan masanı – üstünə ilahi azuqə düzülmüş masanı, – təsəvvür etməyin özü artıq bayramdır. Sənin istedadın, sənin fədakarlığın sayəsində firavanlıqdan xəbər verən piyalə və boşqablar sehrli bir tərzdə işıq saçır. Və hər bayramın da öz bayramı var, Ustad, – bu məqamda məclis özünün əsas mənasını kəsb etməyə başlayır. Kərə yağı saatında.
Sən soyuducudan elə bu gün süddən aldığın, dondurulmuş qaymaqla dolu qabı götürürsən. Bu, bir işarədir. Sən deyirsən ki, təmiz qaymaqdır, Holstin cinsli inəyin südündən alınıb; qonaqlar isə kətillərdən durub böyük çarpayının üstündə otururlar; qapıya yaxın olan balaca çarpayı isə səninkidir. Sən qaymağı çalmaq üçün qaşıq və bardaq götürüb öz çarpayına əyləşirsən.
Ah, Ustad, dünyada özün kərə yağı düzəltməkdən ləzzətli və sirli bir şey yoxdur.
Ağ inadkar kütləni yumşaltmaq. Elə etmək ki, ram olmuş, dübür-dübür maddə yenidən bərkisin və taleyi ilə barışmaqdan əl çəksin. Rəhm etməmək, müqaviməti sındırmaq; kütlənin içindən öz ilkin ağlığı ilə vidalaşıb sarı rəngə çalmağa başlayan maye fışqırana qədər əzmək. Ağlığın getməsi sənin təmizlik yanğını soyutmayıbmış kimi, su əlavə edib kütləni yumaq, hər şeyi axıra qədər sıxıb çıxaranadək yenə, yenə, yenə də istəmək.
Sənin işin – yağ çalmaqdır, Ustad. Dünyada özün kərə yağı düzəltməkdən ləzzətli və sirli bir şey yoxdur.
Beləliklə, otur və çal. Yağı bir haldan başqasına keçir və bunu ritmik şəkildə, Qırsaqqızla Əzələnin ritmini təkrarlayaraq, elə.
Qırsaqqız çarpayının yanında əyilir. Sağ əlini çarpayının qırağına söykəyir, sol əli ilə yanını aralayır. Əzələnin hələ tam durmamış Həyatının Mənası birdən, elə bil sehrbazlıq edərək, deşiyə baş vurur. Üzündə anlaşılmaz bir ifadə olan Qırsaqqız dalabadal həmlələrə məruz qalır. Başını aşağı salıb gözlərini qıyaraq, şirin sözlərin əbədi çeşidini dilə gətirir: “Səninki ən böyükdür”, “Səninki ən yaxşıdır”, “Ah, mənim erkəyim”, “Əzizim, mən həmişəlik səninəm”.
Əzələ öz Həyatının Mənasının necə hərəkət etməsinə baxmaqdan ləzzət alır.
Heç kim, hətta sən də, ey Ustad, qaymağın yağa çevrilməsinin mistik sirlərini duymur. Sən çalmaq prosesinin qanunauyğunluqlarına əmin bir şəkildə, avtomat kimi, qaşıqla işləyirsən və bir an belə rahatlıq vermədiyin bu konkret və unikal qaymaqların fərdi xüsusiyyətlərini vecinə almırsan.
Qırsaqqız Əzələni özünəvurğunluq aləmindən ayırır və ayrı bir poza təklif edir. O, razılaşıb Mənanı çıxarır. Çarpayının küncündə oturub arxaya uzanır ki, Qırsaqqız dili ilə Mənanı öz ifrazatından təmizləsin, sonra da sorsun – qoy o gah görünsün, gah da itsin; Əzələ özü isə təsadüfən əlinə keçən və qeyri-iradi ikiyə qatladığı balışı başının altına qoyaraq, bu mənzərədən ləzzət almağa başlayır.
Lakin tezliklə Əzələyə darıxdırıcı olur: Qırsaqqız Mənanı bütünlüklə udub və yalnız bu acgözün gur saçlarının eynən Parkinson xəstəliyində olduğu kimi yeknəsəq titrəməsi görünür. Yaxşısı budur ki, Qırsaqqıza axıradək ağzına almamağı, yalnız belə görüntü yaratmağı əmr etsin. Onda Əzələnin nəzərləri möcüzədən həzz alar: onun Mənası gah ölümə, gah dirilməyə yaxın olar; ölüm, dirilmə, yenə ölüm, yenə dirilmə – hadisələrin bu növbələşməsi vasitəsi ilə Tanrı kəşf edilir.
Dünyada özün yağ düzəltməkdən sirli və ləzzətli bir şey yoxdur, Ustad. Heç nə o anla müqayisəyə gəlməz ki, sən baxmadan belə (sən baxmaya da bilərsən), öz təcrübəli və həssas əlinlə duyursan: çevrilmə indicə baş verəcək, daha bir hərəkət edən kimi o şirə, o mübarək maye kasaya töküləcək.
Elə isə, dayan, Ustad. Əzələ tələb edir ki, Qırsaqqız onun üstünə otursun; Qırsaqqız təzədən çevrilib özünü Mənaya keçirir və elə göstərir ki, guya o, böyük olduğu üçün bu iş alınmır və beləcə Əzəzləyə təlqin edir: Qırsaqqız qayka kimi ona bağlanır və o da bolt kimi ona yiyələnir, qoy qətiyyən şübhəsi olmasın. Ustad, səndən fərqli olaraq, Qırsaqqız dayana bilmir. Gözlərini qıyır, başını aşağı salır, qolları gərilir. Atılıb-düşür, əyilir, qıvrılır. Onun yumşalmış cinsiyyət üzvündən qatı ağ maye axaraq, döşəməyə tökülür.
O dayana bilməz, Ustad. O davam etdirməlidir, hərçənd o, büsbütün yumşalıb, hər həmlədən sonra özünün daha çox yumşaldığını və kənarlaşdığını hiss edir və anlaşılmaz bir acıq – ya acıq, ya da qızğınlıq, – bəzən onun qulağına pıçıldayır: “Dayan, bəsdir”.
Amma indi artıq o heç bir vəchlə dayanmaz. Onun apofeozu başlayır: o ağlamsınır, şirin sözlər çeşidini yeni pafosla bəyan edir; Əzələyə yalvarır: “Vur məni. Öldür məni”. Əzələ özünü elə göstərir ki, guya heç nə anlamır, – bilir ki, bu yalvarışlarla o, hiyləgərcəsinə onu qurtarmağa təhrik edir. Qırsaqqız məharətlə, incə şəkildə titrəyir; təkidlə deyir: “Məni əldən buraxma, əzişdir, islat məni, mənim erkəyim, ah, sox mənə, qoy ölüm, əzizim, öldür məni, bircə arzum var – səninki içimdə olarkən ölmək”.
Boltun beyni dumanlanır. Dirsəklənib yumruğu ilə onun ombasına vurur – “Qurtar oyunbazlığı, qancıq” – ki, səsini kəssin. Qayka isə – “Ah, anacan, kaş görəydin, əziz anam, ərim məni necə əzişdirir” – əzabkeş görkəmində ikiqat olur – “Ah, anacan” – əllərini döşəməyə söykəyib akrobat kimi qıvrılaraq dayanır, onu da dayanmağa vadar edir. “Yenə, yenə, azdır, yenə vur məni, Əzələ, qoy anam görsün ki, ərim məni necə çırpır, oy, çırpır və şapalaqlayır”.
Əzələ arxası üstə uzanıb cibindən siqaret çıxarır, yandırıb dikəlir. Acıqlı və amansız bir şəkildə – onun daha özündən ləzzət almağa halı yoxdur, həvəsi qaçıb – itaət göstərir: quduzlaşmış kimi Qırsaqqıza daxil olur və hər hərəkətində onun kürəyini yandırır.
Ustad, dünyada heç nə sənin arzuladığın şeylə müqayisəyə gəlməz: sən əlindəki qaşıqla sonuncu dəfə kütlənin üstünə basırsan və budur, yorğunluq və sevinc parlayan üzdə dişlər ağarır; eyni təntənəli mimika ilə Qırsaqqız – onun kirpikləri yaşla doludur, bədəni tərləyib, taqətdən düşüb, elə bu saat qalmaqal salmağa hazırdır – o dünyadan gələn səslə Əzələdən tələb edir: “Mənim üçün uşaq, uşaq düzəlt”.
Əzələ kənara çəkilb Qırsaqqızı itələyir; o, üstünə qurğuşun töküblərmiş kimi əldən-dildən düşmüş halda döşəməyə sərilir. Əzələ yalın ayağı ilə onu itələyərək, döşəmədə öz istəyinə uyğun şəkildə uzadır: o, yandırdığı kürəyi bütünlüklə görmək, Mənanı sıxıb sağmaq, yanıqların üstünə səpələnən şeyə baxmaq istəyir: bu, onun öz mayesidir, onun, yalnız onun Təcəllasıdır.
Ustad, sənin işin yağ çalmaqdır; kasadakı mayeyə baxıb yüzüncü dəfə əmin olmaqdır ki, ağlıq saralıb, lombalar da əriyib. Sən heç nə demədən əlinlə hamamın qapısını göstərirsən – yəni, gedin yuyunun, özün isə – qonaq otağı-mətbəxdə – yağın üstünə su töküb əndərirsən, yenə töküb əndərirsən, elə bil ağlığın getməsi sənin təmizlik istəyini qane etməyib.
Qonaqlar yuyunduqdan sonra sən süfrə açıb bütün boşqab və piyalələri masaya düzəcəksən. Mən bilirəm ki, yemək hazırlamaq sənin üçün bayramdır; əks təqdirdə sən bununla məşğul olmazdın. Bayram isə, Ustad, tələb edir ki, başqalarının – Qırsaqqız və Əzələnin – qarşılıqlı istəyi olsun, yaxud onlar bu istəyin olduğunu düşünsünlər, ya da özlərini belə göstərsinlər.
Nuş olsun!


Ruscadan tərcümə edən: Mübariz Cəfərli








Davamı

19.5.12

Cavanşir Yusifli. MƏQAMI TUTAN ROMAN

Mübariz Cəfərlinin “Bərpaçı” romanı 2010-cu ildə “Azərbaycan” jurnalının 12-ci sayında çap edilib. Mən onu bir təsadüf nəticəsində gördüm və oxudum. Təəccübləndim ki, niyə bu roman indiyə kimi heç kəsin diqqətini cəlb eləməyib. Sual verilən kimi, cümlənin sonundakı sual işarəsi qopub yerə düşür, bizim ədəbi aləmin rəngbərəng “moderatorlar”ı başqa nəsnələr axtarışındadırlar və özlərini elə aparırlar ki, guya bu əsərləri məhz onlar sifariş verib yazdırıblar.
Nə isə. Fikrimcə bu romanda çoxlarının axtarmadığı şeylər var, məsələn, yenə fikrimcə, MKM-yə təqdim edilsəydi, ilk oxunuşdan kənara atılardı, baxmayaraq ki, bu əsəri oxumaq MKM mütəxəssisi olmaqdan az məsuliyyət tələb etmir.
Cəfərlinin romanı, fikrimcə, son bir neçə on ildə mənim oxuduğum ən yaxşı nəsr nümunəsidir. Hər şeydən öncə daxili planı, mükəmməl süjet strukturu və kompozisiya həlli ilə. Əsərin poetik strukturu, gözümüzün aldığı mətləb(lərin) bədii həlli onu son illər dünyada çap edilən ən mükəmməl əsərlərlə müqayisə etməyə imkan verir.
Dünyadan bu məmləkətə ədəbi xəbərlərin səsi bir az uğultu qarışıq gəlir və məncə, o hadisələr qeyri-professional formada hallandırılır, ən adi, sıradan nəsr nümunələri bir də görürsən ki, əsl şedevr kimi qələmə verilir. Yaxud bizdə: haqqında bəhs edilməyə ədəbi ləyaqəti çatmayan əsərləri birbaşa müzakirə mövqeyində nümayiş etdirirlər. Düzdür, hərəkət, özü də hər şeyin donduğu bir məmləkətdə hərəkət qıcıqla, qaşınmayan yerdən qan çıxarmaqla yaradıla bilər, ancaq hərəkət, dinamika əvəzinə onların ilğımı məncə artıq hər kəsi bezdirib.
Əvvəla, onu qeyd edim ki, roman nasirin uzun illər gərgin axtarışlarının bəhrəsidir, 2004-cü ildən başlayaraq yazılmağa başlanan əsərin fabulasında elə xətlər var ki, Mübariz onlardan birini inkişaf etdirib bu günlərin “qaçaraq” romanlarından birini ortaya qoya bilərdi. Müəllif bədii mətnlə ifadə etmək istədiyi ideyaların hansı tutuma və sanbala malik olduğunun fərqindədir, məhz bu amil mətndə zahirən hiss edilməyən mürəkkəb strukturun oyanmasına (-!) gətirib çıxarıb. “Bədii həllin ən uğurlu cəhəti hansıdır,” – soruşduqda birmənalı cavab özünü qəti şəkildə doğrultmur, yəni əgər desək ki, o, dünya və axirət, Allah və şeytan, xeyir və şər ... haqqında, bu mövzuların nüvəsindən keçməklə yazılıb, yaxud bu mövzuların qarışıb çarpazlaşdığı məqamdan dünyaya gəlib, – şübhəsiz ki, böyük yanlışlığa yol vermiş olarıq. Çünki az qala mövhümi dünyanın olayları müəllif tərəfindən ciddi və real şəkildə, bəlkə də bütün çılpaqlığı ilə, həm də bu günün, bəlkə elə bütün zamanların insan mənzərələri ilə təmasda rəsm edilib. Ən xəyali, yaxud, belə deyək, təxəyyülün belə çatmadığı olaylar görürsən ki, həyatın dibindən güclə sızıb gələn səslə təsvir edilir, sözün səslə göstərilməsi mətnə xüsusi kolorit aşılayır, bu kontrast – əhvalatın qeyri-reallığı və təsvirin inandırıcılığı səni məcbur edir ki, müəllifə özün kimi inanasan, yaxud ömrünü onun cızdığı hadisə trayektoriyasında yaşayasan. Mətndə təhkiyə axarı elədir ki, sanki hadisə bir neçə nağılçı tərəfindən nəql edilir və kənarda dayanan nağılçılar arasındakı kəskin mübahisənin həniri güclə sənə çatmaq istəyir. Ancaq təhkiyə üzərindəki müxtəlif dillər, onların çulğaşması, mübahisəsi, bu hadisələrin kəsişməsindən hasil olan ironiya, şantaj, kollaj ... stixiyası mətnin dərinlik ölçüsünü artırır, onun içinə qatılan münasibətlərin, olay və təsvirlərin maqnit sahəsinə düşmüş kimi konsentrasiyaya meyllənməsi mətnin oxunuşunu çətinləşdirsə də, yeni, kəsilməyən perspektivlər doğurur.
Bu qısa qeydlərdə romanın planından və kompozisiyasından bəhs etmək fikrimizcə yerinə düşərdi. Əsərin məzmununu və oradakı ideyaları maraqlı və cazibəli edən, heç şübhəsiz ki, onun daxili planıdır. Bu mənada hər bir roman sadə, tanış, hər gün işlədilən sözün yenidən, yeni biçimdə dünyaya gəlməsidir. Mətn, bəri başdan deyək ki, bir neçə əks məzmunlu və mənalı hadisə strukturunun qarşılaşması və qarşılaşdırılması üzərində qurulub – Abdullanın çağrılması və ölmədən cənnətə düşmək istəyən cavan oğlanın aparılması, sonra: söz-anlamların əsər mətnində transformasiyaya uğraması (cavan oğlanın düşdüyü cənnət şəkilcə, təsvir baxımından cənnətdir, onun mahiyyətini hər kəs özü istədiyi formada anlamaqda sərbəstdir), real gerçəklikdə baş verən olayların o cavan oğlanın düşdüyü aləmlə paralelləşməsi, daha doğrusu cənnətin bu dünyaya bənzəyişi və sair. Ən maraqlısı və tapıntı səviyyəsində boy göstərən olay isə dünyanın, ümumən mövcudluğun mənası haqqında mətndən yeni mənaların doğmasıdır və təqdim edilən mətnin yeni mətnlər doğurmasıdır. İndi hər gün yazılan nəsr əsərlərindən fərqli olaraq bu nümunədə “müəllif izahı” – beyində, fikirdə tutulan ideyaların bədii həlli yerinə onlar haqqında moizə oxumaq xəstəliyi yoxdur. Diqqət yetirsəniz, Abdulla obrazı üzərindəki ştrixlər (fərdi, özümlü) azdır, barmaqla sayılacaq dərəcədə azdır, ancaq bu xəsis ştrixlər də (bir-iki sual və onların tapılmayan cavabı...) onun əslində nəyin ovunda olduğunu dolğun şəkildə göstərə bilir. Mətnin qurulma prinsipi, bir sözlə, təhkiyə və kompozisiya poetikası da orijinal və mükəmməldir. Burada təhkiyə boyu ibrətamiz əhvalatların nəql edilməsi sadəcə “hadisəni yeritmək” məqsədini güdmür, daha dərin mənalara baş vurmaq, dərinə getmək və elə bir nöqtəyə yetişmək ki, bu, sənə dünyadan, yer kürəsinin divarlarından aşmağa imkan versin. Mövcud qaydalar, mövcud mənalar, yaxşı ilə pis, xeyirlə-şər arasında trayektoriya cızan mənaların sərhədini keçən kimi dönüb bu dünyaya nəzər yetirmək maraqlı və gözlənilməz olduğu qədər də əzablıdır. Amma, necə deyərlər, hələlik ömür, həyat davam edir, hər kəs öz işindədir, tanrıdan aldığını bahasına satmaqdadır və bir ləhzə bunun fərqinə varmaq ağlının ucundan belə keçirmir. Əzəmətlə Ələkbərin dramı mətnin içinə atılan mənaların son ifadə imkanlarının göründüyü, həyatla bağlı ümidlərin qəhr olduğu və bəzən həyatın, insan ömrünün nələrdən, hansı çirkin olaylardan güc alıb dirəndiyi məqamdır. Mərhəməti və həyasızlığı, çirkinliyi ən qatı, ifrat dərəcədə daşıyan insan əslində “bərpa materialı” deyil öz-özünü quran nəsnənin öz-özünü dağıtması aqibətidir. Ancaq bu nöqtə hələ son deyil – hər bir yeni başlanğıc bütün pislikləri arxa plana çəkir, hər bir dəhşətli əməl bütün yaxşı işlərin üstündən xətt çəkir. Cənnətdən gələn adamın akademiki öldürməsi əslində insanların axirət haqqında xəyallarına qəsd edilməsidir. İnsanın gələcəklə, axirətlə bağlı hər bir işıqlı xəyalı ümumi təyinatlı materialdır, bir zamanlar gözəl olanlar vaxt gəldikdə çirkinlikləri yaradan mənbəyə çevrilir. Beləcə ölüb-dirilən dünya həmişə kiminsə qolları üstündədir. Həyatın bu dramatizm içində təsviri, özü də təsvirin real, canlı xarakterdə olması fikrimizcə, nasirin böyük uğurudur.
Mətn bütün nöqtələri ilə alt qatlara işarə edir, məqamı yetişəndə bu işarələr sıxlaşır, bir nöqtəyə cəmlənib ətrafı bütün künc-bucağı ilə göstərir. Səthdən aşağı endikdə lallığın, susqunluğun dərəcəsi çoxalır, birinci mərtəbədə dil boğaza qoymayan insanlar aşağılara endikcə susmaqla danışmağa üstünlük verirlər. Belə olduqda, məsələn orta əsrlərdə yazılan ən qənirsiz şeirlərin alt qatındakı əsl mətləbləri görə bilərsən. Anlaya bilrisən ki, ölüb getmiş, bizdən qopmuş insanlar haqqında nə isə bilmək imkanımız onlar bu dünyanı tərk etdikdə tükənir, onlar isə bizim haqqımızda hər şeyi bilirlər, “yazılan” mətn məhz bu şəkildə davam edir, ancaq o, görmək istəyən adamın gözünə görünür. İnsanın belə bir məna qatına yetişməsi onun həyatını, bütün ömrünü dəyişə bilər. Roman mətnində bu ideya necə deyərlər altdan-altdan şərh edilir, yeridilir, hər bir hadisə kəsiyində ona müvafiq biçimdə təqdim edilir.
XX əsrin ortalarında xüsusən də Coys və Folkner kimi dühaların yazdıqları mətnlər niyə bu qədər ziddiyyətlə qarşılanırdı, təkcə ona görə yox ki, bu mətnlərdə ənənəvi poetikaya qarşı bir cəbhə açılmışdı, daha çox ona görə ki, bu mətnlərdə sözün mövqeyi, yeri, funksiyası dəyişirdi, – söz daha çox olanla, olmayanın, olayla xəyalın sərhəd zonasında yerləşirdi və bu sərhəd situasiyası ağlagəlməz dinamika doğururdu, yəni deyək ki, Allaha dua etməklə yox, bəlkə, bütün səs və hənirləri kəsməklə, danışmadan, sözsüz-sovsuz yetişmək olar? Əməl varsa, niyyət varsa, Allahla bəndə arasında heç bir yalvarışa ehtiyac yoxdur. Dua yalvarış deyil, özünüifadə, etiraf məqamıdır... Amma qarşıda dünya adlanan keçilməz bir sədd var, günah işlətmək qorxusu, yaxud ağappaq kağız kimi yazılmamaq fürsəti var. Dünyaya necə baxsan o şəkildə görünəcək, bir ləhzə görünməyən nəsnənin bu qədər sonsuz bucaq altından görünməsi bəlkə fiksiyadır, bəlkə doğrudan da “insan Allahın yuxusudur?”. Mətnə üzvi şəkildə daxil olan digər mətnlər izahedici, şərh mövqeyindən başqa, həm də “roman içində romandır”, əhvalatların bir-birindən doğması, qırxıncı qapı, bu qapıya yetişəndə yeni tilsimlərin yaranması, fikrimizcə, təqdim edilən mətnin poetik özəlliyi bütün bu mətnlərin və əhvalatların, onların aşılamaq istədiyi mənaların kəsişmə yerindədir. “Min bir gecə” hekayəsinə müraciət əxlaqi-didaktik, fəlsəfi yozumdan başqa həm də struktur, daxili plan məqamıdır: bu mətn gecə ilə gündüzü dəqiq göstərməyə hesablanıb.
Romandakı bütün vaqeələrin içindən “hədislərin ən yaxşı bilicisi” obrazı boylanır. Bu gah Əbu-Həssan-əl-Ziyadı, gah da müəllifin özü (müəllif obrazı) olur. Bu nə deməkdir? Möminlərin hökmdarı Məmun iki dəfə peyğəmbəri yuxuda gördükdən sonra qorxusundan yata bilmir. Adam – Əl-Ziyadi öz ayağı ilə gəlir. Hədis zamanında yuxu reallıqdan daha gerçəkdir, yaxud daha gerçək ola bilərdi. Müəllif zamanında danışılan hədis aşkarlayıcı rol oynayır. Bütün mətn boyu izlənildikdə bu hədisin tərs üzü gerçəkləşir – ölmədən cənnətə düşmək istəyən və düşən cavanın olduğu bağça digər “tarixi hədislərdəki” Həsən Səbbahın “terror bağçasına” bənzəyir. Dünyada əslində yaxşı və pis adam... yoxdu. Abdullanın aparıldığı yerdə (...) iki detal maraq doğurur: divarda uzaqlaşdıqca oyuğa çevrilən göz şəkli (insan) və qapıdan çox qapı yerinə bənzəyən oyuq....
– Çay aralanıb Musa peyğəmbərə yol verirdi. Həzrəti-İsa suyun üzərində gəzirdi, səninsə su dizindən yuxarı qalxmır.
– Yox, bu məndən asılı deyil. – Əmmaməli arxaya baxmadan dedi, – məqamı tutmuşuq, bu vaxtlar bizim adaya gələn yol açıq olur, yoxsa bura dənizin ən dərin yeridi...
Mətndə “yuxu” sözündən diksinirlər.
– Qonaqpərvərlik yalançı etiketdi, kim nə deyir desin, toxluqdan adamın başı necə deyim – münasib sözlər axtardı, – yuxulu işləyir – tapıntısına sevindi.
Sol yanağı xallı “yuxu” sözünü eşidib gözlərinin ikisini də açdı, ətrafa boylandı, Abdullaya baxıb:
– Tələsmə, dedi, – süfrə başında hər şeyi biləcəksən.
... Biz adı çəkilən roman haqqında ilkin qeydlərimizi burda bitirməklə, onun maraqla oxunacağına və tezliklə müzakirə predmetinə çevriləcəyinə inandığımızı bildirmək istərdik.



“525-ci qəzet”, 3 sentyabr 2011-ci il





Davamı

9.4.11

OĞRU

Bilmirəm ayın neçəsiydi, həftənin hansı günüydü, bazar günüydü bəlkə? Həmin günü yadıma salmağa çalışanda həqiqətən əzab çəkirəm, beynim uğuldayır, əsəbləşirəm öz-özümə. Huşsuz olduğuma görə danlayıram özümü. Heç nə mənə kömək eləmir. Təklikdə bütün qüvvəmi toplayıb, fikrimi çəmləşdirib nə vaxtsa yaşadığım bir günü yadıma salmağa cəhd göstərirəm. Anlayıram ki, hər şeyi xatırlamayınca rahat ola bilməyəcəm. Mənə ömrümün bir gününü tamamilə yada salmaq lazımdı. Olduğu kimi! Əminəm ki, həmin günü uzaqbaşı bir il əvvəl yaşamışam. Bir ildən çox ola bilməz. Lap dəqiqdi bu, çünki uzun illərin əhvalatı olsaydı - əgər buna əhvalat demək mümkündürsə - indiyədək əziyyət çəkməzdim.

Heç vaxt yaddaşımdan şikayət eləməmişəm. Mənim yaddaşım çoxlarını heyran qoyar. Lakin özünüz düşünün, neçə ay əvvəl yaşadığın günü yada salmaq o qədər da asan məsələ deyil. Ona görə ki, həmin gün bəlkə də adi gunlərdən biri olub. Nəzərə alsaq ki, günlərim bir-birinə bənzəyir, deməli, səhər və axşam baş vermiş hadisələri - başa vurduğum saatları desəm, daha düzgün olar - yada salmaq üçün o qədər də çətinə düşməli olmayacam. Səhər və axşamı qoyaq kənara. Fərz eləyək ki, günün bu hissəsi mənə məlumdu. Bəs günorta? Bax, əsas məsələ budu. Beynimin ağrısından yaxa qurtarmaq üçün həmin günortanı olduğu kimi xəyalımda canlandırmaqdan özgə çarəm yoxdu. Yoxsa, bələdəm özümə, vərdişimi də bilirəm, dərmanımı da, key kimi olacam. Yuxulu kimi gəzəcəm. Allah uzaq eləsin, küçələri keçəndə maşın-zad vurar adamı belə vəziyyətdə.
Nə isə... Əvvəlcə qeyri-müəyyən günün günortasında baş vermiş hadisələri quraq. Yada sala bilmədiyimiz xırdalıqların üstündən hələlik üstüörtülü keçək. Özülü qurandan sonra çatışmayan əyər-əskiyi düzəldərik. Deməli belə. Həmin gün günorta harda olmuşam? Bakının küçələrinin birində. Hansısa metro stansiyasının yaxınlığında. Bazar günü idimi? Hə, gərək ki. Boş-bekar küçədə dayanmışdımsa, deməli, bazar günüydü. Bəlkə hansısa bayram günüydü: mayın biri, yaxud noyabrın yeddisi. Yox, yox, noyabrın yeddisi ola bilməzdi. Yaxşı yadımdadı, hava isti idi, pençəksiz idim. Lap dəqiqi, qolsuz ağ köynəkdəydim. Bu o qədər də vacib deyil. Mətləbdən uzaqlaşıb fikrimi dağıtmamaq üçün fərz eləyirəm ki, bazar günüydü. Bazar günü, hansısa metro stansiyasının yaxınlığı... Aha… deyəsən, yaxınlıqda univermaq da vardı, ya univermaq yox, ərzaq mağazasıydı? Hər şeyi ardıçıl düzməyə cəhd göstərək. Günorta hansısa metro stansiyasının yaxınlığında, hansısa univermağın - ya ərzaq mağazasının - qabağında dayanmışdım. Küçədə ağ xalatlı cavan bir kişi mer-meyvə, bir də yemiş satırdı. Özü də birtəhər yemişdi; uzunsovdu, rəngi qırmızıya çalırdı. Düzünü desəm, ilk dəfəydi bu cür yemiş görürdüm. Növbə olmasa da, alan az deyildi.
Mən cavan kişinin budkasının arxasında dayanmışdım. Niyə? Elə-belə, lap sadəcə, hava istiydi, günəşdən gizlənirdim. Yaxşı, istirahət günü idisə, hava istiydisə, o iyi-qoxu baş gicəlləndirən min ildən qalma meyvələrin, ürəkbulandıran, qıcqırmış pomidorun yanını nə səbəbə kəsdirib durmuşdum? Başıma yer qəhət idi? Bazar deyildi ki, mer-meyvə ağız sulandıraydı. Çamaat elə yerdə bazarlıq eləyincə ödü ağzına gəlir, aldığını saf-çürük edib yarısını çölə tullayandan, qalan yarısını isti su ilə əməlli-başlı yuyub qurtarandan sonra rahat olur. Bəs sənə nə olmuşdu, nə ölümün vardı o iy-qoxun içində? Düşmənsən özünə? Hə, buna cavab verməkdə acizəm. Gərək ki, kimisə gözləyirdim, kiminləsə görüşməliydim. Kiminlə? Qısası, yadımdan çıxıb. Hələlik bunun üçün başımı ağrıtmayım. Ardını düşünək. Qapayıram gözlərimi...
Budkanın arxasında iki oğlan yemiş yeyirdi. Yamanca tərifləyirdilər. Yəqin ki, institut tələbələri idi, ya nəydisə, şəhər adamı deyildilər. Bunu danışıqlarından hiss elədim. Onlar mənə bir dilim yemiş uzatdılar. Almadım. Qabaq tərəfə keçdim ki, qoy rahatça işlərini görsünlər.
Bu dəm pomidor alan bir qarı deyindi:
-Qiymətdə aldadırsan, çəkidən kəsirsən, malın da yaman gündə. Vallah, bazardan almaq bundan sərfəlidi, - qarı zənbili götürdü və pulu satıcıya uzatdı.
Kişi pulu xalatın çibinə qoyub dedi:
-Sizə nə var ki! Siz ancaq bizi görürsüz, dəlləkləri, bir də taksi şoferlərini. Bizim sizdən aldığımız qəpiyi milyon bilirsiz. Başqaları nə oyun çıxarır, susursuz. Bizdən şikayət eləyirsiz. Ay yazıqlar, xəbəriniz yoxdu ki, yanına şikayətə getdiyiniz adamlar soyur dərinizi, yuxudasız hələ. Bizə oğru deyirsiz, onlara baş əyirsiz, qarı uzaqlaşandan sonra kişi deyəsən şeirfason bir kəlam işlətdi. - Qarğalar anbarları taladılar, uddular, bir buğda aparanda qarışqanı tutdular. -Buna bənzər misraydı yanılmıramsa.
Əgər başqaları ilə danışığını eşitməsəydim, inanmazdım ki, yaşı qırxdan çox olmayan bu xalatı kirli kişi həqiqətən satıcıdı. Ancaq kişi alıcıları yola saldıqca anladım ki, o, necə deyərlər, sənətinin ustasıdı. Kiminlə nə danışdığını gözəl bilir. Lazım gəldikdə səsini qaldırır, hərdən mədəni söyüş də söyür. Yeri düşəndə quzuya dönür, yazıqlaşır.
Budkanın böyründə, asfaltın üstündə dilənçi oturmuşdu. Məəttəl qalmışdım, necə otururdu yaşlı qadın günün altında? Qadının yanında oğlan uşağı oturub kürəyini budkaya söykəmişdi. Oğlanın on-on iki yaşı olardı, sağ qıçı dizdən yuxarı kəsilmişdi. Yəqin ki, qohum idilər, amma qətiyyən oxşarlıqları yox idi. Sakit, səssiz-səmirsiz oturmuşdular. Şəhərdə az qala tinbaşı rast gəldiyim dilənçilər kimi ucadan zəngulə vurub Allahın, peyğəmbərlərin adını çəkmirdilər. Sadəcə, qadın da, uşaq da yerdə oturub sağ əlini açmışdı. Qadının da, uşağın da üst-başından çirk axırdı. Allah bilir, neçə vaxtdı üz-gözlərinə su dəymirdn. Mənim qadından çox uşağa yazığım gəlirdi. Əlimi cibimə atdım. Bircə manat pulum var idi. Heyif!.. Həmişə dilənçiyə vermək üçün çibimdə xırda pul gəzdirərəm. Amma indi... Hər dilənçiyə bir manat versəm, çox keçməz özüm oturaram qıçıkəsik uşağın yanında. Ömrümdə birinci kərə pul vermədiyimə görə təəssüfləndim. Bir də fikirləşdim ki, görəsən, yemiş yeyən oğlanlar mənə təklif elədikləri dilimi iki addımlıqlarında oturan uşağa niyə vermədilər?
Yanımda ağ "QAZ-24" dayandı. Maşından yekəğarın kişi və göylənib-qızarmış cavan qadın düşdü. Kişi əlindəki açarla maşının qapısını bağlayıb qadına yanaşdı. Qadın onun qoluna girib sir-sifətini turşuda-turşuda dedi:
- Fu, nə pis iy gəlir. Görəsən, camaat bu zir-zibili neçə yeyir?
Kişinin nə cavab verdiyini eşitmədim, onların ardınca baxdım. Arxadan qol-qola girmiş müqəvvaya bənzəyirdilər. Ətrafa baxmadan, başlarını dik tutub yeriyirdilər və mənə elə gəldi Ki, əgər yollarının üstündə dilənçi otursa, ayaq altda qalar.
Birdən-birə kədərləndim, hər şeyə, hamıya yazığım gəldi. Mənə elə gəldi ki, hamı qəm-qüssə içərisindədir. Həyatda xoşbəxt adam yoxdu. Satıçı kişi də bədbəxtdi, yemiş yeyən oğlanlar da, burdan burnunu tuta-tuta keçən kişiylə göylənib-qızarmış qadın da. Bəs dilənçi qadınla uşaq? Nə deyim? Hamıya elə gəlir, ki, onlar bədbəxtlərin bədbəxtidir və bu, çaşdırır məni. Çox vaxt hamının xoşbəxt bildiyi adamı yaxından tanıyandan, sonra ona yazığın gəlir. Bəlkə burda da ilk görünüş aldadıçıdı?
Budur, uşaq oturub. Qoltuq ağaclarını yerə qoyub. Yayın istisində pencək geyinib. Köhnə pencək yırtıq-söküklə doludur. Uşaq çox cılızdı, arıqdı.
Hay-küy qalxmasaydı, xəyaldan ayrıla bilməyəcəkdim və Allah bilir, daha nələr fikirləşəcəkdim. Uşaq ayağa qalxıb, yemişlərdən birini götürüb metro staisiyasına tərəf qaçırdı, Bəli, bəli qaçırdı. Qoltuq ağaclarını yerə vura-vura, quçağında uzunsov yemiş, elə iti gedirdi ki, buna qaçmaq demək olardı. Satıçı kişi, onu qovurdu. Uşaq tez-tez arxaya baxırdı və mən nəfəsimi də çəkmədən düşünürdüm ki, o, indicə yıxılaçaq. "İlahi, ona kömək eləmək lazımdı. Satıcını saxlamaq lazımdı" - deyirdim ürəyimdə, amma sanki ayaqlarım yerə yapışmışdı. Tərpənmək nədi, heç qımıldanmırdım, cəhd göstərmirdim addım atmağa. Elə bil kimsə məni ovsunlayıb dayanmaq əmri vermişdi.
Uşaq qaçırdı.
Satıçı onu qovurdu.
Camaat tamaşa eləyirdi. Nə uşağı tutan vardı, nə də satıcının qabağını kəsən.
Mən uşağın üzünü geriyə baxanda görürdüm. Qorxu da vardı onun çöhrəsində, amma ən təəccüblüsü bu idi ki, qorxu ilə yanaşı təbəssüm də. Əvvəlki dalğınlıq yoxa çıxmışdı, sifətindəki dalğınlığı şıltaq təbəssüm əvəz eləmişdi. Uşaq təbəssümü. Ən qəribəsi də bu idi ki, onun gözləri gülürdü, elə bil təqib olunan adam deyildi, yaşıdları ilə oyun oynayırdı. Lakin onun gözlərindəki təbəssüm adamı dəhşətə gətirirdi. Mən bu vaxta qədər öz-özümə sual verirəm: "Görəsən, uşaq nəyə gülürdü?".
Dilənçi qadın ayağa qalxmışdı, ancaq yerindən tərpənmirdi. Deyəsən, o da mənim kimi gördüklərinə inanmırdı, quruyub qalmışdı. Döyükürdü, ətrafdakı adamlara baxırdı, dillənmirdi. Axır ki, satıçı uşağı tutdu. Yemişi uşaqdan aldı, uşağın başına bir qapaz ilişdirdi. Düzdü, yekə əllərinə görə çox yavaş vurdu qapazı və yemişi qoltuğuna vurub şəstlə budkasına tərəf addımladı. Kişi budkasına girib yemişi iri yeşiyin içinə, o biri yemişlərin arasına qoydu və burnunun altında danışa-danışa yerə tüpürdü:
- Zaraza zamanadı. Küçələr oğruynan doludu. Güllələmək lazımdı hamısını.
Yəqin ki, kişi mənə boşaldırdı ürəyini, çünki yaxında heç kəs yox idi. İndi həmən anı düşünəndə mat qalıram özümə. Sakitliyimə, soyuqqanlılığıma. Necə oldu ki, mən onun yaxasından yapışıb üzünə tüpürmədim, necə oldu ki, ağına-bozuna baxmayıb onu doyunca əzişdirmədim? Lakin noolsun? Elə bil ki, onu doyunca əzişdirib ağzının-burnunun qanını bir-birinə qatmışam, üzünə tüpürmüşəm. Nə mənası?
Necə bacardımsa, eləcə də yadıma saldım həmin hadisəni. İndi aydınlaşdırmaq lazımdı görək bu əhvalat harda baş verib. Hansı metro stansiyasının yaxınlığında, hansı univermağın, ya ərzaq mağazasının qabağında və hansı küçədə. Ümumiyyətlə, harda? Bunu nəyin bahasına olursa-olsun dəqiqləşdirməliyəm. Soruşursunuz nəyimə lazımdı? Doğrudanmı özünüz anlamırsınız? Yox, yox, satıcı ilə hesabı çürütmək nəyimə gərək? Bazardan uşaq üçün yemiş alacam.

1989

Davamı

15.3.11

«MƏN ƏDƏBİ MÜHİTDƏ VARAM, AMMA İNTRİQALARDA YOXAM»

«İNDİ ƏDƏBİYYATDAN BAŞI ÇIXMAYANLAR TƏNQİDLƏ MƏŞĞUL OLUR»

Müsahibimiz istedadlı yazıçı, bir çox nəsr kitablarının müəllifi, «Azərbaycan» jurnalının əməkdaşı MÜBARİZ CƏFƏRLİdir.Onu əsl qiymətini almayanlar sırasına da qatmaq olar. Bir balaca özü təvazökardır, bir balaca da ədəbi tənqid onu gözdən qaçırıb. Elə buna görə də biz Mübarizə yarızarafatla «nəsrimizin radar tutmayan təyyarələrindən biri» kimi müraciət etdik.

- «Ədəbi tale» deyilən bir anlayış var. Necə baxırsan buna?
- Nə bilim, vallah. Birinki gətirir, birinki yox.
- Sən bəxti gətirənlərdənsən?
- Ümumiyyətlə, yazı-pozu adamının bəxti onda gətirməyib ki, o, yazı-pozu ilə məşğul olur.

- Niyə sənə elə gəlir ki, ədəbiyyatda olmaq, tutaq ki, şair doğulmaq bəxti gətirməməkdir?
- Burda faciə yoxdu. Sadəcə, bu yükü çəkməyin özü ağırdır. Bir var ki, öz dərdini çəkəsən, öz problemini həll edəsən – pulun yoxdu, gedib qazanasan. Bir də var ki, pulu qazanasan, bu da sənə rahatlıq gətirməyə. Yəni ki, daima nəsə axtarırsan, adama elə gəlir ki, nəsə çatmır…
- Çox yazırsan. Bu qədər məhsuldarlığa vaxt hardandı?
- Mən şair olsaydım, yəqin ki, az yazardım. Çünki şeiri çox yazmağın özü şairlik əlaməti deyil. Amma nəsrdə belədir ki, özünü çox yazmağa gərək öyrədəsən.
- Onda nəsr vərdişdir?
- Nə bilim, nəsrə vərdiş demək olarmı? Ola bilər ki, sən çox yazasan, az çap olunasan, o heç. Amma nəsri az yazanda, 3-4 ildən sonra bir cümlə yazmağa da çətinlik çəkirsən.
- Sənin istedadın var. İndi ciddi ədəbiyyatla məşğul olursan. İstedadı olan adamlar bazar ədəbiyyatı da yarada bilərlər. Bəs sən niyə pul gətirən nəsr yazmırsan?
- Mən deyə bilmərəm ki, mən nə istəsəm, onu yarada bilərəm. İstəyərəm ki, bazar ədəbiyyatı yaradım, amma alınmır…
- Deyirlər ki, yaxşı şeir ən yaxşı nəsrdən də yaxşıdır. Düz deyirlər?
- Düzdür. Nəsr yazmaq çox çətindi. Siz özünüz də bilirsiniz ki, bu, fəhləlikdi. Mən indiyə qədər şeir yazmamışam, amma bunu çox istəmişəm. Yaxşı şeir yazmaq mənim arzum olub.
- Niyə yazmırsan?
- Mənim az-çox şeirdən başım çıxır. Bilirəm ki, nə qədər yazsam da, Nazim Hikmət ola bilmərəm…
- Bayaq bəxti gətirməkdən danışdıq. Deyəsən, sənin bəxtin bir məsələdə – sponsor məsələsində həmişə gətirib. Yəni kitabların həmişə çap olunub.
- Düzdür, kitablarım çap olunub. Amma bu da məsələni həll etmir. Elə bil ki, hər şey olanda da mən nəsə axtarıram, elə bil nəsə çatışmır. Elə yazılarımın özündə də. Dəhşət burasındadır ki, oturub tər tökürsən, kitab yazırsan. Amma kitab çıxandan sonra deyirsən ki, gərək filan yerini dəyişərdim. Onda artıq əlin heç yerə çatmır…
- Ədəbi mühitdə görünmürsən, niyə?
- Əslində mən ədəbi mühitdə varam, amma intriqalarda yoxam. Mənim ədəbi mühitdə işim yazı yazmaqdı.
- Ədəbi mühitdə intriqasız yer var ki?
- Bilirsən, o mənlik deyil. Mən harada yaşamışamsa, heç qonşuların da adını yaxşı bilməmişəm. Mən həmişə mənə mane olan şeylərdən qaçmışam ki, bu vaxtımı işə həsr edim.
- Mübariz, elə əsərin varmı ki, dünya səviyyəsinə çıxarılsın?
- Dünya səviyyəsi deyilən məfhumun özü də bir az şərtidir.
- Ümumiyyətlə, ədəbiyyatda dünya standartı var?
- Xeyr. Ədəbiyyatda müxtəlif zövqlər var, bir-birini qəbul edən, eləməyən cərəyanlar var. O ki qaldı dünyaya çıxmaq məsələsinə, əgər bizim yiyəmiz olsaydı, ad çəkmək istəmirəm, onların əsəri kiminsə əsərindən geri qalmır. Elə əsərlərimiz var, şeir də var, nəsr də…
- Tənqid səndən yazmır, deyəsən?
- Yox. Tənqid ona görə yazılmır ki, mən çox yazıram. Bu mənə belə gəlir. Məni araşdırmaq üçün zəhmət lazımdı. Mənim yazdığım, əstəğfürullah, Quran ayəsi deyil ki. İçində yaxşı da var, pis də. Özüm hamıdan yaxşı bilirəm. Düzdür, bir-iki dəfə cəhd göstərdilər mənim haqqımda yazmağa, amma alınmadı. Onlar da yəqin küsəyəndilər, çünki bir-ikisinə dedim ki, get özünlə məşğul ol. İndi ədəbiyyatdan başı çıxmayanlar tənqidlə məşğul olur.
- İndi şairlər də ədəbiyyatşünaslıqla məşğul olurlar.
- Ciddi şairlər, ciddi yazıçılar heç vaxt tənqidlə məşğul olmurlar. Yəni şeirdə, nəsrdə fiaskoya uğrayanlar dönüb tənqidçi olur.
- Ümumiyyətlə, Azərbaycanda tənqidçi varmı?
- Yox, ciddi tənqidlə məşğul olan yoxdu.


«Ruh» qəzeti, 2003







Davamı

17.1.11

AĞIR SƏFƏR

Atam öləndə bibim qırx gün bizdə qaldı ki, fikrim dağılsın. O vaxt bibimin qalmağı məni az-çox ovundurdu. Gözümə yuxu getməyəndə baş-başa verib sübhəcən dərdləşərdik. Özümü yalqız, kimsəsiz, köməksiz hesab elədiyimdən bibimin söhbətləri mənə şirin gəlirdı. Bir axşam bibim yenə namazını qılıb qurtaranacan mən bir siqaret çəkdim. Stulda qurcalanıb yuxarıdan aşağı bibimə baxdım. Qarı da gözlərini üzümə dikdi. Nə isə demək istədiyimi anlamışdı. Allah şeytana lənət eləsin, bibimi çaş-baş salmaq fikrinə düşmüşdüm. Özü də din-iman məsələsində...
— Ay bibi, görəsən o dünya var?
Qarı qətiyyətlə başını elə tərpətdi ki, guya o dünyaya metro çəkmişdilər, bibim də o metro ilə neçə kərə o baş-bu başa gedib qayıtmışdı:
— Həlbət ki, var!..
— Hardan bilirsən?

Bibim karıxıb deməyə söz tapmamalıydı. Həqiqətən, başım xarabdı mənim! Qarını çətinə salmaq nəyimə gərəkdi? Bu sayaq suallarla təkcə bibimi yox, kimi desən çaşdımıaq mümkündü, "toyuq əvvəl olub, yoxsa yumurta?" — orta məktəb illərində ən çox baş sındırdığımız məsələydi. Amma bibim nə orta məktəb şagırdiydi, nə də hər qaranlıqdan qorxub geri çəkiləndi. Qarının xırda gözlərinin iriləşib işıldamağından özümü yığışdırdım. Səsiqarışıq bütün sir-sifətini heyrət bürümüşdü.
— Nə danışırsan, bala, Quran yalan deyəcək?..
Susdum. Araya sakitlik çökdü. Pərtliyimi gizlədib bibimin könlünü almaq üçün ağ bayrağı qaldırdım:
— Ay bibi, ölümdən qorxursan?
Cavab aydın idi, o dünyäya sidq-ürəklə inanan ölümdən zərrəcə qorxmamalıydı.
— Hə, ay bala, - bibimsə köksünü ötürdü. — Ölüm ağır səfərdi...

***
Doqquz il sonra yenə dilxor-dilxor kəndə qayıdırdım. Gecə zəngi bir yox, birdən-birə iki bəd xəbərlə yuxuma haram qatmışdi:
— Əmin ölüb, bibin də can üstədi...
Səs tanış gəlirdi, intəhası, bilmədım zəng eləyən kimdi. O yazıq da yəqin özünü itirdiyindən, xoş-beşsiz, hal-əhvalsız sözünü deyib dəstəyi qoymuşdu yerə.
Əmimin yasında gözüm bibimi axtarırdı. Elə bil yumşaq yerimə tikan batmışdı. Ölən ölüb gedib. Əsas üzü bəridə olandı. Di gəl, heç kəs bıbimdən danışmırdı, bibim yada düşmürdü, baş qarışmışdı.
Bibim oğlundan soruşdum:
— Bibim necədi?
Bibim oğlu lap qaşqabağını salladı, üz-gozündən zəhrimar yağırdı:
— Indi babatdı.
— Nədi ki xəstəliyi?
— Əmin öləndə qorxub...
— Hardadı?
— Sizdə...
Atam öləndən bibim kənddəki evimizdə qalırdı ki, həyət-bacadan göz olsun.
— Sən zəng vurmuşdun axşam mənə?
— Hə... — bıbim oğlu başını tərpətdi. — Arvada başımız qarışdı, sənə əmin öləndən dörd gün sonra xəbər verdik. Yaddan çıxmışdın, — yox, bibim oğlunun deyib-gülməklə arası sərindi, gülümsünmək istəyəndə də uzunsov stfəti əyilib bədheybət hala düşürdü. Yasda ağır oturub, batman gəlmək lazımdı. Yaşa dolduqca itirdiklərim məni yandırsa da, get-gedə daha yüngül keçirirdim ölüm-itimi. Mən öləndə də istəmirəm kimsə vay-şivən qoparıb haray-həşır salsın... Hər halda, yasda ölüdən çox diridən danışmaq yaxşı düşməzdi. Əmim oğlu da bizə yaxınlaşmışdı. Söhbətin sonluğunu da qulağı almışdı, deyəsən.
— Əzrayılın yadından çıxasan... — dedi əmim oğlu.
Çar-naçar gülümsünüb mızıldadım:
— Olur elə şeylər...
Camaat qəbir üstünə gedəndə qalxıb Kürün qırağı ilə pay-piyada evimizə sarı yönəldim. Maşını çadırın yanında qoydum ki, elə bilsinlər yaxındayam. Yayın oğlan çağında Kürün qırağındakı bəndin üstü ilə gəzişməyin ayrı ləzzəti var. Sıx yulğunluğun qarışıq mənzərəsi, çayın üzü Xəzərə axması, sərin mehin adamın vücuduna sığal çəkməsi tərkidünyalıq eşqi yaradır. Bir anlığa heç kəslə kəlmə kəsmək istəmirsən. Kəndin içi ilə getsəydim, indi neçə adamla qarşılaşacaqdım. Buralardasa təkəm-seyrək yeniyetmələr çaya qarmaq atıb səbrlə gözləyirdilər. O taydasa, heç balıqçı da yoxdu, o taydakılar üzürdülər, oynaşırdılar, fit çalıb hay-haray qoparırdılar. O taydakı hay-küy, bu taydakıların eyninə gəlmirdi, sanki balıq tutmaq istəyənlər əmimin ölüm xəbərini eşidib kədərlənmişdilər.
"Əzrayılın yadından çıxasan"... Əzrayıl özbaşınadı ki, kimisə yaddan çıxara? Həyət qapısını itələyib tanımadığım yerə gedirəmmiş kimi, ürkək-ürkək içəri girdim. Sağ olsun bibimi, həyət səliqə-sahmanlıydı. Gözümü açandan dimdik, qədd-qamətli gördüyüm şam ağacının budaqları yüngulcə titrədi. Yox, bu bəzəmə-filan deyildi, məni bu şam ağacıyla çox məsələlər məhrəmləşdirmişdi. Nişanlımı da ilk dəfə burda, bu ağacın altında öpmüşdüm. Barsız, meyvəsiz ağaclar mənə daha doğma idi, çünki onlar daha dərin işlərdən ötrü yaradılmışdı. Dayaz, dərin nə fərqi, can üstədi deyilən bibim oturmuşdu artırmada, yuxarıdan aşağı mənə baxırdı. Şükür Allaha, salamatlıqdı! Ancaq deyəsən, yeriməyə heyi qalmamışdı, yoxsa ayağa durub aşağıda mənnən görüşərdi. Qalxıb arvadın üzündən öpdüm. Dairəvi stolun yanındakı kətildə əyləşdim.
— Nolub, ay bibi?
— Heç nə, ölürəm, bayıra çıxdım ki, mənə hava dəysin.
— Kim baxır sənə?
— Heç kim. Mənə nolub ki?
— Əstəğfürüllah, gah deyirsən ölürəm, gah deyirsən sağlamam...
— Yox, vədə yaxınlaşır, amma yenə şükür, yatağa-zada düşməmişəm.
— Bibioğlu deyir qorxmusan...
Qarı qaxaca dönmüş əlini yellədi:
— Ey... Onun nə vecinə... O, elə mənim ölməyimi istəyir...
Omrümdə birinci dəfəydi ki, bibimdən qeybət eşidirdim.
— Boş ver görək. Kim qorxudub səni, ay bibi?
— Əmin canını tapşıranda üşəndim. Əlimi elə sıxdı ki, ruhu bədənindən
çıxanda... — sağ əlini gözünün qabağında oynadıb səsini yavaşıtdı. — Aparacaq
məni...
— Həşdadı ötmüsən, nədən qorxursan? Əzrayıl özü sənnən qorxur.
— Mən ölümdən yox, ordakı sorğu-sualdan qorxuram.
— Sən Allah adamısan, nə günahın var ki?
— Hamımızın günahı bəs deyincədi...
Yox, bu arvadın könlünü almaq çətindi. Bilmirdim söhbəti necə dəyişim. Yaxşı ki, özü köməyimə gəldi:
— Sən nə təhərsən?
— Pis deyiləm.
— Şəhərdə nə var, nə yox?
— Şəhərdi də, camaat bir-birini aldada-aldada başını girləyir.
Üzümə baxdı:
— Tək yaşayırsan?
Başımı tərpətdim:
— Hə.
— Gərək nişanlını maşın vurandan sonra sən evləneydin...
— ...
— Ata-anan yəqin orda nigarandı sənnən...
— ...
— Nə vaxt gedəcəksən?
— Elə bu axşam...
— Düz eləyirsən, işinnən qalma...
Qarı adamayovuşmaz olmuşdu. Elə bil özgəsi ilə üzbəüz əyləşmişdim.
— Day mən gedim...
— Bağışla ki, ötürə bilmirəm səni. Heyim qalmayıb, — yerində qurcalandı,
yəqin canı ağrıyırdı.
— Durma, durma, — qalxıb ehmalca arıq çiyinlərindən tutdum. — Mən bir də yas yerinə dəyim, sonra yolçu yolda gərək...
- Yaxşı yol, bala... — yalnız indi sezdim ki, kirpikləri nəmlənib... Yavaş-yavaş pilləkəni enib həyətə düşdüm.
Deyirlər, doğulduğu yer adamı çəkir, bəs niyə mən həyətimizdən tez-tələsik uzaqlaşmaq istəyirdim? Gün batırdı. Əslində təcili bir işim də yoxdu. Yas yerinə qayıtmaq bəhanəydi. Bibimdən yaxa qurtarmaq istəyirdim. Söhbətimiz tutmadı. Səbəbini anlamırdım, o, dəyişmişdi, ya mən. Elə bilirdim həyəldən çıxıb sinədolusu nəfəs alacam, yungülləşəcəm, rahatlanacam. Çünki boğazma nəsə tıxanıb qalmışdı. İlahi, həyət qapımızın önündəki bu iri şam ağacı hardan peyda oldu? Bu ağac mən həyətə girib-çıxanacan əkilib yekələ bilməzdı axı... Demə, darvazaya gedən cığırdan sola burulmuşam və gedib dayanmışam həyətimizdəki şam ağacının qabağında... Adi ağacdı. Düz mənim boyuma qədər gövdəsı çılın-çılpaqdı, yuxarıdakı budaqlarısa sımsıxdı, sanki aşağıdakı "keçəlliyinin" əvəzini çıxırdı. Atam deyərdi ki, aylı-ulduzlu gecədə ürəyinə yaxın ağacın altında hərəkətsiz dayanıb gözlərini yumsan, qulağına musiqi sədası gələcək. O musiqi uzaqlardan gəlsə də, apaydın eşidiləcək. Bu, ruhun musıqisidi. Hər kəs öz ruhuna uyğun musiqi eşitməlidi... "Əgər eşitməsə?” "Eşitməsə, deməli, ruhu ölüb?.."
O musiqini eşitmək üçün bir həftə gecələr nəfəsimi qısıb gözlərimi yumaraq narahatlıqla, nigaran-nigaran gözlədim. Bəs necə? Söhbət ruhumun musiqisindən gedirdi. Bəlkə mənim ruhum ölü idi? Bir həftə sonra lap uzaqlardan qulağıma musiqi sədası gəldi. Səs get-gedə yaxınlaşırdı. Simli alət olduğu şübhəsizdi. Tar deyildi, heç saza da oxşamırdı. Səkkizinci gecə simli alətin səsini tanıdım. Udun həzin, ritmik, ahəngdar nəğməsi bütün varlığıma elə hakim kəsilmişdi ki, elə bilırdim ayaqlarım yerdən üzülür, havaya qalxıram, bir azdan başım buludlara dəyəcəkdi. Xudaya, demə, insan da quş kimi uça bilərmiş. Demə, ağaclar, ələlxüsus, barsız ağaclar insanla yaradan arasmda bəIədçilər, vasitəçilərmiş. Meyvə ağacları yox, barsızlar, meyvəsizlər... Meyvə ağaclarının ayağına daha çox günah yazılıb...
Adəmlə Həvva yasaqlanmış meyvədən dadmaqla təkcə özləri günaha batmadılar, ağacı da suç yiyəsi elədilər. Xəbər vermədi Allaha Adəmlə Həvvanın əməlini ağac. Tanrı suçluları cəzasız qoymadı, amma özünəbənzər yaratdığına az-çox mərhəmət göstərdi, ağacısa daha ağır şərtlər gözləyirdi; qiyamətəcən başı qaranlıq, bədənisə işıqlı dünyada yaşamalı idi. Beləliklə, ağac bu dünya ilə o dünya, Tanrı ilə insan arasında bələdçiyə, körpüyə çevrildi.
Günahı ucbatından həzrəti-İsa ilə bərabər – əslində İsa peyğəmbərdən əvvəl – çarmıxa çəkılən ağacın yeganə təsəllisi elə boynuna düşən vasitəçilik missiyası oldu. Bir də haçansa bağışlanmaq ümidi...
Külək qalxanda ağacın yarpaqları, budaqları əsər, yellənər, önümdəki şam ağacınınsa aşağısı, “keçəl" gövdəsi əməlli-başlı tərpənirdi, titrəyirdi. Hərçənd külək-zad qalxmamışdı, hava lal-mat idi.
Qəfil mənə elə gəldi ki, ağacın gövdəsi yellənib-yellənib dairəsindən çıxacaq və məni caynağına alacaq. Mən ağacın kökünə, gövdəsinə, budaqlarına, hətta yarpaqlarına hoparaq içinə daxil olacam, göz qırpımında ağac məni "yeyəcək". Gördüklərimə tamam-kamal inanmaq üçün gözlərimi yumub-açdım, açıb-yumdum... Ağac oynamağında idi. Ağac dairəvi oynayırdı, dairə get-gedə genişlənirdi. Bəlkə belə də olmalıydı. Ruhən yaxınlar, yaxınlar da yox, eynilər birləşməlidilər ki, kainatdakı tarazlıq dayanıqlı hala düşsün. Mən isə hələ ağac olmağa hazır deyildim. Çünki ağlıma gələnlərdən xoflanıb həyət qapısına sarı götürüldüm. Qapının ağzında ayağım nəyəsə ilişdi. Müvazinətimi güclə saxlayıb birtəhər küçəyə çıxdım. Dəmir darvazanın bala, balaca qapısı zərblə örtüldüyündən ətrafa uğultu düşdıı. Küçəyə çıxanda mənə elə gəldi ki, bir də heç vaxt bu evə, bu kəndə qayıtmayacam.
Ancaq on gündən sonra geri döndüm; bibim ağır səfərə yollanmışdı...

Davamı

ƏL

Məndən aşağı kimsə yox, Ondan da yuxarı
Şəhriyar

Birdən birə özümə sual verdim: «Hanı mənim sağ qolum?» Dirsəkdən iki-üç barmaq aşağı qolum yoxdu. Qəza zamanı qolum üzülmüşdüsə, ağrısı birbaşa beynimə vurmalıydı. Dırnağın mayasını kəsəndə zoqqultudan özünə yer tapmırsan, onda qalmış bu boyda həngamə ola… Yaramdan qan zad gəlməmişdi, o saat da sağalmışdı, sanki anadan tayqol doğulubmuşam. Yarama əməlli-başlı dəri gəlmişdi, dərinin üstünə sarımtıl, seyrək tük də çıxmışdı. Qolum qəzada üzülsəydi, üzülən hökmən tapılardı. İynə-zad deyildi ki… Üstəlik xəstəxana, ağrı, tikiş yeri, tayqolluğa öyrəşmə-filan… Bilirəm, yaxşı başa düşürəm, inandırıcı deyil, amma zərrəcə o yan-bu yanı yoxdu, günlərin birində papağımı qabağıma qoyub xeyli fikirləşdim, düşünüb-daşındım və qəfil dik atıldım. «Ay dadi-bidad, bəs mənim sağ qolum hanı?.. Anadangəlmədi, ya sonralar itirmişəm qolumu?» Elə şəklənmişdim guya, pul kisəmi harda itirdiyimi yadıma salmağa çalışırdım. İndi kimi sorğu-suala tutasan, kimdən soruşasan ki, qolum hanı, harda, haçan itirmişəm? Deməzlər ki, get ağlına dua yazdır? Deyərlər, hələ bir o yana da keçib adamı basarlar dəlixanaya. Deməli, ümid özümə, öz yaddaşıma qalırdı.

Eybi yox, yaşayaq, görək başımıza nə gəlir. Zaman hər şeyi yoluna qoyur, amma bəzən ömür çatmır buna. İntəhası, nə bilmək olar, əslində yaxşı-pis nədi, doğru-dürüst hardadı? Bəndə arşını xətalı olur. Elə mənim də axırıma çox qalmayıb.
Hər şey o yuxulardan başladı. Onda ki, özüm yavaş-yavaş hiss eləyirdim qocalıram, gücüm-qüvvəm tükənir, daha dənizdə neft çıxarmaq nədi, heç quruda da baş girləyə bilmirəm. Yaşıdlarımın çoxu dünyasını dəyişib, elə üzüsulu getmək vaxtıdı… Adam gərək qocalmaya. Alnına yazılanı ağrısız, xəstəliksiz yaşaya, vədəsi tamam olanda dünyasını dəyişə. Gör ağlıma nə gəlir. Ömürlük cavan! Yox bir… Bəlkə əksinə?
* * *
Bütün qatqarışıqlıq ondan başladı ki, bir gecə yuxuda səs gördüm. Bəli, bəli, eşidib eləmədim əməlli-başlı gördüm, çünki eşitdiyimin vücudu, forması vardı, intəhası, o forma heç bir həndəsi fiqura, yer üzündə gördüyüm əşyaya oxşamırdı deyən, nəyə isə uyuşdurub yenidən təsəvvürümdə canlandıra, gözümün qabağına gətirə bilmirəm. Yaşımın elə vaxtıdı ki, day heç nəyə təəccüblənmirəm. Ömrümün yarıdan çoxu dənizdə, buruqda, estakadada keçib. Soyuq görmüşəm, tufan görmüşəm, fırtına görmüşəm, yuxarılardan qəzəbli-qışqırtılı əmrlər gəlib, qorxmamışam, anlamışam ki, yuxarıdakılar da çarəsizlikdən çığır-bağır salırlar, onlar da başa düşürlər ki, günlərlə ayağı torpağa dəyməyənləri, dənizin ortasında yaşayanları qorxutmaq müşküldü, çünki qorxu onların xirtdəyindədi. Özü də ayrı cür, adi insan ağlına sığmayan, dərinə işləyən qorxu! Nə qədər özünə dünyanın əşrəfi deyirsən de, təbiəti ram eləməyinlə qürrələnirsən qürrələn, min-min yeni kəşflər eləyib Aya, ulduzlara yollan – xeyri yoxdu. Dəniz ki, coşdu , üzünü görmə. Nə mən ölüm qanır, nə sən öləsən. Yüz il qabaq necə vahiməliydisə, elə həmən-həməndi…
Amma o qarışıq, ziqzaqlı əşyanın, formanın səsindən qorxub vahimələnmədim, bir balaca üşəndim, vəssalam.
Nə isə, gecə yuxuda dəyişkən, bir andaca yüz hala düşən əşya sakitcə qulağıma pıçıldadı: «Bir həftədən sonra bacanağın Qulam öləcək». Düz deyiblər, yeddi bacanaq səfərə çıxdı, yolda şikayətləndilər ki, bir kişi yoxdu söhbət eləyib başını qatasan. Hərçənd bacanağımla aram yaxşı idi, söhbətimiz tuturdu, məndən bir-iki bayram da kiçikdi, həmişə hörmətimi saxlayırdı. Özüm də anlamadan etinasızlıqla çiyinlərimi çəkdim: «Neyniyim?..» «Get, sağ əlini qoy onun sol çiyninə, ölməsin…»
Yuxudan oyanıb ehmalca ayağa qalxdım, pencəyimi çiynimə atıb eyvana çıxdım, siqaret yandırmaq istəsəm də qutu otaqda qalmışdı, təzədən içəri girməyə ərindim. Ağzım zəhər dadırdı. Aşağı boylandım. Küçə-bacada ins cins yoxdu. Təkdənbir maşınlar o baş bu başa şütüyürdü. Yolaçan fanar işləmirdi, elə sarı işıq yetim-yetim yanıb sönürdü. Göyün üzü bəyazlaşır, ulduzlar təkəmseyrəkləşirdi. Hesabla mən Qulamdan qabaq dünyamı dəyişməliyəm, çünki mən ondan böyüyəm. Amma əcələ nə hesab-kitab? Deyəsən, başım xarab olub. Yəni mənim sağ əlim Əzrayılın qılıncını kütləşdirəcək? Əstəğfürüllah… Axırıncı dəfə Qulamı təxminən bir ay qabaq görmüşdüm. Sir-sifətindən, üz-gözündən gümrahlıq yağırdı. Beş-on gün əvvəl zəng də vurmuşdu ki, muştuluğumu ver, oğlum elmlər doktoru olub. Kefi kök idi. Bir xeyli ordan-burdan danışdıq. Heç canı ağrıyana-filana bənzəmirdi. Ey, gör nə səfeh şeylər fikirləşirəm. Ölüm gələndə qapını döyüb eləmir ki…. Qaşla gözün arasındakını adam həmişə özü ilə gəzdirir. Xərifləyirəm deyəsən. Gecənin xeyrindən gündüzün şəri yaxşıdı. Səhəri açaq, görək başımıza nə gəlir…

* * *

Ertəsi gün günorta olanda qəfil yadıma düşdü gecə gördüyüm yuxu.
- Ay arvad, görəsən Qulamgildə nə var, nə yox? Bacın nə təhərdi…
Bizim arvad köhnə diplomatdı, yaxasını ələ vermədi:
- Səsləri gəlmirsə, demək, salamatlıqdı…
- Gətir o telefonu, bir Qulama zəng eləyim…
Arvad telefonu gətirməyə gedə-gedə təəccüblə soruşdu:
- Gün hardan çıxıb, ay kişi, xeyir ola?
Kresloda yerimi rahatlayıb nömrəni yığa-yığa:
- Ərdəbildən, dedim, heç bilmədim Ərdəbil hardan ağlıma gəldi. – Mənim haqqım yoxdu ayda, ildə bir kərə bacanağımnan, baldızımnan hal-əhval tutum? Alo…
Dəstəyi Qulam özü götürmüşdü. Yaman tövşüyürdü, ayıb olmasın, nəfəsi dalından çıxırdı elə bil.
- Nə olub, ay Qulam, nə tövşüyürsən, xəstə-zad deyilsən ki?
- Yox, indi evə girmişəm, Həbib, işdəydim, dərsim var idi.
- Əşi, sənin dərs deyən, işləyən vaxtındı? Çıx otur öydə…
- Qocalmışam ki, pensiyaya çıxım… sözü mənə elə vurdu, yeddi qatımdan keçdi.
Köntöy köpəyoğlu! Di gəl, müsəlmana yaxşılıq elə!
Sənin işinlə mənimki birdi? Universitetdə dərsi mamlı-matan xanımlar da deyər.
Heç kimə paxıllıq eləməmişəm ömründə. Qibtə-filan nədi bilməmişəm. Ancaq bu andır qocalıq lapdan yapışdı yaxamdan. Neynək, buna da şükür, ev eşikdə çulumu sudan çıxarıram. İntəhası, deyəsən get-gedə xərifləyirəm. Könlümdən peyğəmbərlik keçir. Adi bir yuxunun dalınca düşüb Qulam kimi heyvərənin gül ağzını açıram. O da arvad uşağının yanında özünü göstərir, yəni görürsünüz mən iş başındayam, Həbibsə pensiyaya çıxıb, qısılıb övrətinin böyrünə.
Bəlkə də yazıq Qulam qocalıq, pensiya məsələsini sözgəlişi açıb ağartmışdı, heç ağlına da gəlməmişdi xətrimə dəyəcəyi. İnsafən çox qanacaqlıdı, sözünün yerini biləndi. Amma kim öz ayranına turş deyib qocalığını boynuna alar? Qocalıq doğrudan-doğruya uşaqlaşmaqmış. Vasvası olmuşam yaman. Hər söz xətrimə dəyir. Pisi yaxşıdan, düzü-əyridən seçə bilmirəm. Bu yaşda mənə bir yolgöstərən, əlimdən tutan gərəkdi. Özüm heç nə bilmirəm, qurtardı getdi. Bircə onu bilirəm ki, Qulam iş başında dünyasını dəyişəcək…
… Bir həftədən sonra Qulam öldü…
* * *
«Bilməzdim ki, Qulam sənə bu qədər əzizdi… Heç səndə belə şey olmamışdı. Yuxuda danışmağa başlamısan; mənəm Qulamın ölümündə günahkar. Sənin nə günahın, hərənin öz vədəsi var…»
Arvad mənə tənə eləmirdi, yox, mən elə kişi deyiləm ki, arvad-uşaq sözümün üstünə söz deyə. Ancaq yazıq mat-məəttəl qalmışdı. Hardan biləydi mən nə çəkirəm?
Qulamın yeddisində, axşam çadırda adam azalanda özümü mollanın yanına verdim. Cavan olsa da, bilikli adamdı. Cahil deyildi, ağzını açanda hiss olunurdu ki, kitab mərifət əhlidi. O ki, qaldı yaşının azlığına mənnən müqayisədə indi çoxları südəmərdi. Nə isə, özümü çox yığıb yığmalasam da, ürəklənib Qulamın ölümü ilə bağlı gördüyüm yuxunu mollaya danışa bilmədim, əvəzində qəfil ağlıma gələnləri dilimə gətirdim:
- Ay oğul, görəsən o dünya var? – səsim yavaşcadan çıxsa da, molla sözlərimi aydınca eşitdi.
Sağ əlini nazik saqqalında gəzdirib qabağındakı armudu stəkanı əlinə götürdü, çaydan bir qurtum alıb boğazını arıtladı. Yəqin tutarlı cavab vermək üçün vaxt qazanırdı. Stəkanı nəlbəkiyə qoyub yaşına uyarsız şəkildə ağır-ağır dilləndi:
- İnananlar üçün var, inanmayanlar üçün yoxdu, o, cavab verdikcə mənə elə gəlirdi ki, mollanın yanında balaca uşağam. – Bəndə nəkarədi ki, hər şeyi qabaqcadan bilə. Şübhəsiz, bu dünya da, o dünya da Allahın əlindədi. Day orada nə var, nə yox, o dünya necədi, nə təhərdi bizlik deyil, gülümsündü, toppuş yanaqları daha da yumurlandı. – Ölərik, görərik… Əcəl gələndə sizdən, mənnən heç nə soruşmayacaq…
Mən ürəklə:
- Sağ ol, bala, dedim.
O, sağolumdan çaşsa da, özünü itirmədi:
- Buyur, ağsaqqal, borcumuzdu… deyib uzun, qara təsbehini çevirdi.
Daha yuxu məsələsini açıb-ağartmağa ehtiyac qalmadı. Amma məsələ bununla da bitmədi…
* * *
Hərdən güzgüyə baxanda çox qocaldığımı aydınca görürəm. Yanaqlarımdan çənəmə qədər uzanan dərin qırışlar qocalığın kulminasiyasından xəbər verir. Ha fikirləşirəm, cavanlığımda, gəncliyimdə, uşaqlığımda necə olduğumu yadıma sala bilmirəm. Sanki anadan elə beləcə, keçəl, peysərimdə beş altı pərqu kimi ağ tük, sir-sifətim qırış, gözlərimin rəngi qarışmış doğulubmuşam. Səksənə yaxınlaşmaq zarafat deyilmiş. Yaxşı ki, şəkillər qocalmır. Cavanlığımı yada salmaq üçün gərək albomdakı şəkilləri tökəydim qabağıma. Uzun uzadı xatirələrə dalıb keçmişi qurdalamaq qaramatdı. Yəni, irəlidə heç nə yoxdu, nə varsa geridədi. Ondansa sakitcə əl-ayağını uzadıb ölümünü gözləmək yaxşıdı…
Ancaq atamı xatırlamaq, onun zəhmli çöhrəsini, yekə, iri, qabarlı əllərini gözümün önünə gətirmək üçün heç bir alboma-filana ehtiyac yoxdu. Deyirlər, günlərin birində atamdan qan analizi götürmək istəyib şəhərli sestra. İntəhası, nə illah eləyibsə, kişinin barmağını deşə bilməyib. Elə yaxşıdı ki, deşə bilmyib, iynə, dəva dərman nədi bilməz bizim nəsil.
İnsan kitabı, oxuyub-yazmağı əməllərindən, gördüyü işlərdən çox çox sonralar kəşf eləyib. Əslində bu görüntüdü, ilğımdı ki, elm, texnika inkişaf eləməsəydi, Adəm övladı pis yaşayardı. Hələ hökm vermək olmaz elmi sıçrayışlar bəşəri irəli aparıb, ya geri. Hər şey əvvəldən də var idi. Yalnız müdriklər agahdı əlçatmaz sirlərdən. Elmi kəşflər seçilmişlərin bildiklərini üzə çıxardıb kütlənin malı elədi və dünya maraqsızlaşdı. Bu fikirlərimlə tərəqqinin əleyhinə getdiyimi düşünməyin. İntəhası, mən dünyagörmüş qoca da nələrisə anlayıram.

* * *
İkinci dəfə yuxuda o formasız məxluqun səsini eşidəndə gördüyü vaqeəni dəqiqliklə xatırlaya bilmədi. Yəni bu dəfə o səsi, o sözləri hansısa röyanın içində eşitmişdi, o sözlər yadında qalsa da, şəkillər, ətrafdakı hadisələr xatirindən silinmişdi. Bəlkə vaqeəsindəki kənar hadisələr deyilən kəlmələrin formasını, daha dəqiqi, sözləri deyən obyektin formasını unutdurub izi azdırmaqdan ötrü idi? Ya bəlkə röyasındakı kənar olayları anlasaydı, daha dərinə gedə bilərdi? Hər nəydisə, ya vəlvələdən, ya zəlzələdən kənar hadisələrə bel bağlamağa dəyməzdi. Çünki yaddaşından silinmişdi. Kəlmələrsə təxminən həmən-həməndi: « Üç gündən sonra əmin oğlu Rüstəm öləcək. Sağ əlini Rüstəmin sol çiyninə qoysan, ona möhlət veriləcək…» Bu da belə… Əstəğfürüllah… Lənət sənə, kor şeytan! Dərdini kimə deyib əlac istəyəsən?
Bacanaq, əmioğlu, bəlkə dalısınca daha yaxın adamlar gələcəkdi? Şər deməsən, xeyir gəlməz. İndi başıma haranın daşını töküm?
Mənim sağ əlim… Sağ əlim… Axı mənim sağ əlim yox idi…
Günahım varsa, cəzanı özümə ver, ya Rəbbi! Bu daha ədalətli olar. Əlbəttə, mən haqq-ədalət tərəzisini ölçən deyiləm. Bu özü də asilikdi. Elə şeylər, elə işlər, elə tərəzilər var ki, insan idrakı ilə ölçmək müşküldü, amma heç bir bəndəni çəkə bilməyəcəyi yükə ürcah eləmə…
Yenə özün bilən məsləhətdi…
Yuxudan yaradanla alış veriş eləyə-eləyə ayıldı və hiss elədi ki, gözləri yaşarıb…
Bir xeyli yerinin içində uzandı. Qarısı çoxdan yerindən qalxmışdı. Biş düşlə məşğuldu deyəsən. Mətbəxdən qab qacaq səsi gəlirdi.
«Görəsən, mən öləndə kim sağ əlini sol çiynimə qoyub əcəldən möhlət istəyəcək?..»
Deməli, bu dəfə əmioğlum Rüstəmin başının üstünü Əzrayıl alıb… Hardadı çıxış yolu?
Əməlli-başlı ağlamışdı yuxuda, yastığı nəm idi…
«Rüstəm məndən on yaş kiçikdi…»
Bəlkə ən asan yol, şoğərib sağ əlimi Rüstəmin sol çiyninə qomaqdı?
Lənət, min lənət, bu şeytanilik deyil, bəs nədi?
Özümü nə hesab eləyirəm, mən ölü dirildənəm, şeyx Nəsrullaham, nəyəm, kiməm? Yox… Söhbət ölülərdən yox, dirilərdən, üzü bəridə olanlardan gedir… Deməli, Tanrı yazısını dəyişməyə qadirəm. Kim, hansı qüvvə, nədən ötrü verib mənə bu səllahiyyəti? Sağ əlimi yuxuda adı çəkilənin çiyninə qoyub sınamaq daha böyük günah deyil ki?
Əmioğlu Rüstəm məni çox istəyirdi, e, diridi o, hələ, istəyir. Mən də onun xətrini çox istəyirəm. Hər halda, Rüstəm bacanağım Qulamdan bir köynək yaxın idi mənə. Xasiyyətdə də Qulama tay deyildi. Deyib-gülən idi, təzəlikdən qorxmurdu. Yaşı əlliyə yetişəndə tar çalmağı öyrənmək fikrinə düşmüşdü. Mən də zarafata salırdım ki, qırxında öyrənən gorunda çalırsa, görəsən əllisində öyrənən harda siftə eləyəcək? İncimirdi zarafatımdan, əslində heç vecinə də almırdı. O, öz işindəydi. Beyninə bir şey girdi hökmən ən azı, necə deyim, dadına baxmalıydı, sınamalıydı özünü. Burası vardı ki, heç bir işin qulpundan ürəklə yapışmırdı, axıracan getmirdi, elə yüngülcə dişinə vururdu, vəssalam. İş yerlərini tez tez dəyişdiyindən əmək kitabçasında boş yer qalmamışdı. Hərdənbir yalvarıb-yaxarırdı ki, məni də özünlə dənizə apar, sənə mane olmaram, qarmaq atıb balıq tutacam, bir sözlə dincələcəm. Sənin də muzdun o olar ki, təzə balığın ləzzətindən faydalı iş əmsalın iki dəfə artar. Planı iki yüz faiz yerinə yetirərsən. Məhsuldarlığın, artımın səbəbi isə sirr kimi aramızda qalar. Sən əmək qəhrəmanı olarsan mənim sayəmdə, mən bu sirri, yəni sənin qəhrəmanlığının səbəbkarı olduğumu, heç kəsə demərəm, özümlə qəbr evinə apararam. Qəbr dedim yadıma düşdü, sənin iş yerin xoşuma gəlir, dənizin ortası. Romantika, aləmdi. Əcəb ölüb-qalmalı yerdi. «Day ağ eləmə,- deyərdim. – Ölüb-eləsən səni dənizin ortasında necə basdıraq, hə?» O ki qaldı mənim Rüstəmin köməyilə qəhrəman olmağıma, hər halda, işimdə az çox ad-san qazansam da, bunda onun zərrəcə köməyi olmadı, çünki Rüstəmi nə mən, nə də iş yoldaşlarım balıq tutan görmədi ki görmədi. Balıqçılığın əlifbası səbrdi. Rüstəmdə hövsələ nə gəzirdi… Amma arabir onun bizim işə gəlməyi hamımızın ürəyindəndi… Üzüyoladı, sir-sifətindəki uşaq təbəssümü uzaqdan-uzağa deyirdi ki, bu adam heç vaxt böyüməyəcək. Belələri çox deyil; dünyaya uşaq gəlib ömür sürənlər və elə uşaq kimi də dünyanı dəyişənlər. Əstəğfürüllah, Rüstəmdən iraq…
* * *
Yatağından qalxıb vanna otağına keçdi, yuyundu. Qonaq otağında qarısı kresloya yayxanıb telefonla danışırdı. Ərini görən kimi düyməni basıb dəstəyi yerinə qoydu.
- Çay gətirim?
Kişi masa arxasındakı stulda əyləşib başını tərpətdi:
- Gətir…
- Yemək yeyəcəksən?
- Yox, Əhmədin yanına gedəcəm. Bağdadı…
Qarı tosqun bədəninə uyarsız cəldliklə qalxıb ləngər vura-vura, yırğalana yırğalana mətbəxə gedəndə qoca ömründə ilk dəfə açıq-aydın gördü ki, arvadı qocalıb, hərəkətlərindəki şuxluğun özü də yalançı görüntüdü, ilğımdı. Və qəfil ona elə gəldi ki, arvadından çox yaşayacaq, qarısının ölümünü görəcək. Ağlına gələnə tamam-kamal inansa da, nə sevindi, nə də təəssüfləndi. Ona çay gətirib üzbəüz əyləşənin ölümünü düşünmək o qədər də ağır deyildi. Qəribə görünsə də, bəlkə belə yaxşıydı. O, qarısını bu dünyada tək qoyub getsəydi, Allah bilir sonra övrətinin halı necə olacaqdı. Kim baxacaqdı ona? İndi oğul-uşağa nə etibar? Hərə öz kefindədi, çalış büdrəmə, tək qalma, yoxsa, yadlar bir yana, heç qohum-əqrəba da yiyə durmayacaq. Birdən-birə özünə də, qarısına da yazığı gəldi. Baxışlarını qaçırıb çaydan bir qurtum almaq istəyəndə az qala dodaqlarını yandıracaqdı. Çay qaynardı. Tez fincanı nəlbəkiyə qoydu.
- Xeyir ola Əhmədgilə?
- Heç, elə belə… bir az işim var Əhmədnən, yalan deyirdi, sadəcə, köhnə dostu ilə dərdləşmək istəyirdi. Sən kiminlə danışırdın?
Qarı çaşqın çaşqın ətrafa baxdı.
- Harda?
- Telefonda…
- Hə, qarı köksünü ötürdü. – Nəvən zəng eləmişdi.
- Hansı?
- Orxan. Səni çox istəyir axı…
- Məni?
- Hə… Qıymadı ki, səni oyadım. Dedi qoy yatsın…
- Yenə nə işi düşüb?
- Bəsdi, ay kişi… Uşaq səni elə-belə xəbər aldı, dedi babamçün darıxmışam.
- Darıxıb gəlib dəysin də bizə. Amerikada-zadda yaşamır ki…
- Gələcək gələcək… Deyir, hələ başı qarışıqdı.
Qoca məzələndi:
- Harası qarışıqdı?
- Bəsdi, a kişi, bəsdi… Elə bil özgəsi haqqında danışırsan, qarı udqundu. – Orxan dedi ki… sözünü kəsdi.
Qoca əlini yellədi:
- De, de, de görüm, nə işi düşüb onun, qarnının ağrısı nədi…
Qarı qaşqabağını salladı:
- Heç nə, uşaq elə-belə zəng eləmişdi…
Araya sükut çökdü.
Qoca qarşısında buğlanan çaya baxdı, ətrafa boylandı, önündə incik əyləşən qarısını süzdü. Bu qarı günlərlə onun yolunu gözləmişdi. Ayın yarısını evdə həm kişi olmuşdu, həm qadın. Ərini əvəz eləmişdi. Düzdü, əri də iş adamı idi, kef-damağa getmirdi, dənizin ortasında yerin yeddinci qatından, qəzet dili ilə desək, qara qızıl çıxarırdı, çovğun görürdü, fırtınaya düşürdü, buruqda qəza baş verəndə anadan əmdiyi burnundan gəlirdi.
İnsafən, qarı istehzaya, rişxəndə layiq deyildi.
- Ac gedəcəksən? – qarı ağ bayrağı qaldırdı. – Bir şey at da ağzına…
- Yox, gedirəm, iştahım yoxdu…
- Axşam qayıdacaqsan?
-Bilmirəm, - qoca çaydan bir qurtum aldı. – Nə deyirdi o…
- Kim?
- Orxan.
- Heç nə, axşam özü zəng vuracaq…
Qoca qalxdı.
- Mən geyinim…
… Lifti gözləməyib sürahidən tuta tuta, asta asta pilləkəni endi, blokun qabağında isti üstünə vurdu. Səhər göydən od ələnirdisə, günorta cəhənnəm istisi aləmi bürüyəcəkdi.
Evin qabağındakı maşından cavan bir oğlan çıxıb mehriban-mehriban:
- Salam, Həbib müəllim, hara gedirsiz? soruşdu.
Kişi arxa qapını açıb əyləşdi və:
- Sür bala, dedi. – Sür Əhmədgilin bağına…

* * *

Yolu yarı eləmişdi ki, birdən-birə şəkləndi. «Niyə gedirəm e, Əhmədin yanına? Mən indi Rüstəmgildə olmalıyam…» Amma onun harda olmağını özü həll eləmirdi. Bircə şeyi bütün varlığı ilə anlayırdı ki, sürücüyə Rüstəmgilə getmək lazım olduğunu söyləsə, sürücü də yolu dəyişsə, yenə mənzil başına çatmayacaq. Axır zamanlar o, heç nəyi özbaşına həll eləmir, onu aparan aparır getdiyi yerə. Yəqin tale, qismət, ömür deyilən sirli sehirli yolu heç kəs özbaşına qət eləmir. Hərənin öz sarbanı var. Amma o sarban o yolu elə göstərir ki, yolçulara elə gəlir qabaqda heç kəs, heç nə yoxdu, hər şey öz əllərindədi, bütün yol rizi özləri seçirlər. Yerin yeddinci qatında qara qızılın harda axdığını az qala gözüyumulu bilən xəzinədar üçün torpağın üstündə addımlamaqdan asan nə vardı ki? Yeddinci qatın xəzinədarı? Dənizin dibinin yeddinci qatının sahibi… Əstəğfürullah, sahibi-ixtiyar Yaradandı, Allahdı… Allahlıq iddiasına düşənlərsə gec tez cəzalanır. Kim düşmüşdü bu iddiaya? O? Yox, yox, min kərə yox!..
Məndən aşağı kimsə yox, Ondan da yuxarı…
Yazı-pozu, şeir sənət adamı olmasa da, hərdənbir bu misranı təkrarlamağı xoşlayırdı.
Əvvəllər belə vasvası, hər şeydən xoflanan deyildi, bir balaca ateistliyi də vardı. İllər ötdükcə, yaşının üstünə yaş gəldikcə, sanki xasiyyətini özündən xəbərsiz dəyişirdilər. Kənar qüvvələr dəyişirdilər. Gözəgörünməz qüvvələr… Və o, get gedə dumanlı da olsa anlayırdı ki, yer üzündəki bütün hadisələr, bütün canlılar, cansızlar bir-birləri ilə gözəgörünməz tellərlə bağlıdı. Dünyada artıq və əskik heç nə yoxdu. Artıqlar işlərini, missiyalarını başa vurub ayrı formaya keçirlər. Kainatda heç nə özbaşına, baş vermək xatirinə baş vermir. Səbəbini anlamadığımız, çoxundan xəbərsiz olduğumuz olaylara adi baxmağın özü sadəlohvlükdü. Demə, insan özü-özünü kəşf eləmək üçün təkliyə, tənhalığa çəkilməliymiş və boş vaxtı, yox, boş da yerinə düşmür, düşünmə, fikirləşmə vaxtı, zamanı həddən ziyadə çox olmalıymış. Fikir, düşüncə adamı olmaq üçün əlini ağdan qaraya vurmadan tərkidünya yaşamalı və öz-özünlə haqq-hesab çəkməliymişsən. Belədə çox qıfıllı qapılar açılacaq.
Amma sən işləmə, mən əlimi ağdan-qaraya vurmayım, bəs altı milyard bəndəni kim yedirib-içirsin, kim geyindirsin? Bax, budur əsas məsələ!
«Pensiyaya çıxmağım məni filosof eləyir».
Həbib müəllim beynindən keçənlərə, ağlına gələnlərə gülümsünüb yerində qurcalandı.
Deyəsən, sürücü nə isə dedi, qoca onu eşitmədi.
- Eşitmədim, bala, nə dedin?
- Həbib müəllim, şəhər od tutub yanır, nə əcəb bağa köçmürsünüz? Öz bağınıza deyirəm…
- Əşi, orda hay-küydü… Uşaqlar, nəvələr… Biz qocalara elə isti yaxşıdı. Sümüyümüz qızır. Hərdən Əhmədə baş çəkirəm, bəs eləyir…
- Əhməd müəllim də tək qalır deyəsən bağda…
- Elədi, biz qocaların başı səs-küy, hay-haray götürmür. Amma Əhmədin bağında bir ailə də yaşayır. Tənha ər arvad… qaçqındılar… Sağ olsunlar, həm bağdan göz-qulaq olurlar, həm də arvadı öləndən sonra kömək eləyirlər Əhmədə…
- Bəs onun heç kəsi yoxdu?
- Niyə? Qızı var, yekə nəvələri var… Türkiyədə… Qoca sürücünün peysərinə baxdı.

* * *

Zəmanədən şikayət qocalıq əlamətidi. Yaxşı ki, keçmişdən həzin bir işartı yaddaşına süzülüb kefini duruldurdu. Deməli belə, Rüstəmin oğlu Əjdər tələbə vaxtı semestr imtahanlarından dalbadal üç dənə yağlı iki alıb institutdan qovulur. Uşaq tənbəllik eləməyib gedir kəndə, dayısıgilə. Bilirmiş ki, dayısı institutun rektoru ilə tələbə yoldaşı olub, yataqxanada bir otaqda qalıblar. Diribaşlıq da oxumaq deyil ki, tələbələrin zəhləsi getsin. Xülasə, tez tələsik dayısını gətirir şəhərə, kişiyə yaxşı əyin-baş alır, köynək, şalvar, qalstuk… Dayısını bəzəyib düzəyib erəsi saat birdə yetirir rektorun qəbuluna. Dayı qəbul otağında rektorun katibəsinə deyir:
- İçəri xəbər ver ki, filan rayondan tələbə yoldaşın Səmədağa müəllim gəlib…
Katibə nəm-nüm eyləyir:
- Fasilədi…
Dayı cin atına minib:
- Sənə nə deyirəm tez içəri çatdır ki, sonra tənə yeməyəsən, deyir. – Qandın, ya yox?!
Katibənin gözləri kəlləsinə çıxır. Tez qalxıb rektorun kabinetinə girmək istəyəndə dayı da özünü içəri atır.
Nə isə, beş-on dəqiqə keçir, institutdan qovulan tələbəni çağırırlar kabinetə. Tələbə içəri girib görür ki, rektorla dayısı üzbəsurət əyləşiblər, qabaqlarında pürrəngi çay. Zarafatın da biri beş qəpik. O deyir bu gülür, bu deyir o. Bir sözlə, hırhahırdı. Tələbə bilirdi ki, dayısı deyib-gülən, itoynadandı, demə, rektor da onun tayıymış. Həmişəki zəhmli, qaraqabaq adamdan əsər-əlamət yoxdu.
- Sənə arxayınam… dayısı deyir.
Rektor ayağa durub, öz yerinə, «T» şəkilli stolun arxasına keçib zəngi basır:
- Arxayın ol, günü bu gün həll eləyəcəyəm. Amma bu qəhrəman, qapının ağzında dayanan bacıoğlunu göstərir, gərək bunnan sonra yaxşı oxusun.
Səmədağa da qalxır:
- Day biz gedək, sən iş-güc adamısan, vaxtını almayaq…
- Dayan, dayan, rektor yerində qurcalaqlanır, bəlkə ayrı nəyəsə ehtiyacın var? Pul-paradan korluq-zad çəkirsən? – əlini cibinə atıb bir dəstə pul çıxarır. – Götür…
Səmədağanın gülümsər çöhrəsi kölgələnir.
- Bu nədi? Mən sənin üçün dilənçi-zadam…
- Allah eləməsin, biz qardaşıq… rektor pərt olub pulu cibinə qoyur.
- Çox sağ ol… Hər şey qaydasındadı. Sən bacım oğluna kömək elə, kifayətdi.
Rektor pərtliyi aradan qaldırmaq üçün mehriban-mehriban:
- Baş üstə, deyir. – Arxayın ol…
Qapıdan çıxanda Səmədağa çönüb:
- Çox sağ ol… təkrarlayır. – Sən olmasaydın rayona mayka-tursikdə dönəcəkdim.
Rektor qalın qaşlarını çatıb:
- Niyə? –soruşur.
- Çünki əynimdəkiləri bacoğlum alıb, iş düzəlməsəydi, gərək soyunaydım.
Rektor mizan-tərəzini itirib özünü saxlaya bilmir və elə qəhqəhə çəkir ki, qəbul otağındakılar diksinib nə baş verdiyini anlamaq üçün çaşqın çaşqın, qeyri-ixtiyari qapıya cumurlar. Yazıq katibə onları qapının ağzından geri itələyəndə pencəyinin düyməsi qırılır.
O tələbə, Əjdər, Rüstəmin oğlu indi yekə kişidi, ancaq yeri düşəndə hələ də bu hadisəni danışıb dayısına rəhmət oxuyur. Rüstəmin arvadı Sənəmsə davam eləyir ki, işi düzüb-qoşan günün səhəri gördüm qardaşım əynindəkiləri soyunub köhnə pal paltarını geyindi. Kəndə yola düşmək istəyir. Dedim, ay qardaş, ay rəhmətliyin oğlu bu təzə paltarları kimə saxlayırsan, zarafat, deyib gülmək öz yerində, şəhərdə bu şalvar-köynək, bu alabəzək qalstuk kimə lazımdı? İki ayağını bir başmağa dirədi rəhmətlik. Yox ki yox! Rəhmətlik uşaq kimi saf, təmiz, sadəlövh olsa da, tərsdi. Day o təzə pal paltarı Səmədağanın əyninə geyindirib qardaşımı kəndə yola salınca bütün ölüb itən qohum-əqrəbanın goruna and verdik…
…- Gözləyim sizi, Həbib müəllim?
- Nə? – kişi xəyaldan ayrıldı.
- Çatmışıq, sürücü təkrarladı.- Deyirəm gözləyim sizi?
Maşın hündür daş hasarlı, qırmızı darvazalı həyətin qabağında dayanmışdı.
- Yox, bala, işində ol, - qoca maşından düşdü.
* * *
Elə şeylər, elə yerlər var ki, özündə onun eyni, bəlkə də ondan yaxşısı olsa belə özgəninki, başqasınınkı daha yaxşı, daha şirin görünür. Əhmədi yad, özgə saymasa da, bağında özünü elə rahat, elə sakit hiss eləyirdi ki, guya, cənnətin bir guşəsində arın-arxayın mürgü vururdu. Bu rahatlığın, sakitliyin, tərkidünyalıq qoxusunun, yüngüllüyünün səbəbi, özəyi, mənşəyi hardandı, baş açmırdı. Bircə onu anlayırdı ki, Əhməd ayrı aləmdi, onu görəndə sanki güzgüyə baxırdı, özünü başdan-ayağa süzürdü. Bəs necə, neçə il bir yerdə işləmişdilər, elə təqaüdə də eyni vaxtda çıxmışdılar. Həbib kişi xəstələnəndən sonra Əhməd demişdi ki, bəsdi daha, mən də qocalmışam, çıxıram pensiyaya. Həbibdən sonra işləyə bilmərəm, onunla gəlmişəm, onunla da gedəcəm. Bu neft işi ki, var, futbol oynamaq kimi bir şeydi, gərək mobil komandaya çevriləsən, təkbaşınalıq keçmir burda. Həbiblə mən köhnənin neftçiləri, necə deyərlər, köhnənin futbolçuları idik, bir-birimizi sözsüz-kəlməsiz başa düşürdük. Ancaq neyləyəsən, ömür keçdi, qocaldıq. Şair də yanıqlı deyib:
«Ay andıra qalasan, görüm səni, qocalıq…»

* * *

Filosofluq eləməkdə, fikirləşib dağı arana, aranı dağa qatmaqda mənə çatan çətin tapılar. Əməli işə gələndəsə, Həbib həmişə məni üstələyib. Heç kəs öz ayranına turş deməsə də, mən beləyəm. Mənə kənar hakim gərək deyil. Özüm özümə tənqidçiyəm. Özünütənqid yaxşı şeydi. Lap gözümün işığı ola, tərəzini əymərəm. Bayaqdan Həbib məni dalbadal iki dəfə mars eyləyib, bir tas uduzmuşam. Uduzmağı özümə dərd eləməsəm də, neçə gün rəqibimin dilindən qurtarmayacağım şəksizdi. Bu nərdi kəşf eləyənin atasına lənət! Gör nə qədər vaxtımız boş boşuna sərf olunur. Papağımızı yan qoyub gəzir, heç nəyə fikir vermirik. Balam, bəs hər gün ömürdən gedir axı… Üzə vurmasan da, içində əsəbləşirsən, qanın qaralır, zər şoğərib də vermir ki vermir! Bu boyda bağ bağatın, artırmadakı sərin mehin, stolun üstündəki mürəbbənin, pürrəngi çayın, konfetlərin, kəllə qəndin dadı tamı qaçır. Doğurdan-doğruya bütün oyunlar şeytaniymiş!..
- A bala, a qızım, gəl bu çayları dəyiş, buza dönüb… əslində vaxt qazanırdım, necə deyərlər, tempi aşağı salıb Həbibin əlini «sındırmaq» istəyirdim.
Gəlin çayları dəyişib gedəndə ayaq saxladı:
- Dayı, yemək hazırdı, haçan desəz gətirərəm.
Həbib özündənrazılıqla gülümsündü:
- Çətin bu gün bunun boğazından tikə keçə…
- Yaxşı, bala, yemək istəyəndə deyərik, dedim.
Gəlin getdi.
Həbibin atdığı zərləri tutub:
- Gəl antrakt eləyək, dedim.
Diqqətlə üzümə baxıb ciddiləşdi:
- Nolub? Sözlü adama oxşayırsan…
- Səhhətin necədi?
- Babatam.
- Xəstəliyini deyirəm.
Qımışdı:
- O da babatdı…
- Zarafata salma…
- Qismətdən artıq yemək olmaz. Fələyin yazdığını bəndə poza bilməz. Bu yaşda bıçaq altına girmək sənə asan gəlməsin.
Baxışlarımı qaçırıb fincandakı çaydan bir qurtum aldım. Dillənmədim, çünki bilmirdim belə yerdə nə deyərlər, necə təsəlli verərlər. Bəzən yaş təcrübəsi-filan da köməyimizə gəlmir. Adi vəziyyətdən çıxış yolu tapa bilmirəmsə təcrübəm, yaşantılarım çürük bir qoza dəyməz. Sanki beynimdən bütün lüğət silinmişdi, nə deyəcəyimi, hansı dildə danışacağımı bilmirdim. Nəhayət, özümü ələ alıb güclə:
- Səni belə qorxaq bilmirdim, dedim. – Hər şey yaxşı olacaq.
O, dinmədi.
Mənə elə gəldi ki, çox axmaq sözlər dedim, ayrı nə isə mızıldamalıydım. Hər şey yaxşı olacaq o demək idi ki, indi aləm bir-birinə qarışıb. Həm də belə demək insanda gizlənən Allahlıq iddiasıdı. Biz kimik ki, olacaqlardan xəbər verək? Di gəl, xəstə, təsəlliyə ehtiyacı olan qocaya sözə bax a, qoca, guya, mən özüm sütül bir cavandım – ayrı nə deyəsən? «Qocanın» gözü də atmırdı mənim üzü sürtülmüş təsəllim üçün. O, hər şeyi məndən yaxşı bilirdi. Çay içə-içə ona baxıram, o da siqaret tüstülədə tüstülədə həyətə boylanır və qəfil mənə elə gəlir ki, Həbib məni qabaqlayacaq, məndən tez dünyasını dəyişəcək. Lapdan ağlıma gələnlərdən çaşıb qalıram. Nədənsə, önümdəkindən utanıram. Mənə elə gəlir ki, o, ürəyindən keçənlərdən xəbərdardı və onun xəstələnməyində günahkaram.
İlahi, nərd oynamaq gic-gic şeylər fikirləşməkdən yaxşıymış…
* * *
- Yox, maşalla, iştahın yaxşıdı, nahardan sonra həyətə düşüb gəzişəndə mən dedim. Kefi əməlli-başlı pozulmuşdu. – Nə qaşqabağını sallamısan, o qədər ki, sən yedin, sənə ölüm yoxdu…
Gülümsündü:
- Əşi, iştah-filan öz yerində, gecələr elə əcaib qəraib yuxular görürəm ki, zəhrim yarılır. Oyananda neçə gün özümə gələ bilmirəm.
Yaralı yerimə toxunmuşdu, ancaq özümü tox tutmalıydım. Onun qoluna girib:
- Sən yaxşısan, dedim. –Heç olmasa yata bilirsən, yuxu görürsən. Ancaq mənim yuxum ərşə çəkilib. Yata bilmirəm, arabir yüngülcə mürgüləyirəm, vəssalam…
- Elə bilirsən mənim xəstəliyim sən bildiyindi? Mənim baş beynimi dəyişmək lazımdı. Gözümün qabağına olmayan, ağlasığmaz şeylər gəlir. Guya, qəzaya düşmüşəm, avtomobil qəzasına. Maşını da özüm sürürmüşəm. Həmin qəzada sağ qolum dirsəkdən aşağı kəsilib. Ha axtarıram qolumu tapa bilmirəm. Yuxu, röya, vaqeə deyil a, bu. Yuxunu yatanda, gözüyumulu görərlər. Mənsə danışdıqlarımı ayıqlıqda, səni gördüyüm kimi görürəm. Kino kimi… İntəhası, mən o kinonun seyrçisi, tamaşaçısı deyiləm, iştirakçısıyam…
Day təsəllidən keçmişdi, açdım sandığı tökdüm pambığı:
- Elə bilirsən kefimdən qışı da bağda keçirirəm? Təklik mənə vahiməli görünür. Arvadın ölümü də məni bir yannan sıxır. Burda başımı girləyirəm…
Gəlib əyləşdik qovaq ağacının altındakı yekə stolun arxasında qabaq-qənşər. Həbib yavaşca stolu döyəclədi.
- Burda yaşamaq şəhərdə gün keçirməkdən yaxşıdı, qımışıb göz vurdu. – Cənnətə hazırlaşırsan, qoca…
Deyəsən, o mənə ürək dirək vermək fikrinə düşmüşdü.
Mən gülümsündüm:
- Bizə elə həkim, elə operasiya lazımdı ki, ayılanda görək sütül bir oğlana dönmüşük.
Həbib köksünü ötürdü:
- Ölüm haqdı, bu heç… Ölümdən qaçmaq olmaz. Amma Tanrı gərək insanlara qocalığı rəva görməyəydi. Yəni kimə nə qədər ömür yazılıbsa, səksən il, yüz il elə cavan yaşayıb dünyasını dəyişəydi… Ay Əhməd, görəsən, o dünya var?
Çiyinlərimi çəkib kobud, qaba zarafata keçdim:
- Mən nə bilim… Az qalıb, ölərik görərik…
Dediklərimi qulaqardına vurub soruşdu:
- Qızından nə xəbər var?
- Yaxşıdı tez tez zəng eləyir…
- Nə deyir?
- Deyir ki, tək qalma, yığış gəl bura.
- Bəs sən?
- Nə danışırsan, Həbib, mən burdan ayrıla bilmərəm. Yaşımın bu vaxtında hara gedim? - - - Niyə gedim?.. Mən burda öləcəm…
Bu dəfə Həbib ürəkdən dedi:
- Ona hələ çox qalıb…
Mən ona züy tutdum:
- Əlbəttə!
O, lap dərinə getdi:
- Bizim gələcəyimiz qabaqdadı. Biz hələ çox işlər görəcəyik. Elədi? - soruşub əlini mənə uzatdı.
Mən onun əlini var gücümlə, möhkəm-möhkəm sıxdım. Həbibin qırışmış çöhrəsi nurlandı.
Gəlin həyətdə oturduğumuzu görüb təmiz süfrə gətirdi, stolun üstünə sərdi.
- İndi çay da gətirəcəm, istiqanlılıqla dedi. – Siz rahat dincəlin.
- Ay qızım, yuxarıdan nərdi də gətir, Həbib süfrənin qırışığını düzəltdi.
Mən onun sözünə qüvvət verdim:
- Gətir, bala, nərdi tez gətir ki, borcumu qaytarım.

* * *

Yazıq gəlin bayaqdan bilmir bizə necə qulluq eləsin, qa deməmiş yemək gətirir, qu deməmiş çay. Onun günahı deyil ki, heç nə açmır biz qocaların qəlbini. Başqası bizim yerimizə olsaydı papağını göyə atardı. Nədi ki! Hər şey göz oxşayır. Səhər durub gərnəşirsən, dənizin təmiz havasını udursan, o dəqiqə çayın-çörəyin hazır olur qabağında. Allah verəndən yeyib-içəndən sonra həyətə düşüb lapatkanı götürürsən, guya ki, ağacların dibini boşaldacaqsan, ləkləri təmizləyəcəksən, ancaq heç nə eləməyib nədənsə, özünü aldadırsan, çünki hər şey qaydasındadı, ağacların dibi çoxdan şumlanıfb, ləklərdəki tərəvəzlərə bütün qulluqlar edilib, iri həyətin qanqalı, ot ələfi tərtəmiz çıxarılıb, hər yan göz oxşayır. Evə gəlmək üçün yanlarına kərpic hörülmüş ensiz asfalt cığırlar tərtəmiz süpürülüb. Axşamüstü o cığırlar, iri ağaclar, ləkdəki tərəvəzlər suvarılacaq, təkcə havadan yox, torpaqdan sərin, ürək sakitləşdirən meh qalxacaq. İkinci mərtəbədəki eyvana çıxıb həyətə, ətrafa göz gəzdirəcəksən. Yan-yörədən qoyun quzu mələrtisi eşidəcəksən, hardasa itlər hürəcək, görüb eşitdiklərinin fövqündə sanacaqsan özünü. Sanki yeri-göyü sən yaratmısan, sən olmasaydın nə itlər hürüşərdi, nə qoyun-quzu mələşərdi, nə də dünya indiki kimi olardı. Yer üzü qara geyinib ağlayardı…
Amma bu iddian çox az sürür. Çünki qəfil azan səsi ətrafa yayılır və sən bu zəhmli, eyni zamanda, hüdudsuz səsin içində get-gedə kiçilərək əriyirsən. Bu səs sənə gözünün önündə olan, lakin görə bilmədiklərini göstərir. Elə bil həmin səsin içində kimsə yuxarıdan amiranə-amiranə xəbər alır:
«Daha nə istəyirsən, qoca?» Sənsə dillənmirsən, çünki nə istədiyini özün də bilmirsən.
Yox, zərrəcə o yan-bu yanı yoxdu, Həbiblə mənim bircə adımız var. Gərək yaşımızın bu vaxtında haqqı nahaqqa verməyək, sözün düzünü danışaq. Adımıza gəlincə, adidən-adi, sadədən-sadədi:
«Naşükür qocalar»…

* * *

- Əhməd, dənizə gedirsən?
- İşə deyirsən? Hardan …
- Əşi yox e, sahilə deyirəm. Plyaja… Çimib eləyisən dənizdə?..
- Yox əşi, ayıb olmasın dalımnan halallıq istəyirəm. Bir o qalmışdı ki, çimərlikdə lüt-üryan soyunam, camaat tüksüz, spiçka ayaqlarımı görsün, sümükləri çıxmış aparıq bədənimi görsün, sinəmin üstünə cavan vaxtı döydürdüyüm neft buruğunu görsün… Gör plyajda nə həngamə qopar…
- Sinənə döydürdüyün buruq hələ də qalır?
- Hə… Neft də çıxır orda…
Həbib qəhqəhə çəkdi.
Axşam düşürdü, bir azdan azan səsi ətrafı bürüyəcək, bütün kəndə yayılacaqdı…
- Amma Rüstəm yaman üzürdü…
Diqqətlə üzümə baxdı:
- Hansı Rüstəm?
- Rüstəm də, sənin əminoğlu…
Dilim dilim olasan, dilim. Dinc dura bilmirəm də … Kişi elə diksindi, az qala stuldan yıxılacaqdı. Ciddiləşdi, çöhrəsi, sir-sifəti kölgələndi.
- Nolub? – narahat-narahat soruşdum.
- Heç… mızıldadı dodaqaltı. – Yazıq Rüstəm ağır xəstədi…
- Nədi ki, xəstəliyi?
Çiyinlərini çəkdi:
- Mən nə bilim…
Yəqin ağır xəstəlikdi ki, Həbib dilinə gətirmək istəmədi.
- Rüstəm bizdən uşaqdı axı… dedim.
Həbib köksünü ötürdü:
- Xəstəliyin yaşa nə dəxli?..

* * *

Cavanlığımdan beləydim, birinə kömək eləmək istəyəndə dəridən-qabıqdan çıxırdım, axırdasa gözlənilmədən işləri korlayırdım. İndiyəcən neçə kərə elçiliyə getmişəm, hamısı da qanqaraçılıqla sonuclanıb. Əlbəttə, acığımdan özümə qara yaxıb belə deyirəm. Elə də bədayaq deyiləm. Danışığımı da bilirəm, sözümün yerini də. Di gəl, hərdən hamıda olur yəqin. İstəyirsən qaş düzəldəsən, vurub göz çıxarırsan. Həbibin oğlunun elçiliyinə mən də getmişdim. İndiyəcən xoşbəxt yaşayırlar. Yekə uşaqları var…
Hava qaralmışdı, artırmaya çıxmışdıq, Həbib uzun, enli artırmada döşəməyə baxa baxa o baş-bu başa gəzişib var-gəl eləyirdi. Mən stol arxasında əyləşib onu süzürdüm. Kölgəsi də Həbiblə bahəm gəzişməyində idi. Artırmadakı çilçırağın işığının altı səhnəydi. Həbib də aktyordu… Tənha aktyorun teatrı. Mən də fanatik tamaşaçıydım. Gözümü «səhnə»dən çəkmirdim.
Elə gəzişə-gəzişə ayaq saxlamadan dedi:
- Bəxtin gətirib ki, ağcaqanad-zad yoxdu buralarda, yoxsa qapı-pəncərəni açıq qoyub rahatca işığı yandıra bilməzdik.
- Dəniz kənarı olmağına baxma, burda ağcaqanad olmur. Amma gəlinin əri həyətdə gürzə görmüşdü üç-dörd gün qabaq…
- Neylədi ilana?
- Heç nə, öldürdü…
- Sən ehtiyatlı ol…
- İlan mənə neyləyəcək, sinəmdəki buruğu götürüb vuraram başına.
Nömrəm keçmədi, zarafatımı vecinə almadı. Ayaq saxladı və gəlib mənimlə üzbəüz əyləşdi. Bu, o demək idi ki, daha məzələnməkdən keçib, ciddiləşmək məqamıdı.
- Xəstəxanadadı, ya evdə? – soruşdum.
- Kim?
- Rüstəmi deyirəm…
- Evdə olmalıdı, xəstəxanaya aparsaydılar, mənə xəbər verərdilər…
- Belə… birtəhər danışırsan…
- Necə yəni, birtəhər?
- Yəni nagüman… Rüstəmin xəstəliyi nədi, harda yatır, heç nədən xəbərin yoxdu… İkibaşlı danışırsan, burda gizlədiləsi nə var axı?
- Heç nə gizlətmirəm, çünki özüm düz-əməlli heç nə bilmirəm. Mənnən də gizlədirlər… Ancaq bir şeyi bilirəm. Rüstəm öləcək…
- Dəli olmusan? Hər xəstələnən ölsəydi, yer üzündə adam qalmazdı ki… Gedib eləmisən yanına?
- Yox.
Çaşıb qaldım. Kim mənim yerimə olsaydı, özünü itirərdi. Day üstünü vurmadım. O da dillənmədi. Araya sükut çökdü. Ya Həbibi dəyişmişdilər, ya məni. Birinci dəfəydi ki, söhbətimiz tutmurdu. Günah kimdəydi, nədəydi, bilmirəm. Bəlkə məndəydi, ucundan tutub ucuzluğa gedirdim, bəlkə ondaydı, çox hövsələsiz olmuşdu, səbri-qərarı kəsilmişdi. Məsələyə dəxli yoxdu, bircə bunu hiss elədim ki, ürəyim yüngülvari sancdı, sol qolum ağrımağa başladı. Yaxşı ki, sancı tez və öz özünə keçdi, qolumsa küt küt ağrımağında idi. Sağ əlimlə sol çiynimi, qolumu ovuşdurdum sakitcə.
Gözü məndəydi, içini çəkib soruşdu:
- Qolun ağrıyır?
Başımı tərpətdim:
- Hə…
Nigaran-nigaran üzümə baxıb:
- Ürəyindəndi … dedi.
Əlimi yellədim:
- Nə bilmək olar, bizim bütün zapçastlarımız köhnəlib.
Həbibin dodaqları qaçdı.

* * *

Gecə ilan vuran yatdı, Həbib yatmadı, mən də gözümü qırpmadım.
- Nə olub, ay Həbib? – soruşdum. – Niyə narahatsan, ağrıyıb eləyirsən bəlkə?
- Mobil telefonum evdə qalıb…
- Nə olsun… Nə lazımdı ki? Evdəki telefon, mənim öz mobil telefonum ikisi də işləyir, bu vaxt hara zəng vurmaq istəyirsən?
- Şoferə zəng eləmək istəyirəm ki, gəlib məni Rüstəmgilə aparsın…
- Gecənin bu vaxtı?
- Hə…
- Bu vaxt sağlam adamın üstünə getsən o dünyalıq olar, sən nə danışırsan?
Həbib ikinci mərtəbədəki artırmanın açıq pəncərəsindən həyətə baxa baxa siqaret çəkirdi. Mən də arxada dayanmışdım, nigaran və narahat idim.
- Bəs neyləyim? - üzümə baxmadan soruşdu. – Ürəyim sıxılır…
- Heç nə, şofer-zad lazım deyil, sabah özüm apararam səni Rüstəmgilə. Gündüzün xeyrindən gecənin şəri yaxşıdı, çaşdım özümü itirdiyimdən.
Həbib üzünü mənə çevirdi. Mənim idman kostyumumu keçirmişdi əyninə. Yaxşı ki, kostyum mənə gen idi, yoxsa Həbibə gəlməzdi…
Sakit yay gecəsiydi, Ay bədirlənmişdi, ulduzlar Ayı əhatəyə almışdılar. Elə bil Ayı dilə tutub yola gətirməyə çalışırdılar. Deyəsən, Ay da könülə gəlmişdi, dinib-danışmırdı, fikrə getmişdi. Şükür ki, mən də Həbibi dilə tuta bildim. Gecəyarısı bizdən getsəydi, nigaran qalacaqdım. Özüm də ona qoşulsaydım, oda-oyuna düşəcəkdim. Gecə qara, cücə qara… Gecə yata bildim bilmədim, gözümə yuxu getdi getmədi, gərək yerimə girəm. Çünki Allah eləməmiş yıxılsam, çətin ayağa qalxam. Elə Həbibin özü də… Gərək özümüzü qoruyaq, sərt hərəkətlər eləməyək, ağır oturub batman gələk…
Siqaretin kötüyünü həyətə tullayıb üzünü mənə çevirdi:
- Hələ də maşın sürürsən?
- Hə, hərdənbir sürürəm, ancaq akumlyatoru naxələfdi. Gərək gəlinin əri üç dörd uşaq tapsın, itələyib motoru işə salsınlar, gopa basdım, akumlyator ona görə xarab olmuşdu ki, axırıncı dəfə maşını nə vaxt sürdüyümü xatırlamırdım. Məndə hövsələ nə gəzirdi şəhərdəki tıxacda maşın sürməyə?
- Maşın bizi yolda qoymaz ki?…
- Yox, çətini işə düşənəcəndi, xodlanandan sonra bizə ölüm yoxdu. Gedək, heç olmasa bir az yatıb gözümüzün acısını alaq…
Sakitcə razılaşdı:
- Sən get yat, mən də bir azdan yatacam…

* * *

Tez gedək, tez yolda düşək deyə-deyə, biz qocafəndi hazırlaşanacan gün günorta oldu. Bir dəstə cavan hay-harayla maşını itələyib motoru işə saldı, mən keçib oturdum sükan arxasında. Həbib də əyləşdi yanımda, axır ki, nağıl diliylə desək, düzəldik yola.
- Sən niyə əziyyət çəkirsən? - Həbib yanındakı pəncərəni aşağı salıb siqaret yandırdı. – Şoferi çağırardım.
- Heç bir əziyyəti yoxdu. Mən də Rüstəmə dəymək istəyirəm. Görək dərdi-azarı nədi? Harda yaşayır Rüstəm?
- Montində…
- Əsas odu ki, maşın öz-özünə sönməsin, akkumlyator güclənir maşın işləyəndə…
Həbib narahatlıqla üzümə baxdı.
- Yarım saat dözsək, hər şey qaydasına düşəcək. Akkumlyator olacaq zver…
- Deyirsən yarım saata Montinə çatmarıq?
- Hardan? Qabaqda tıxac zad olacaq yəqin.
Həbib dinmədi.
Damağındakı siqaretə işarə elədim:
- Az tüstülət o zəhrimarı, Həbib gözlənilmədən itaətkarlıqla siqareti açıq pəncərədən bayıra vızıldadanda məzələndim.- Şəhərimizi zibilləmə…
Yenə susdu. Qəfil yadıma nə isə düşdü:
- Bura bax, nə aparmalıyıq ora?
- Hara?
- Xəstənin yanına da, Rüstəmgilə. Əliboş getmək yaxşı düşməz axı…
- Elədi, - razılıqla başını yırğaladı. – Bazar-dükan görəsən maşını əylə, bir şey alaq…
- Əyləyə bilmərəm…
- Niyə?
- Hələ tezdi, qorxuram motoru söndürəm, işə düşməsin…
Əlini yellədi:
- Eybi yox, onda evinin yanından nə isə alarıq.
Pəncərələrin dördü də açıqdı, sürət artdıqca, içəridə yel vurub yengələr oynayırdı. Təkərlər asfalta dəyirdi, təmasın səsi motorun uğultusuna qarışırdı. Həmin uğultulu və kobud səslər qarışığı yol uzandıqca aramsız musiqi təsiri bağışlayırdı.
Bu dəfə Həbib zarafatyana:
- Bütün maşınlar bizi ötüb keçir ki, ay Əhməd, dedi. – Piyada getsəydik, mənzil başındaydıq.
O saat bəhanə tapdım:
- Onlara nə var, onlar xarici maşınlardı…
Razılaşıb fikirli fikirli:
- Düz deyirsən… Bu «Volqa»ların da bərkgedən vaxtları vardı, yüngülcə köksünü ötürdü. – Dünya əzəldən belə bina olunub, hər şeyin öz dövranı var…

* * *

Nə isə, gəlib çıxdıq Rüstəmin yaşadığı binaya. Maşından düşüb bloka girdik. Həbib liftin düyməsini basıb dedi:
- Lift işləmir ki?
- Neçənci mərtəbədə olur, Rüstəm?
- Səkkizdə…
Bir-birimizdən tuta-tuta, bir-birimizə dayaq verə-verə pilləkənləri qalxmağa başladıq. Üçüncü mərtəbədə dayanıb dincimizi alanda mən zarafata saldım:
- Biz elə pensiyalığıq…
Altıncı mərtəbədə ayaq saxlayanda Həbib dedi:
- Yaxşı ki, unutduq bazar-dükana getməyi. Əliboş güclə qalxırıq, setka-zənbillə yuxarı dırmaşa bilməzdik…
Mən tutuldum:
- İndi necə olsun, axı yaxşı düşməz…
Həbib şuxluqla əlini yellədi:
- Əşi boş ver, Rüstəmin minnəti olsun ki, biz ona dəyməyə gəlmişik.
Nəhayət, gəlib çatdıq Rüstəmin mənzilinin qabağına, içəridən qıy-qışqırıq, hay-həşir gəlirdi, ağız deyəni qulaq eşitmirdi.
- A köpəyuşaqları, bir dinc durun görək, - Rüstəmin səsiydi deyəsən. - Hay-küydən zəngin səsini də eşitmirik…
İçəridən ləngərli addım səsi gəldi və axır ki, qapı açıldı:
- Oho! Əmioğlu… Privet… Rüstəm elə qapının ağzından atıldı Həbibin boynuna. – Gün hardan çıxıb, ilahi…
Həbibdən ayrılıb marçamurçla mənim də üzümdən öpdü və qapını geniş açıb bizi içəri itələdi, guya, elə qapının ağzındaca ona salam verib qaçacaqdıq…
- Gəlin, gəlin, xoş gəlmisiniz… Keçin, qonaq otağına gətirdi bizi. Oturun, Rüstəmin gözləri gülürdü. Əynindəki maykasının üstündən yekə qarnını qaşıya-qaşıya stol arxasında bizimlə üzbəüz əyləşdi. Az Sənəm, ay arvad, hardasan, çay gətir görək, gör bizə kim gəlib, tez elə… arvadından səs çıxmadığını görüb izahat verdi.- Tualetdədi, çıxar indi…
Biz uğunub getdik. O, heç nə başa düşməyib key-key bizə baxdı.
Həbib gülə-gülə:
- Abrın tökülməsin, ay Rüstəm, dedi.
Mən ağzımı Həbibin qulağına yaxınlaşdırıb:
- Budu xəstə? – pıçıldadım. – Biz hara gəlmişik?..
Arvadı tualetdən çıxsa da, utandığından gözümüzə görünmək istəmirdi. Rüstəm səsinin yoğun yerinə saldı:
- Az, nooldun?
Arvadı çay gətirəndə, Həbiblə mən özümüzü saxlaya bilməyib pıqqıldaşdıq. Yazıq arvad özünü tamam itirdi, az qala stəkanlarla dolu sinini əlindən salıb özünü də, bizi də yandıracaqdı.
Rüstəm arvadına kömək eləyib sinidəki stəkanları masanın üstünə düzdü. Arvad çaşdığından utana-utana:
- Bu abırsıza fikir verməyin, qocala-qocala ağlını itirir, - dedi.
Həbib güldü:
- O qoca olanda, biz antik dövrün adamları sayılırıq…
Biz evə girəndə balacalar hay-küy, qıy-qışqırıq salmışdılar, indisə uşaqlar karıxıb susmuşdular, hərəsi bir küncdə gizlənmişdi… Əvəzində biz qocalar aləmi qatmışdıq.
Həbib soruşdu:
- Bunlar kimdi?
Uşaqlar utanıb üzlərini divara çevirdilər.
- Nəvələrimdi də, - Rüstəm dedi. – Ata-anaları kurortda kef eləyir, biz düşmüşük od-alova… - barmağını silkələdi nəvələrinə, - bax, sakit dayanmasaz, - Həbibi göstərdi əşyayi-dəlil kimi, - baba duduşunuzu kəsəcək.
Bu dəfə mən güldüm, Həbib də mənə qoşulub:
- Bəsdi, qorxutma uşaqları… - gülə-gülə dedi.
Uşaqlar bir-birini itələyə-itələyə tez-tələsik qonşu otağa qaçdılar…
Mən dilimi dinc qoymadım:
- Qoca vaxtında Rüstəm yaxşı sənət tapıb sənə, ay Həbib…
Rüstəmin arvadı əlində təmiz, ütülü süfrə çaşqın-çaşqın otağa girib:
- Siz Allah bağışlayın, -dedi. – Bu sərsəm qoca o qədər boş-boş danışıb məni karıxdırdı ki, stola təzə süfrə salmağı unutdum…
- Ehtiyac yoxdu, - Həbib dedi.
Mən onun sözünə qüvvət verdim:
- Narahat olmayın…
- Elə şey olar? Arvad, mən stolun üstündəkiləri kitab şkafının rəflərinə düzərəm, sən süfrəni dəyiş.
Nə isə, süfrəni də dəyişdik, arvad yenə nigarançılıqla ərinə baxırdı, nə isə demək istəyirdi sanki, lakin ürək eləmirdi.
- Nolub, ay arvad, sözlü adama oxşayırsan? – Rüstəm arifmiş, arvadının narahatlığını duyub məsələni o dəqiqə çürütmək istədi. – Gəl otur görüm…
Qadın əyləşməyib ərinə qaş-göz elədi:
- Bir bəri dur da, ay pir olmuş…
- Yerimnən qalxan deyiləm, nə deyirsən de, mənim əmioğlumdan, onun qardaşından gizlin işim yoxdu…
Arvad əlini ağzına apardı:
- Buy, Allah eləməsin, Həbib müəllim ağsaqqalımızdı… Deyirəm, bankanı neyləyək?
- Qoy qalsın, sən yemək tədarükü gör, bankanı sonra qoyarsan. Axşamüstü…
- Nə banka? – Həbib soruşdu.
- Üstünüzə sağlıq, bir az soyuqlamışam. Yəqin kondisionerin qabağında soyuq dəyib mənə. Sinəm yanır, kürəyim quruyub… Siz gəlməmişdən arvad banka qoymaq istəyirdi mənə…
Mən dedim:
- Siz işinizdə olun, biz indi gedirik…
- Elə şey olar, kimdi sizi buraxan?- Rüstəm incik-incik deyib arvadına baxdı. - Get xörək hazırla, araq gətir, tez elə…
Arvad itaətkarlıqla mətbəxə cumdu.
Həbib dedi:
- Bu yaşda araq içəcəyik?
Rüstəm vecinə almadı:
- İçkiyə zor yoxdu. Siz içməzsiz, mən özüm vuraram. Ancaq sizin gəlişinizi hökmən qeyd eləməliyik…
- Bəlkə lazım deyil, hə? – Həbib çayını qabağına çəkdi. – Nahaq əziyyətdi…
- Sənlik deyil, əmoğlu, üz vurma… Çayınızı için…
Çay süfrəsi arxasında ordan-burdan danışdıq, birdən Rüstəm susub diqqətlə Həbibə baxdı:
- Əmoğlu…
- Bəli… - deyəsən nədənsə, Həbibin dalağı sancdı.
- Xətrinə dəyməsin… Belə… Bayaqdan içimi yeyirəm… Deyə də bilmirəm…
- Nə məsələdi?- diqqət kəsildik.
- Belə… - Rüstəm yenə mızıldanıb susdu.
- De görək, nə deyirsən, - Həbibin hövsələsi daraldı. – Ürəyimizi çəkdin…
- Şəklənirəm e, ay əmoğlu…
- Nədən?
- Sizin qəfil gəlişinizdən…
Həbib gülümsənib rahat-rahat köksünü ötürdü. O, mənə baxdı, mən ona və bir ağızdan:
- Elə özümüz gəlmişik, - dedik. – Burdan keçirdik…
Day Rüstəm ucundan tutub ucuzluğa getmədi və ürəklə:
- Ləp əcəb eləmisiniz, - dedi.
Bir istəmirəm, bir də yemirəm deyəndən qorx. Rüstəmin arvadı yaxşı süfrə açdı. Biz tost dedik. Rüstəm içdi. Nəvələr də gördü ki, biz sünnət ustasına oxşamırıq, başladılar hay-küyə, aləmi bir-birinə qatmağa. Yəqin yeməklə araları yoxdu, uşaqlarınkı qaçmaqdı, tullanmaqdı, qışqırıb haray salmaqdı… Onlara yemək, su, çörək vermə, oyun-oyuncaq ver… Eh, biz qocalar da yaşlandıqca uşağa dönürük.

* * *

Rüstəmgildən çıxandan sonra Həbib çox dil tökdü ki, narahat olma, sən get, razı olmadım. Çək-çevirə son qoymaq üçün dedim ki, bu nədi qonaq-zad istəmirsən?
Mat-mat üzümə baxdı:
- Bizə gedirsən?
Başımı yırğaladım:
- Hə…
Qımışıb qoluma girdi:
- Aldatma, fırıldaqçı qoca…
Mən də güldüm.
- Nə deyirsən de, səndən əl çəkən deyiləm, aparacam səni evinizə…
Kefimiz kök idi, zarafatlaşa-zarafatlaşa, deyib gülə-gülə gəldik Həbibgilin həyətinə. Binanın qabağındakı kölgəlikdə motoru söndürdüm.
- Qalxırsan yuxarı?
- Yox. Tez getsəm yaxşıdı. Qaranlıq düşəndə yaxşı görmürəm. Maşın sürə bilmərəm…
- Ötürüm səni?
- Yaxşı fikirdi, qalan ömrümüzü bir-birimizi ötürə-ötürə başa vurarıq… Rəna bacıya salam de…
- Deyərəm.
O, maşından düşmürdü. Həbiblə dostluq eləyəndə gərək səbrli olasan, ümumiyyətlə, bütün ciddi dostluqların qorunub saxlanması adamdan səbr, bir az da müdriklik tələb eləyir. Yəqin bu səbrin və müdrikliyin nəticəsiydi ki, mən ürəyimdəkiləri demirdim, dilimin ucundan qaytarırdım beynimdən keçənləri ki, dünən gecə başıma gətirdiyin həngamə nə idi, ay rəhmətliyin oğlu? Hardan ağlına gəlmişdi ki, Rüstəm ağır xəstədi? Necə açıb ağardım bunları? Nə deyim, necə deyim? Ağzında qoca deyirsən. Qoca o deməkdi ki, təkcə bir adam ömrünün son mərhələsinə çatmayıb, onun ürəyi, gözünün işığı, beyni, əli, ayağı da axır qüvvəsi ilə çarpışır, gücdən düşüb. Qonağın xətrinə dəyməzlər. Qocalar bu dünyada beş-üç günlük qonaqdı axı… Kor kora kor deməsə bağrı çatlıyar…
- Gedirsən?
- Gedirəm…
- Ehtiyatla sür, evə çatan kimi mənə zəng vur, bilim sağ-salamat çatmısan…
- Yaxşı, arxayın ol, zəng eləyərəm…
- Yaxşı yol…
Həbib maşından düşdü, mən motoru işə salıb maşını yerindən tərpətdim. Güzgüdən gördüm ki, dayanıb maşının arxasınca baxır…


* * *

Həbib kişi liftin düyməsini basmaq istəyəndə dik atıldı. Bədənindən cərəyan keçdi elə bil. Bir anda kürəyini soyuq tər basdı. «İlahi, sağ əlimi Rüstəmin sol çiyninə qomağı unutdum»… Əlbəttə, geri qayıdıb səhvini düzəldə bilərdi, ancaq hansı bəhanə ilə? Bəlkə elə köntöy, bəhanəsiz-filansız Rüstəmgilə gedib, əmoğlusunu qucaqlayıb sağ əlini onun sol çiyninə qoyaydı? Vəssalam-şüdtamam… Və dinməz-söyləməz dönəydi geri… Onsuz da Rüstəm sərxoşdu, onun hərəkətlərini mehribançılığla, istiqanlılığa yozacaqdı. Bəs Rüstəmin arvadı? Üzünə deməsə də, ürəyində fikirləşəcəkdi ki, Həbib kişi xərifləyib. Əşi, kim nə fikirləşir cəhənnəmə-gora fikirləşsin! Gözümün qabağında nər kimi əmin oğlu əldən gedir, daha nə nala-mıxa vurmaq? Ələyi ələnib xəlbiri göydə fırlanan mərd-mərdanə Əzrayılın gəlişini gözləyirdisə, bəndələrin dedi-qodusundan çəkinmək gülüncdü.
Həbib müəllim ürəyində özü ilə danışa-danışa bir də ayıldı ki, liftə minməyib, pilləkəni pay-piyada qalxıb və mənzilinin qapısının qabağında dayanıb. Əlini qapının zənginə atmasıyla açılması bir oldu. Sanki arvadı qapının ağzında dayanıb ərinin gələcəyini gözləyirmiş.
Həbib müəllimin dalağı sancdı:
- Nolub, ay arvad, qanın qaradı…
- İndicə Rüstəmin arvadı zəng eləmişdi, - Rəna qarı ağlamsınsa da, özünü ələ almağa çalışdı. – Qorxma, qorxma, ay kişi, keç içəri, - qarı qapının ağzından çəkildi. – Hər şey yaxşıdı, şükür Allaha… Ancaq olacağa çarə yoxdu…
Həbib müəllim özünü tox tutub içəri girdi, ayaqqabılarını çıxartdı, başmaqlarını geyinib qonaq otağına keçdi. Qarı mütiliklə ərinin dalınca gəldi.
- Nolub, arvad, sözlü adama oxşayırsan…
- Əyləş, əyləş, özünü qorxutma, nəfəsini dər, - qarı əl-ayağa düşüb ərinin qolundan tutdu və ehmalca divanda oturtdu.
- Sən elə danışırsan adamın zəhri yarılır, de görüm, nə xəbər var?
Qarı ərinin başının üstündə dayanmışdı, ərinin qolundan bərk-bərk tutmuşdu, elə bil qorxurdu ki, əri həmişəlik qaçıb gedər.
- Rüstəmin arvadı zəng eləmişdi indicə…
- Onu dedin də… Mən də Rüstəmgildən gəlirəm…
- Arvadı dedi…
- Ayrı nə var ki?
- Rüstəmə soyuq dəyibmiş. Sizdən sonra arvadı Rüstəmi bankalayıb…
- Noolsun?..
- Rüstəm elə banka kürəyində…
Həbib müəllim səbirsizliklə çığırdı:
- Banka kürəyində nə?!
Arvadı dərindən nəfəs aldı:
- Elə banka kürəyində canını tapşırıb…
- Nə danışırsan? – Həbib kişi qeyri-ixtiyari yerində qurcalanıb qalxmaq istədi. Ancaq arvadı imkan verməyib onun çiyinlərindən möhkəm-möhkəm aşağı basdı. Heç vaxt ağlına gətirməzdi ki, arvadı belə güclüymüş və qoca arvadının gücünə tabe olub istər-istəməz divana yayxandı.
- Allah rəhmət eləsin, - qarı ərini Rüstəmin ölümünə tamam-kamal inandırmaq üçün son nöqtəni qoydu.
Həbib kişi özündə-sözündə deyildi. Ona görə yox ki, ölüm, əmioğlusunun ölümü onu sarsıltmışdı. Şübhəsiz, burası da danılmazdı, ancaq onun ağlını başdan eləyən əmisi oğlunun ölümü ilə bağlı gördüyü yuxuydu. Ölüm gözlə qaşın arasındadı. Yox, yalandı, hər şey qabaqcadan yazılıb. Belə deyiləydi gərək dəqiqlikdən ötrü: «Qabaqcadan yazılan ölüm gözlə qaş arasındadı». Get dayan güzgünün önündə. Diqqətlə bax gözlə qaş arasına. Gördüyün göz qapağı olacaq. Deməli, ölüm göz qapağının ya altındadı, ya üstündə… qaşdan aralıdı, gözə yaxın. Daha dənizdə, neft daşlarında, buruqlarda işləmirdi, təqaüdə çıxmışdı, bəs görəsən otaq niyə ləngər vururdu, qağayıların səsi hardan gəlirdi, ləpələr niyə həzin-həzin yellənib dənizə laylay çalırdı? Gözünün qabağına niyə apaydın, buludsuz səma gəlirdi? Deyəsən, dalğalar güclənmişdi, ləpələr duzlu suyu onun üz-gözünə vurmuşdu, Allah xeyirə calasın, fırtına başlayırdı nədi?
- Ay kişi, özünə gəl, xəstə adamsan, - arvadı onun seyrək saçlarına əl gəzdirdi, kürəyini ovuşdurdu. – Sən Allah, fikir eləmə, yazıya pozu yoxdu, hərənin öz vaxtı-vədəsi var, biz nəkarəyik, əlimizdən nə gəlir?
«Yenə yazı? Əlimizdən çox şey gəlir, arvad, çox şey gəlir, intəhası, eləmirik, əl-qolumuzu sallayıb gözləyirik»… Yaşının, sininin ahıl çağlarında çox ölüm-itim, çox itki görmüşdü. Lakin heç kəsin ölümü onu bu qədər yandırmamışdı. Ona elə gəlirdi ki, Rüstəmin ölümünün səbəbkarıdı. Rüstəmi xilas eləyə bilərdi. Eləyə bilərdi, eləmədi...
- Su… - sir-sifəti, üz-gözü su içində olsa da dodaqları qurumuşdu.
Qarı əl-ayağa düşdü:
- Bəlkə çay gətirim?
- Su… - o, ölgün-ölgün təkrarladı.
Arvad mətbəxə qaçdı. Tez də əlində bir stəkan su qayıtdı.
Telefon zəng çaldı. Rəna könülsüz-könülsüz və bu dəfə ağır-ağır gedib dəstəyi götürdü, ərini tək qoymaq istəmirdi. Bir azdan qarının başı qonaq otağının qapısında göründü, telefonun dəstəyini ovcuna sıxmışdı.
- Əhməddi… danışırsan?
Həbib kişi divanda qurcalanıb:
- Hə, - dedi. – Telefonu gətir bura, - deyəsən, su kişini ayıltmışdı, dirçəltmişdi.
Əhmədin səsi gur və gumrahdı…
- Həbib, nigaran qalma, gəlib çatdım, bağdayam…
- Lap yaxşı…
Əhməd arifdi, o saat şəkləndi:
- Nolub? Səsin birtəhər gəlir…
- Rüstəm rəhmətə getdi…
Əhməd qulaqlarına inanmadı:
- Hansı Rüstəm?
- Əmim oğlu…
- Elə şey olmaz!..
- Oldu…- qəhər Həbib müəllimi boğdu.
Əhməd dərindən köksünü ötürdü.
- Allah rəhmət eləsin…
Həbib müəllim güclə:
- Ölənlərin behiştlik…- deyib telefonun dəstəyini arvadına verdi.

* * *

Demə, rəhmətlik Rüstəmin ürəyi şıltaqlıq eləyirmiş, bu başıbatmış da elə hey gileylənirmiş ki, mənə soyuq olub, kürəyim quruyub, sinəm yanır. Vaxtında özünü düz-əməlli bir həkimə də göstərməyib. Elə biz gedən kimi arvadı bankaları küpəyib yazığın kürəyinə. Rüstəm də elə kürəyində banka canını tapşırıb. Arvad da tez bizə zəng eləyib, qonum-qonşuları haraylayıb. Amma nə faydası? Ölən öldü, torba doldu. Ondan sonra istəyirsən külli-aləmi köməyə çağır. Bizləri canımıza baxmamaq, canımızın qədrini bilməmək, sağlamlığımızın qeydinə qalmamaq öldürür. Sonra da and-aman eləyirik ki, yazı belə gəldi, əcəl belə getdi, taledən qaçmaq müşküldü. Heç kəs mərdi-mərdanə demir ki, elə bizim özümüzdə də az yoxdu. Hərə bir dərdlə gedir, Əzrayılın adı bədnamdı. Gərək Əzrayıl yazıq qapını döyəndə, heç olmasa gözlükdən baxıb başına çarə qılasan. Yoxsa Allahdan buyruq, ağzıma quyruq deməklə, harda qırılar-qırılsın düşüncəsiylə elə birbaşa Əzrayılın qucağına düşmək mümkündü. Ayrı yerə yox! İstədiyin yar idi, yetirdi pərvərdigar! Yarın da soyuq məzar, boz torpaq… Boz və üzü bərk torpaq… Torpağın üzü bərk olmasaydı Həbib kişi Rüstəmin ölümünü sakitcə Əhmədlə götür-qoy eləyə bilməzdi. Nədən ölüb, necə ölüb, niyə ölüb? Əsas ölümü qəbul eləmək, ona inanmaq və növbəti dəfə ölümə uduzmaqdı… Sonrası lap rahat keçəcəkdi, get-gedə daha da asanlaşacaqdı…
Daş olsaydım əriyərdim, torpaq idim, dayandım… Bəzən insan ürəyi də üzüboz torpağa bənzəyir…


* * *

Rüstəmin yeddisi təzəcə çıxmışdı ki, Həbib müəllim yenə həmin yuxunu gördü. Elə şablon kimi, tamamilə həmən təkrardı. Bircə «qəhrəman» fərqliydi. «İki gündən sonra baldızın rəhmətə gedəcək. Sağ əlini onun sol çiyninə qoysan, baldızına möhlət veriləcək»…
Yuxudan oyananda əhvalı pozulsa da, əvvəlki süstlükdən, narahatlıqdan əsər-əlamət yox idi. Öyrəncəli olmuşdu deyəsən. Ancaq qəfil ağlına gələn fikirdən əti ürpəndi, tükləri biz-biz oldu. “İlahi, birdən belə yuxunu lap yaxınlarım haqqında görsəm, neylərəm?”... Tez də beynindəki sualın cavabını tapdı. «Özümü öldürərəm yəqin»… Düzdü, yuxuda gördükləri də yad deyildi, həmin adamların itkisi Həbib müəllimi yandırırdı, ağrıdırdı. Ən çox ona görə ki, həmin ölümlərdə özünü günahkar sayırdı. Amma yaxşı deyiblər ki, qardaş getdi yanımdan, övlad getdi canımdan… Bacanaq, əmoğlu, baldız… Get-gedə dairə daralırdı.
- Niyə bikefsən, ay kişi? –qarı çay süfrəsi arxasında qocanı diqqətlə süzüb soruşdu. – Nə olub yenə?
Həbib kişi dərindən köksünü ötürdü:
- Belə getsə, qohum-əqrabamız qırılıb qurtaracaq.
- Uy, iraq olsun… Ağzını xeyirliyə aç, ay kişi…
- Day xeyirdən keçib, arvad…
- Sən Allah, özünü üzmə, gələn – getməlidi, ölənnən ölmək olmaz…
Qoca söhbəti dəyişdi:
- Bacın nə təhərdi?
Qarı şəkləndi:
- Nə olub ki?
- Heç… Elə-belə soruşuram…
- Dünən zəng vurmuşdum…
- Necəydi?
- Babat… - arvad ərinin üzünə baxdı. – Sözlü adama oxşayırsan… Nə isə olub?
Həbib kişi baxışlarını qaçırıb gülümsündü:
- Nə ola bilər axı?.. Sözgəlişi soruşdum…- qısaca ara verdi. – Bu gecə bacını yuxuda görmüşəm…

* * *

Yaxşı ki, baldızı rəhmətə gedəndə arvadı yuxu söhbətinə qayıtmadı, unutduğundanmı, başını itirdiyindənmi, hər nəydisə olub-keçənləri açıb-ağartmadı. Arvadı elə cavanlıqdan yola gedən, odun üstünə su tökəndi. Qanqaraçılığı, yerli-yersiz dava-şavanı, dedi-qodunu xoşlamazdı. Bir sözlə, Həbib müəllim arvad yox, doşab almışdı və həmin doşab bal çıxmışdı. Bir də ki, indi arvad köhnə palan içi eşəcək halda deyildi, yarası dərindi. Rüstəmin ölümü ona bir elə təsir eləməmişdi. Düzü-düzünə də beləydi, üstünü vurdun, vurmadın hər şey göz qabağında idi. Rüstəm kim idi? Ərinin əmisi oğlu. Çaydan keçəndə dal-dala dəymə məsələsi. Rüstəm ona yeganə bacısından yaxın ola bilməzdi. İtki də od-alov kimidi, nə qədər yaxın, doğmadısa, o qədər bərk yandırır. Allah uzaq eləsin, şər deməsən xeyir gəlməz, görək baldızının dalınca kimlər gələcəkdi. Daha doğrusu, kimlər gedəcəkdi…
Amma gözlədiyinin əksinə oldu, baldızının arxasınca elə baldızı gəldi. Ağ kəfəndə sir-sifəti, çöhrəsi də ölü rəngi kimi bəmbəyaz. Ağ saçları pırttaşıq və dağınıq. Baxışları da heç nə ifadə eləməyən, ölgün. Təkcə səsi diriydi, canlıydı, qətiyyətliydi. O səsin vahiməsindən, hirs-hikkəsindən Həbib kişi neçə gün özünə gələ bilmədi. Söz yox ki, yuxuda gördüyü baldızı idi, səs də onun səsi idi, amma o səs çox uzaqlardan axırdı, axarın qabağını gözəgörünməz qalın divar kəsmişdi. Bəlkə də divarın aralarında olması xeyirliyəydi. Çünki divarı aşan, divarı keçən səsin vahiməsi iliyinə işləmsişdisə, divar olmasaydı, yuxu görənin halı ağlasığmaz dərəcədə pisləşəcəkdi. Vahimədən yüz qat o yana! Doğru deyiblər ki, ən dərin yara söz yarasıdı, üstəgəl o dünyadan üzü bəri göndərilən ismarıc! Bəlkə də o divar elə dünyalar arasındakı səddi, sərhəddi… O sərhəddi, o səddi ayrı cür keçmək olmaz. Qılınc-qalxanın, topun-güllənin, gücün-qüvvənin keçə bilmədiyi maneəni, səddi söz dağıdarmış… Yuxudan ayılandan sonra da həmin səs qulağını cingildədirdi, beynindən təkrar-təkrar keçirdi. Xudaya, sözlər də, kəlmələr də canlanıb zabitəli ola bilərmiş. Ölünün, dünyasını dəyişənin bədəni, hissi, duyğusu səsinə hopmuşdu, səsində dirilmişdi, səsi canlanıb ətə-qana dolmuşdu. Səsin o cür diri, sözlərin, kəlmələrin o cür canlı çıxması üçün ölmək lazımmış…
«Məni niyə ölümdən qurtarmadın?» - bu kəlmələrdə zərrəcə xahiş-minnət, yalvarış yoxdu, əksinə amiranəlik və sonsuz hirs-hikkə vardı. Özü də həmin kəlmələr elə yuxudaca təkrar-təkrar səsləndi, səsləndikcə daşa-divara dəyib qayıdırmış kimi təkrar-təkrar əks-səda verdi. Amma ətrafda daş-divar nəydi, heç nə yoxdu, boşluqdu, gümüşü rəngli boşluq. Gümüşü boşluq…
Aralarındakı divarsa, gözəgörünməzdi. Bəlkə baldızının kəlmələri aralarındakı o gözəgörünməz boşluğa dəyib əks-səda verirdi? Həbib kişi heç nə aydınlaşdıra bilmirdi, heç nə ayrıd eləyə bilmirdi, ancaq anlaşılmaz heç nələrin içindən fəhmən nələrisə sezmək mümkün idi. İlk ağlına gələn Həbib müəllimin içini, varlığını elə tərpətdi, onu elə diksindirdi ki, kişi bir müddət hərəkətsiz elə oturduğu divandaca quruyub qaldı. Deyəsən, ölümdən qurtarma yuxuları onun özünü sınamaq üçünmüş, onun özünə bir imtahanmış. O, istəsəydi də, can atsaydı da, sağ əlini o dünyaya addımlayanların sol çiyninə qoya bilməzdi. Qoysaydı nə olacaqdı, nələr baş verəcəkdi, ayrı məsələdi. Amma qoya bilməzdi, vəssalam!.. Sağ əli quruyub yanına düşərdi, əlini Əzrayıl başının üstünü alanın çiyninə qoyan dəm özü o dünyalıq olardı, Əzrayıl onun özünü xirtdəkləyərdi. O sirr ki, Həbib kişiyə yarıqaranlıq da olsa açılmışdı, bunun özü mizan-tərəzinin pozulmasıydı, icazəsizdi, iznsizdi. İcrasısa nəzarətdəydi, müşküldü, qeyri-mümkündü. Çünki işdi-şayəd sağ əlini Əzrayıl boğazına sığal çəkənin sol çiyninə qoya bilsəydi, yarıqaranlıq sirlər də öz-özünə açılacaqdı. Adəm övladı üçün hələlik qadağan olunan sirlər… Hansı qüvvəsə tabunu yüngülcə laxlatmışdı. Ancaq ya dərinə getməyə gücü çatmamışdı, ya da vaxtından qabaq hərəkət elədiyini anlayıb geriləmişdi. Daha böyük qüvvələr ona göz ağartmışdılar. Ağır otur, batman gəl!
Bəlkə ardını da görəcəkdi, hələ çox qohum-qardaşı o dünyaya yola salacaqdı? Sonrakı yuxularda ayrı sirlərdən agah olacaqdı. Kim bilir… Lakin burası elə divanda əyləşib siqaret tüstülədə-tüstülədə dərin-dərin fikrə gedən qocaya gün kimi aydındı ki, gərək yuxunu danışmayasan. Yuxu yuxarılardan ayrı-ayrı bəndələrə göndərilən işartıdı. Onun açıqlanması məsləhət olsaydı, məxfi yollamazdılar. Ən azı insanın yaxınları da oyananda onun gördüyü yuxudan xəbər tutardılar. Yuxunu danışmaq adicə qonum-qonşunun, tanış-bilişin sirrini faş eləmək deyildi, yuxarıdan xəbər yollayanın göndərdiyini aləmə car çəkməkdi. O sirrin göndərənə aidiyyatı yox idi, göndərilənə dəxli, isti-soyuğu vardı. Yuxuda göndərilənlər bəndələr üçün bir sınaqdı. Görək bu adam heç olmasa öz sirrini saxlaya bilir, ya yox? Gördüyü və düz-əməlli baş çıxarmadığı vaqeəni külli-aləmə yayandan başqa nə gözləyəsən? Beləsinə niyə, nə səbəbə dərin sirlər açasan? Dayazda üzə bilməyənin, dərinlikdə nə azarı? Qoy elə hər şeydən xəbərsiz fırlansın, fırlansın, fırlansın… və ölüb getsin. Ta qədimlərdən zərgər dəqiqliyi ilə deyilib: «Yuxunu danışmazlar»... Həbib kişi də yuxusunu heç kəsə danışmamışdı, sirrini heç kəsə açmamışdı. Deməli, sınaqdan üzüağ çıxmışdı, hələ nələrsə göndərilə bilərdi ona, qapqaranlıq sirlər yüngülcə bəyazlaşardı və qaramtıl bəyazlıqda nələrisə ayrıd elyib özü ilə o dünyaya aparardı…
… Yuxular Adəm övladlarına ona görə gizli göndərilir ki, bizlər röyanı ona görə yoza bilmirik ki, göndərən bizim ağzıyırtıqlığımızdan agahdı. Bu səbəbdən yuxular anlaşılmaz kodlarla dolu olur. Yoxsa yuxu, röya, vaqeə apaydın göndərilərdi, yuxuyozmaya-filana ehtiyac qalmazdı…
Həbib də dözə bilməyib yuxularını mənə danışdı və üç gündən sonra rəhmətə getdi. O gündən səksəkəli yatıram, elə bilirəm onu yuxuda görəcəm. Amma hələ ki, yuxuma girmir. Bəlkə də buna lüzum görmür, çünki tezliklə özüm rəhmətliyin yanına gedəcəm.

2007

Davamı